Yaşasaydı, bu gün 44-cü doğum günü olacaqdı… Amma olmadı. Bu il də 42 yaşında qaldı. İllər keçəcək, tanıdığı hər kəs qocalaq. O isə dünya durduqca 42 yaşında qalacaq, heç qocalmadan. Bəlkə həmişə cavan qalmasını elə tanrı özü istəyib? Bilmirəm ki…
Uzman neyrocərrah, hərbi həkim Azər Əkbərovu dərin minnətdarlıq və sevgi ilə anırıq…
İlk dəfə haqqında həmkarı Dr. Anar Rəhimovdan eşitdim. “Ən yaxşı həkimi çəkmək istəyirsənsə, bir neyrocərrah var, Azər adında. Onu danışdır. Məndən qat-qat yaxşı mütəxəssisdir”,- demişdi. Axtarıb tapdım bu həkimi. Müsahibə təklif etsəm də, nəzakətlə imtina etdi. Barəsində maraqlananda o, çox təvazökardır, özü haqqında danışmağı heç sevməz dedilər. Mən də razılaşdım.
Tam bir il sonra vəziyyətinin ağırlaşdığını eşitdim. Xərçəng xəstəliyindən əziyyət çəkirmiş, həm də 35 yaşından.
Azər Əkbərovla əyani tanış olmaq, onu özündən tanımaq mənə qismət olmadı. Daha doğrusu, gecikdim… Amma həmkarlarının, dostlarının, xəstələrinin dilindən onu öyrənməyə çalışdım. Bu gün sizə tanıdıqca heyran olduğum, heyran qaldıqca da daha çox heyfsləndiyim mükəmməl həkim Dr. Azər Əkbərov haqqında danışacağam.
***
Azər Əkbərov 1979-cu il aprelin 26-da Bərdə şəhərində doğulub. 1996-cı ildə Azərbaycan Tibb Universitetinə daxil olur. 2000-ci ildə ali təhsil müəssisəsinin nəzdində Hərbi tibb fakültəsi açılır və o, fakültənin ilk 25 tələbəsindən biri olur.
Dr. Elnur Əkbərov (A.Əkbərovun tələbə yoldaşı, ehtiyatda olan hərbi həkim):
“Bu 25 nəfərin içində Azər sözün hər mənasında seçilən tələbə idi. Həm ali məktəbə qəbul balına, həm də dərs davamiyyətinə görə fakültənin birincisi idi. Hər kəsin qəbul etdiyi bir amil vardı. Azər savadlı və haqqın tərəfdarı insan idi. O, düzünü deyər və düzgün bildiyi işi görərdi. Kiməsə nəyəsə görə boyun əyməzdi. Bu da onu fərqli edir və sevdirirdi ”.
Azər Əkbərov 2002-ci ildə Hərbi tibb fakültəsini bitirərək orduda hərbi həkim kimi xidmətə başlayır. 2009-cu ildə Türkiyə Republikasının Gülhanə Hərbi Tibb Akademiyasına daxil olur. 2014-cü ildə neyrocərrahiyyə üzrə uzmanlıq dərəcəsini qazanır və 2014-cü ildə vətənə dönərək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında xidmətə davam edir.
Dr. Anar Rəhimov (A.Əkbərovun dostu, ehtiyatda olan hərbi həkim):
“Ümümqoşun Ordunun həkiminin vəzifəsi postları bir-bir gəzmək idi. Azər hamısına tək gedərdi. Adətən, həkimin yanına o bölgədə xidmət edən, oranı tanıyan bir bələdçi əsgər verilərdi. Çünki minalanmış ərazilər vardı. Amma Azər heç vaxt yanında əsgər aparmazdı. Səbəbini soruşanda, “Birdən əsgərin başına iş gələr”, – deyərdi. Azər bu qədər məsuliyyətli insan idi”.
Dəfələrlə qüsursuz xidmətinə görə təltif olunan Azər Əkbərov Aprel döyüşlərində də çox sayda yaralıya kömək edir. 2015-ci ildə səhhəti ilə əlaqədar tibb xidməti mayoru rütbəsi ilə ordu sıralarından tərxis olunur.
Dr. Anar Rəhimov : “Doğuşdan hərbçi idi. Əgər xəstəliyi olmasaydı, hərbidən qəti şəkildə ayrılmazdı. Çox sadiq adam idi. O, bu şəkildə baxırdı: məni ordu yetişdirdi, təhsil verdi və “Gülhanə”yə göndərdi. Orduya borcluyam. Hətta Azər bilsəydi ki, hərbidən ayrılıb mülki həkim kimi fəaliyyət göstərsə, daha çox tanınacaq və rifah içində yaşayacaq, yenə də ordudan ayrılmazdı”.
Azər həkim 2021-ci il oktyabr ayına qədər özəl xəstəxanaların birində fəaliyyət göstərir. Ona kasıbların həkimi də deyirdilər. İmkansız xəstələri pulsuz əməliyyat edər, heç bir maddi təmənna ummazdı.
Ləman Əkbərova (A.Əkbərovun həyat yoldaşı):
“Kasıb xəstələrindən pul götürməzdi. Bir dəfə dedi ki, əməliyyat edəcəyim pasiyent taksi sürücüsüdür. Pulu olmadığı üçün məcburdu maşınını satsın. Mən buna necə razı ola bilərəm? O maşınla dolanır, satsa, bəs necə işləyib ailəsinə baxacaq? Həmin xəstəni pulsuz əməliyyat etdi. Belə təmənnasız müalicə etdiyi çox insanlar olurdu. Onun üçün əsas xəstənin sağalması idi”.
Şəmsiyyə Abbasova (A.Əkbərovun pasiyentinin bacısı):
“Qardaşımın başında şiş vardı. Başqa neyrorrahlar 10 min manat pul istəmişdilər. Bizim də o qədər imkanımız yox idi. Çarəsiz halda Azər həkimə müraciət etdim. Söhbət pula çatanda dedi ki, nə pul? Pul haqqında düşünməyin, qardaşın təcili əməliyyat olunmalıdır. Mənə xəstə lazımdır, xəstəni gətirin. Yeni il günü Azər həkim qardaşımı təmənnasız əməliyyat etdi”.
Nərmin Bədəlova (A.Əkbərovun pasiyentinin qohumu): “Qohumum qəza keçirdi, beyin əməliyyatı lazım idi. Axşam saat 10-da Azər həkimə zəng etdim. Dedi ki, ad günümdür, evdə qonaqlar var, sizinlə əlaqə saxlayacağam. Bir saat sonra Azər həkim mənə zəng etdi ki, xəstəxananın həyətindəyəm. O, doğum günü evdə qonaqlarını qoyub gəlmişdi. Belə insan idi Azər həkim! Bizdən nə pul götürdü, nə də hədiyyə ( ağlayır)”.
Azər Əkbərov özü ağır kimyaterapiyalar qəbul etdiyi günlərdə belə xəstələrini çarəsiz qoymaz, canı ağrıdığı halda da yenə işinə davam edirdi. O, ən son əməliyyatını ölümündən 38 gün əvvəl icra edərək 54 yaşlı xəstəni həyata qaytarır.
Dr. Rəşad Şolan (A.Əkbərovun iş yoldaşı): “Azər fərqli insan, fərqli həkim idi. Çox ağrı çəkdi. Heç vaxt unuda bilmərəm ki, özü xəstə olduğu halda ona üz tutan insanları geri çevirə bilmirdi. Pasiyentə yardım etməkdən başqa da bir məqsədi yox idi. Özü kimyaterapiya alandan sonra iki mərtəbə aşağı enib əməliyyat edirdi. Əməliyyat etdiyi müddətdə sanki tam sağlam adam idi. Halbuki ürək bulantıları, bədənində ağrılar olurdu. Amma onda fərqli bir ruh vardı. O ruhla əməliyyatı yenə də yüksək səviyyədə icra edib sonra pərişan halda çıxıb gedirdi”.
Dr. Anar Rəhimov (A.Əkbərovun dostu, ehtiyatda olan hərbi həkim): “Ölümündən bir gün əvvəl idi. Xəstəsi zəng etdi. Zəngi açıb pasiyentinə istiqamət verdi. Soruşdum ki, bu halınla xəstə ilə danışırsan? Cavabı bu oldu: “Xəstə mənim namusumdur. Mən o xəstə üçün oxumuşam, imtahanlar vermişəm, “Gülhanə”də təhsil almışam. Nəyim varsa, o xəstənin hesabınadır. Xəstə hər şəkildə haqlıdır, istədiyi vaxt da zəng edə bilər. Elə demə”.
Azər Əkbərov yüzlərlə insanı ölümün pəncəsindən xilas etsə də, özü 42 yaşında gözlərini dünyaya əbədi yumdu. Ondan yadigar şərəfli bir ömür hekayəsi və iki övladı qaldı. İnanıram ki, Mədinə və Rasim atalarına layiq övlad, onun kimi dövlətə və cəmiyyətə faydalı vətəndaş kimi yetişəcəklər.
Əlbəttə ki, illər keçəcək, həyat yenə davam edəcək. Bir də dünyaya ikinci bir Azər Əkbərov gələcəkmi? Bilmirəm. Əmin olduğum tək həqiqət var. Azər Əkbərov mümkünsüz görünəni gerçəyə çevirdi. Öz nümunəsi ilə mükəmməl həkim olmağın mümkünlüyünü təsdiqlədi.
Dəyərlərin aşındığı bir dövrdə özü dəyərə çevrilən bu MÖCÜZƏ ADAM haqqında çox söz demək olar. Yazımı isə bu cümlələrlə bitirmək istəyirəm:
Azər Əkbərov, 42 il bizimlə eyni dünyada yaşadığın üçün təşəkkür edirik! Yolun düşsə, bu dünyaya bir də gəl…
P.S. Uzm. Dr. Azər Əkbərov 2021-ci il noyabrın 24-də uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.
Könül CƏFƏRLİ
www.yenicag.az