“Suriyada dialoq konfransı keçirilir. Belə bir məqamda İsrailin nəzarət etdiyi ərazilərdən çəkilməyəcəyinə dair xəbərlər yayılıb. Daha bir xəbər isə druzların muxtariyyət elan etməsi ilə bağlıdır. Kürd qüvvələrinin bu məsələyə verəcəyi konkret cavab isə hələlik bəlli deyil. Mərkəzi hakimiyyət hələ tam möhkəmlənməyib, Suriyanın ağır silahları, aviasiyası, hərbi hava və dəniz qüvvələri isə demək olar ki, İsrailin bombardımanı nəticəsində məhv edilib”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
Siyasi təhlilçi ötən gündən etibarən İsrail-Suriya sərhədində yaranan gərginlik, habelə Suriyada ölkədaxili çaxnaşmaların siyasi motivlərindən söz açıb.
Onun sözlərinə görə, ABŞ qlobal gücdür və o, Yaxın Şərqdə uzunmüddətli mövcudluğunu qorumaq, İsrailin təhlükəsizliyini təmin etmək, daha çox iqtisadi imkanlar əldə etmək və bölgədə qalmasının aktuallığını saxlamaq istəyir:
“Bunun üçün ABŞ davamlı müttəfiqlər saxlayır və lazım gələrsə, müəyyən güzəştlərə gedə biləcəyi tərəfdaşlarla işləyir. Kürd qüvvələri isə ABŞ üçün lazım gəldikdə dəstəkləyəcəyi və əvəzində müəyyən üstünlüklər əldə edə biləcəyi bir aktordur. Digər bir güc mərkəzi isə Türkiyədir. O, regional güc olmaqla yanaşı, Suriyanı tarixi Osmanlı mirasının bir hissəsi kimi görür. Lakin müasir Türkiyə dövlətinin maraqları Osmanlı imperiyasının maraqlarından fərqlənir. Ankara üçün əsas prioritetlər təhlükəsizliyin təmin edilməsi və iqtisadi maraqların qorunmasıdır. Türkiyənin Suriyadakı maraqları PYD-nin zəiflədilməsi, Qətər qazının ixrac marşrutlarının qorunması və Suriyanın Türkiyə üçün təhlükəsizlik baxımından tampon zona rolunu oynaması ilə bağlıdır”.
Analitik əlavə edib ki, İran bölgədən tam çıxarılmasa da, burada proksi qüvvələrə malikdir:
“Livan, İraq və Yəməndə olduğu kimi, Suriyada da təsirini qorumağa çalışır. Ona görə də bölgədə hər hansı hərbi gərginlik yenidən baş verərsə, İran bu proseslərə müdaxilə etmək niyyətindən vaz keçməyəcəkdir. İsrail isə öz təhlükəsizliyini əsas gətirərək nəzarət etdiyi əraziləri genişləndirmək siyasətini davam etdirir. Suriyanın gələcəyi böyük ölçüdə Rusiya və ABŞ arasında əldə olunacaq razılaşmalardan asılı olacaq. Əgər bu iki güc maraq dairələrini diplomatik yolla bölüşdürsə, böyük ehtimalla Rusiya müəyyən güzəştlər müqabilində kompensasiya əldə edəcək”.
“Düşüncəmə görə, Suriyada mərkəzi hakimiyyət uzun müddət ərzində ölkənin əksər hissəsinə nəzarəti tam təmin edə bilməyəcək. Qətər qazının ixracı və digər strateji məsələlər həll edildikdən sonra Suriya faktiki olaraq müxtəlif təsir dairələrinə bölünəcək. ABŞ proseslərə ümumi nəzarəti əlində saxlayacaq. Türkiyə müəyyən coğrafi ərazilərə nəzarət edəcək və mərkəzi hakimiyyətdə öz təsirini qoruyacaq. İsrail Hermon dağında mövqelərini saxlamağa çalışacaq və ona qarşı ən yaxşı halda beynəlxalq qınama bəyanatları səslənəcək. İran isə daxili problemlərini həll etdikdən sonra bölgəyə qayıtmaq üçün uyğun məqam gözləyəcək, xüsusilə də onun dəstəklədiyi şiə qrupları üçün təhdid yaranarsa”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov
www.yenicag.az