Yaxın Şərqdə "böyük sülh": İsveçrə sazişi nələri kökündən dəyişəcək?
“Tərəflər sülh anlaşmasına riayət edəcək. Hər iki tərəf daxili təzyiq altındadır.”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Bakir Həsənbəyli bildirib.
Politoloq ABŞ və İran arasında münaqişənin sülh razılaşması ilə bitməsindən danışıb:
“Yaxın Şərqi qanlı müharibə alovuna bürüyən, qlobal iqtisadiyyatı və təchizat zəncirlərini iflic həddinə çatdıran ABŞ-İran qarşıdurmasında diplomatik dönüş baş verdi. Bu dönüş beynəlxalq münasibətlər sistemini dəyişəcək. Vaşinqton və Tehran arasında uzun müddətdir davam edən birbaşa və proksi hərbi qarşıdurmaya son qoyacaq irimiqyaslı sülh sazişi üzrə yekun razılıq əldə olundu. ABŞ və İran arasında İsveçrədə imzalanacaq saziş Tramp administrasiyasının hərbi təzyiqlə biznes diplomatiyasının ən böyük regional qələbəsidir. Şərifin vasitəçilik missiyasını anons etməsi təsadüfi deyil, çünki İslamabad uzun müddətdir Ağ Evlə Tehran arasında ən etibarlı kanal rolunu oynayır. Sülhün davamlılığı tərəflərin cari motivlərindən birbaşa asılıdır. İsrailin İranın neft-kimya zavodlarını vurması ilə nəticələnən kəskin raket döyüşləri zamanı Tehran anladı ki, müharibənin daxili iqtisadi fəsadları rejimin süqutuna yol aça bilər. Tramp isə payızda keçiriləcək seçki ərəfəsində dünyada yeni böyük müharibənin tərəfdarı deyil və qlobal neft qiymətlərini aşağı salmaq üçün bu müqaviləyə ehtiyacı var idi. Tərəflərin bu sazişə riayət edəcəyi gözləniləndir, çünki hər iki idarəetmə sistemi hazırda kəskin daxili təzyiqlər altındadır və eskalasiyanın dayandırılması hər ikisinin reytinqinə birbaşa xidmət edir.”
B. Həsənbəyli qeyd edib ki, bu razılaşmanı pozma ehtimalı olan dövlət İsraildir:
“Lakin İsrailin, xüsusən də Netanyahu hökumətinin ABŞ-ın bu qərarından son dərəcədə narazı qaldığını və müqaviləni pozmaq üçün Livan və ya Suriyada gizli hərbi provokasiyalara əl ata biləcəyini də istisna etmək olmaz. İyunun 19-dan sonra regionda tam fərqli iqtisadi-siyasi mənzərə yaranacaq və bu gəlişmə qlobal miqyasda güc balanslarını yenidən şəkilləndirəcək. İqtisadi müstəvidə müqavilənin qüvvəyə minməsi ilə ABŞ-ın İran limanlarına və neft ixracına tətbiq etdiyi qlobal blokada mərhələli şəkildə aradan qaldırılacaq. İran neftinin yenidən böyük həcmlə dünya bazarına daxil olması isə neft qiymətlərinin kəskin ucuzlaşmasını və Qərbdə inflyasiya təzyiqinin minimuma enməsini təmin edəcək.
Ən əsası isə, Husilərin və İranın təhdidi altında olan Qırmızı dəniz və Hörmüz boğazı kimi strateji su yollarında qlobal logistika və dəniz nəqliyyatı tam gücü ilə və təhlükəsiz bərpa olunacaq ki, bu da dünya ticarət dövriyyəsini sürətləndirəcək. Siyasi balansların qlobal müstəvidə yenidən şəkillənməsi çərçivəsində İranın Qərb tərəfindən rəsmən tanınan bir tərəfdaşa çevrilməsi, onun regional proksi şəbəkəsi olan Hizbullah, Həmas və Husilərin siyasi müstəviyə keçməsini və ya tamamilə cilovlanmasını qaçılmaz edəcək. Digər tərəfdən, Rusiya Yaxın Şərqdəki ən böyük hərbi-strateji müttəfiqini diplomatik mənada itirmiş olacaq və Tehranın Qərblə anlaşması Ukrayna müharibəsində Moskvaya verilən hərbi dəstəyin, xüsusən də dron və raket tədarükünün tamamilə kəsilməsi və ya minimuma enməsi ilə nəticələnə bilər ki, bu da Ukrayna cəbhəsində şərtləri dəyişəcək. İsveçrədə imzalanacaq bu saziş regiona tamamilə yeni bir iqtisadi intibah və tranzit sabitliyi vəd edir.”
Nurlan Cəfəri













