YAP-ın təşkilat sədri işdən çıxarıldı
Az öncə Dövlət İqtisad Universitetində tələbələrlə iş üzrə prorektor təyin edilən Səadət Qəndilova yeni vəzifəsində YAP universitet təşkilatının sədri Zəfər Bayramovu əvəzləyib.
Məlumata görə, yeni rektor Ədalət Muradov Zəfər Bayramovun icra etdiyi İctimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektor vəzifəsini ləğv edib: “Yeni rektor “İctimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektor” vəzifəsinin səlahiyyətlərindən “ictimaiyyətlə” sözünü çıxardı. Daha sonra isə Hazırlıq fakültəsinin dekanı, iqtisad elmləri namizədi və Menecment kafedrasının dosenti Səadət Qəndilovanı tələbələrlə iş üzrə prorektor təyin etdi. Onun təyinatında maraqlı gedişlərlə yanaşı, keçmiş rektor Şəmsəddin Hacıyevin bir neçə “söyüşlü-davalı qrup toplantı”larında iştirakı haqda da informasiyalar var…”
Verilən məlumata görə, Zəfər Bayramov keçmiş rektor Şəmsəddin Hacıyevin ən etibarlı adamlarından olub: “Şəmsəddin Hacıyev tarix elmləri namizədi Zəfər Bayramovu həm İctimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektor, həm də YAP-ın universitetdəki özək təşkilatına sədr gətirdi. Zəfər Bayramov həm də keçmiş rektorun rəhbərlik etdiyi Beynəlxalq Münasibətlər kafedrasının dosenti olmaqla, onun ən sadiq tərəfdarlarından idi. Görünür, bu amil də onun hazırkı karyerasına təsir edib”.
Bildirilir ki, Ə.Muradov yaxın günlərdə Z.Bayramovun YAP-ın universitetdəki təşkilatının sədri postundan da uzaqlaşdıracaq: “Artıq yeni rektorun hakim partiya təşkilatına namizədi də müəyyənləşdirilib”.
Yeri gəlmişkən, onu da qeyd edək ki, yeni prorektor S.Qəndilova Prezident yanında İdarəçilik Akademiyasının sabiq rektoru, mərhum Seyfəddin Qəndilovun bacısıdır(mia.az).