"Yəhudi lobbisinin razılığı olmasa..."- ABŞ-ın İsrail üzərindən qanlı İran PLANI
“Çin və Rusiya İran körfəzində İranla hərbi əməliyyatlar keçirməklə Amerikaya müttəfiqlik mesajı verdi”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azad Məsiyev bildirib.

Politoloq ABŞ və İran arasında keçirilən danışıqlar və Amerikanın İran haqqında planlarından bəhs edib:
“ABŞ başda olmaqla İran əleyhinə koalisiya yaradılıb. Bu koalisiya uzun müddətdir ki, İranı siyasi və iqtisadi baxımdan dünyadan təcrid edib. Məqsəd İranı zəiflətmək, rejim dəyişikliyi yaratmaqdır. ABŞ İranda özünə münasib hakimiyyət qurmaq istəyir. Uzun müddətdir bu sanksiyalar İranda tətbiq olunsa da, hakimiyyəti dəyişmək üçün lazımi situasiya yaratmadı. Buna baxmayaraq, ABŞ Yaxın Şərqdə öz marağına uyğun olaraq regionu gərginləşdirməkdədir. Amerikada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, hər kəsin məqsədi Amerikanın ‘dərin dövlətinin’ ortaya qoyduğu strategiyaya xidmət etməkdir. Amerika imperatorluğuna təhlükə yaradan amillər aradan qalxmalıdır. Bu imperiyanı qorumaq üçün də İran bir alətdir. Ona görə də Amerika çalışır ki, orada özlərinə uyğun hökumət qursun.
Amerikanın digər təhlükə gördüyü ölkələr iqtisadiyyatına görə Çin, hərbi gücünə görə Rusiya, digəri isə maliyyə gücünə görə Avropanın pul vahidi olan avrodur. Bu baxımdan Amerikanın bu strategiyasını həyata keçirmək üçün İran bir vasitədir. İran dövləti əsas xam neftini Çinə satır. Çini zəiflətmək üçün onların enerji mənbələrini kəsmək lazımdır. Bu baxımdan İran Amerikanın nəzarətində olmalıdır. ABŞ həmçinin Rusiyanın cənub cinahını da bağlamağı hədəfləyir.”
A. Məsiyev bu siyahıya Türkiyəni də əlavə edərək, qardaş ölkənin də Amerika üçün təhlükə mənbəyi sayıla biləcəyini diqqətə çatdırıb:
“Regionda Türkiyə regional gücdən qlobal gücə çevrilməkdədir və türk dövlətləri fonunda ‘Turan İttifaqı’nın yaranması Amerikanı narahat edir. İran da bu ittifaqın yaradılmasına mane olmalıdır və bunun üçün də İran nəzarət altına alınmalıdır. Bütün bunlara görə İranda hakimiyyəti dəyişmək həm ABŞ, həm də İsrailin maraq dairəsindədir. Amerika İsrail üzərindən İrana təsir mexanizmini hər zaman işə salmağa çalışır. Heç şübhəsiz ki, Amerikada hakimiyyətə gələn şəxs yəhudi lobbisinin razılığını almalıdır. Bu razılıq olmadan Amerikada heç kim hakimiyyətə gələ bilməz. Tarix boyu Amerikadan İsrailə böyük dəstək verilib. İsrail də öz maraqları üçün Amerikanın dəstəyini almağa məcburdur. İsrailə Amerika həm siyasi, həm hərbi dəstək verməsə, İsrail bölgədə aqressiv siyasət həyata keçirə bilməz.
Son vaxtlar isə Tramp açıq şəkildə İranda rejimi dəyişmək üçün hərbi gücdən istifadə edəcəyini bildirirdi. Dolayısıyla bu proses yumşalmağa doğru getməkdədir. İranın müttəfiqləri İrana hərbi dəstək verərsə, ABŞ hərbi əməliyyatlarda çox çətinlik çəkəcək. Bunu bilən Tramp ikili mövqe nümayiş etdirərək həm güc tətbiq etmək barədə bəyanat verdi, digər tərəfdən isə danışıq qapısını açdı. Bu, sadəcə İranın müttəfiqlərinin nəbzini yoxlamaq idi. Çin və Rusiya da bu əməliyyatların aparılması təklifini pislədilər. İran, Çin və Rusiya İran körfəzində birgə təlim keçirməklə Amerikaya mesaj verdi. Son məlumatlara görə isə İrana Çindən külli miqdarda silah-sursat gətirilib. Bu da o deməkdir ki, İrana ediləcək hər hansı hücuma müttəfiqləri biganə qalmayacaq. Buna görə Tramp ikili siyasət yürüdərək məsələni masada həll etməyə qərar verdi.”
Nurlan Cəfəri












