“Dili öyrənsin” deyərkən uşaqda psixi ləngimə yaradırsınız -Valideynlərin xarici dil həvəsi uşaqları necə məhv edir?
Uşaqlara erkən yaşda bir neçə dil öyrətmək mümkündür, lakin bu proses ana dilinin kölgədə qalmasına səbəb olmamalıdır.
Bunu Yenicag.az-a açıqlamasında Psixoloq Gülər Məmmədova deyib. O bildirib ki, uşaqların dil öyrənməyə ən uyğun dövrü 8–9 yaşa qədər olan senzitiv mərhələdir və bu dövrdə düzgün yanaşma ilə əlavə dillərin mənimsədilməsi müsbət nəticə verir:
“Uşaqların həssas dönəmi adlanan bu mərhələdə bir neçə dili paralel şəkildə öyrənməsi mümkündür. Lakin burada əsas şərt ana dilinin incəliklərinin unudulmamasıdır. Valideynlər evdə övladları ilə səlis Azərbaycan dilində ünsiyyət qurmaqla yanaşı, əlavə dilləri də öyrədə bilərlər. Çox-çox illər öncə valideynlər uşaqlara rus və ingilis dillərini öyrədirdilər. Bu gün isə daha fərqli dillərə maraq yaranıb. Bir xarici dili mənimsəmək qabiliyyəti olan uşaq digər dilləri də daha asan öyrənir.”
Gülər Məmmədova vurğulayıb ki, ana dilinə kifayət qədər diqqət ayrılmadıqda, hətta xarici dil öyrədilməsə belə, uşaqda öz doğma dilinə maraq azalır, söz ehtiyatı zəifləyir və susqunluq yarana bilər:
“Ana dilini səlis bilən uşaqlar digər dillərin qrammatikasını da daha rahat mənimsəyirlər. Bu, uşaqların ziyanına deyil, əksinə, onların şəxsiyyət kimi inkişafına xidmət edir. Ancaq bu prosesdə balansın qorunması vacibdir. Problem o zaman yaranıb ki, valideyn öz perfeksionizmini uşağa yükləyir və onun bacarığından artıq tələblər irəli sürür. Uşağın psixoloji və psixofizioloji imkanları nəzərə alınmadan edilən bu yüklənmə fəsadlara səbəb ola bilər”.
Psixoloqun sözlərinə görə, bəzi valideynlər uşağın potensialını araşdırmadan onu xarici dil öyrənməyə məcbur edir. Bu isə psixi proseslərdə ləngimələrə, təfəkkürdə çatlara, həmçinin ana dilinin zəifləməsinə gətirib çıxara bilər:
“Əgər uşaqda müəyyən idrak prosesləri ləng inkişaf edirsə və valideyn buna baxmayaraq israrla əlavə dillər öyrətməyə çalışırsa, bu ciddi problemlərə səbəb ola bilər. Hər şey balanslı və uşağın fərdi xüsusiyyətlərinə uyğun aparılmalıdır. Yalnız bu halda valideynlər övladlarına perspektivli bir gələcək vəd edə və buna nail ola bilərlər”, – deyə o əlavə edib.
Samir Məcidov












