Yastıq altında yatan pullar arta bilər-Analitika

media-hightechnic-468x90

publika.az1420803113900650_454226Vergi Məcəlləsinə dəyişikliklər nəticəsində illik vergi daxilolmaları təxminən 165 mln. manat təşkil edəcək.

Dəyişikliklər nəticəsində yol vergisi üzrə vergi daxilolmaları illik 78 mln. manat, nəqliyyat vasitələrinin idxalda aksizinə görə 45 mln. manat, digər zərgərlik məmulatlarının idxalına görə 12 mln. manat, daxildəki spirtli içkilərin aksizinin yaradılmasına görə 25 mln. manat və nəhayət əmanətlərə görə 5-6 mln. manat olacaq.

GÜZƏŞTƏ GEDİLMƏDİ

Əmanətlərə vergi tətbiqi məsələsi cəmiyyətdə daha çox müzakirə olunduğundan bu məsələyə xüsusi diqqət yetirək. İlk növbədə nəzərə almaq lazımdır ki, əmanətlərə 16 il əvvəl – 1999-cu ildən vergi güzəştləri tətbiq edilib. Yəni, 1999-cu ildən bəri fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərdən gəlir vergisi tutulmurdu. Son dəfə 2013-cü ilin dekabrında qəbul edilən “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” Qanunla güzəşt müddəti 1 il – 2014-cü ilin sonuna kimi uzadılıb. 2014-cü ildə isə əhalinin banklardakı əmanətləri 11% artaraq 7 mlrd. manat səviyyəsini keçib. Bununla da, adambaşına əmanətlərin məbləği təxminən 1000 ABŞ dollarına yaxınlaşıb. Müqayisə üçün bildirək ki, 10 il bundan əvvəl bu göstərici cəmi 50 dollar təşkil edib. 2014-cü ildə əmanətlər üzrə əhalinin faiz gəlirləri 500 mln. manatı ötüb. Ölkədə 4,5 milyona qədər əmanətçinin olduğunu nəzərə alsaq, bu o deməkdir ki, bu gün əhalinin hər 1000 nəfərinə 473 əmanətçi düşür. Əhalinin əmanətlərinin artması və buna müvafiq olaraq əmanətlər üzrə gəlirlərinin çoxalması diqqətdən qaçmaya bilməz. Elə müddətin 1 il uzadılması da əslində 2015-ci ildən əmanətlərdən gəlir vergisinin tutulacağından xəbər verməkdə idi.

YASTIQ ALTINDA YATAN PULLAR ARTA BİLƏR

Bu məsələ gündəmə gələndən bəri bəzi deputatlar da daxil olmaqla, iqtisadçılar əmanətlərə görə vergi güzəştlərinin müddətinin ən azı 1 il artırılmasını təklif ediblər. Məsələn, iqtisadçı ekspert Samir Əliyev əks halda əmanət bazarında, ümumilikdə bank sektorunda narahatlıq yarana biləcəyini dilə gətirdi. O, əmanətlərə verginin tətbiqinin bank sektoru üçün gərginlik yaradacağını düşünür. S. Əliyev hesab edir ki, bir tərəfdən istehlak kreditləşməsinin məhdudlaşdırılması bankların gəlirini azaldacaq, digər tərəfdən vergi tətbiqinə görə əmanətlərin azalması onları əsas mənbədən məhrum edəcək. Onun fikrincə, bank sektorunun çətinə düşməsi ölkə iqtisadiyyatına mənfi təsiri göstərə bilər. İqtisadçı ekspertlər bildirir ki, əmanətlərə vergi güzəştinin ləğvi sahibkarlığın timsalında qeyri-neft sektorunu inkişafı, real sektorun maliyyələşdirilməsi işini çətinləşdirə bilər. Ekspertlərin proqnozuna görə, bu addım əhalinin bir qisminin banklardakı əmanətlərini geri çəkə və bankların əmanət cəlb etmək üçün yüksək faiz tətbiq etmək məcburiyyətində qala bilər. Bu isə son nəticədə kredit faizlərinin aşağı salınması yönündə tədbirlərin əhəmiyyətini aşağı sala bilər. Çünki, kredit faizlərinin ucuzlaşmasını təmin edən amillərdən biri də məhz cəlb edilən resursların ucuzluğudur. Kredit portfelinin yarısını təşkil edən əmanətlərin bahalaşması öz növbəsində kredit faizlərini də bahalaşdıra bilər.

QORUNMAYAN ƏMANƏTLƏRİN HƏCMİ KƏLLƏ-ÇARXA ÇIXIB

İqtisadçı ekspertlərin bu proqnozu özünü doğrulda bilər. Məsələ ondadır ki, 2013-cü ildə Əmanətlərin Sığortalanması Fondu sığortalanan əmanətlərin faiz dərəcəsini mərhələlərlə 12%-dən 9%-ə salandan sonra əhalinin bir hissəsi vəsaitlərini geri çəkib, bir hissəsi isə yüksək faizə üstünlük verib. Əmanətlərlə bağlı 2014-cü ilin yekun göstəricisi hələ hazır olmadığından ötən ilin 9 ayına nəzər salaq. Geridə qoyduğumuz ilin yanvar-sentyabr aylarının göstəricilərinə nəzər salanda məlum olur ki, sığortalanan əmanətlər üzrə faiz dərəcələrinin aşağı salınması nəticəsində sığortalanmayan əmanətlərin payı bir ildə 34%-dən 47,6%-ə yüksəlib. Bu müddətdə qorunmayan əmanətlərin həcmi 1,17 mlrd. manat artıb, qorunan əmanətlər isə 450 mln. manat azalıb. Başqa sözlə, 2013-cü ilin 9 ayı ilə müqayisədə ötən ilin eyni dövründə Azərbaycanda qorunmayan əmanətlərin həcmi 59,4% artıb. Belə ki, bu ilin yanvar-sentyabr aylarında qorunmayan əmanətlər 3,14 mlrd. manat təşkil edib ki, bu da ötən ilin III rübündəki göstəricidən 1,17 mlrd. manat çoxdur.

Hesabat dövründə qorunan əmanətlərin həcmində isə azalma qeydə alınıb. Belə ki, əgər 2013-cü ilin 9 ayında qorunan əmanətlərin həcmi 3,87 mlrd. manat təşkil edibsə, bu ilin eyni dövründə bu göstərici 3,42 mlrd. manat təşkil edib.

ƏMANƏT RİSKİ

Bu rəqəmlər də sübut edir ki, qorunmayan əmanətlərin həcminin artmasına bir tərəfdən bankların qorunan əmanətlər üzrə faiz dərəcəsindən yüksək faizlə əmanət qəbulu ilə bağlı çağırışı səbəb olubsa, digər tərəfdən əhalinin riskə gedərək daha çox qazanc götürmək həvəsi də qorunan əmanətlərin həcminin azalmasına səbəb olub. Bu onu göstərir ki, mövcud faizlər əmanətçiləri qane etmir və onlar hətta zəif bankların bağlanması məsələsinin gündəmdə olduğu dövrdə də riskə gedərək pullarını yüksək faizlə yerləşdirirlər. Məhz bu amilləri əsas gətirən ekspertlər hesab edir ki, faiz dərəcələrinin indiki səviyyədə saxlanması əhalini əmanət bazarından qaçıracaq. Belə vəziyyətdə özünə daha çox əmanət cəlb etmək üçün banklar faiz dərəcələrini artırmaq məcburiyyətində qalacaq. Bu isə əmanət bazarında faizləri artıracaq, o da ən azı kredit faizlərinin ucuzlaşmasının qarşısını alacaq.

PULLU YERLİBAZLIQ

Bütün bu amilləri nəzərə alan ekspertlər qanunun qəbuluna qədər hökumətin diferensiasiyanın ancaq xarici valyutada olan əmanətlərə tətbiqini təklif edib. İqtisadçılar bu addımın manatla yatırılan əmanətlərin həcminin artmasına gətirib çıxaracağını fikirləşirdi. Baxmayaraq ki, indiki halda da manatla saxlanan əmanətlərin payı xeyli yüksəkdir. Belə ki, 2014-cü ilin 11 ayının göstəricilərinə əsasən əhalinin banklarda olan 7 mlrd. 086,4 mln. manatlıq əmanətinin 63%-i manatın, 37%-i xarici valyutanın payına düşüb.
Təkliflərdən biri də bəzi ölkələrdə olduğu kimi, Azərbaycanda da verginin əmanətin faiz dərəcəsinə tətbiq edilməsi ilə bağlı idi. Məsələn, Rusiyada 18,25%-dən yuxarı bütün əmanətlərdən vergi tutulur. Ekspertlər Azərbaycanda bu həddin 9% və ya 10% civarında götürülməsinin bank sektorunda faizlərin kəskin artmasına imkan verməyəcəyini bildirir.

Hökumət isə əmanətlərə görə, bu təklifləri nəzərə almasa da, vergi güzəştini tam ləğv etməyib və əhalinin əmanətlərə görə illik gəlirinin 500 manatadək hissəsi gəlir vergisindən azad edib. Bu isə o deməkdir ki, gəlir vergisindən azad olmaq istəyən əmanətçi ölkədəki bankların hər birində ayrı-ayrılıqda illik gəliri 500 manatdan çox olmamaqla əmanət yerləşdirə bilər. Amma bu güzəşt olmasaydı, indiki halda əmanətlərə görə gəlir vergisinin 10% olduğunu və ötən ilin 11 ayında Azərbaycan əhalisinin bank əmanətləri üzrə faiz gəlirlərinin 450 mln. manat təşkil etdiyini nəzərə alsaq, əmanətçilər ümumilikdə illik təxminən 50 mln. manat gəlir vergisi ödəməli olacaqdı. Bunları əsas gətirən vergilər nazirinin müavini Natiq Əmirov Vergilər Məcəlləsinə edilən dəyişiklikdə əhalinin mənafeyinin nəzərə alındığını söyləyib.

Qanun qüvvəyə minməmişdən bəzi banklar əmanətçilərdən vergi tutmağa başlayıb ki, bu da əmanətçilərin haqlı narazılığına səbəb olub. Bunu nəzərə alan Vergilər Nazirliyi ölkədə fəaliyyət göstərən bankların rəhbər vəzifəli şəxslərinin iştirakı ilə iclas keçirib. Vergilər Nazirliyi və Mərkəzi Bank arasında aparılmış məsləhətləşmələrin nəticəsi olaraq bildirildi ki, bank əmanətləri üzrə əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi müvafiq güzəşt edilən məbləğ (illik 500 manat) nəzərə alınmaqla, 2015-ci ilin yanvarın 1-dən sonra hesablanmış faizlərə tətbiq ediləcək. N. Əmirov bunun balanslaşdırılmış qərar olduğunu bildirərək, bununla, bank ictimaiyyətinin üzləşdiyi mühüm narahatlığın aradan qaldırıldığını diqqətə çatdırıb. Banklar isə əhalidən əmanətlərə görə tutulan gəlir vergisinin onlara qaytarılacağını bəyan edib.

Beləliklə, yuxarıda göstərilən məlumatları təhlil edəndə aydın olur ki, əhalinin əmanətlərə görə illik gəlirinin 500 manatadək hissəsinin gəlir vergisindən azad edilməsi bir tərəfdən vergitutma bazasının genişləndirilməsi ilə bağlıdırsa, digər tərəfdən qorunmayan əmanətlərin həcminin kəskin artımının qarşısının alınmasına yönəlib. Gəlir vergisindən azad olmaq istəyən əmanətçiyə ölkədəki bankların hər birində ayrı-ayrılıqda illik gəliri 500 manatdan çox olmamaqla əmanət yerləşdirmək imkanının yaradılması isə Mərkəzi Bankın İdarə Heyətinin sədrinin bəyan etdiyi kimi hər bir yetkin yaşa çatmış insanın bir və ya bir neçə bank hesabının olmasına hesablanıb(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600