Yəmən paytaxtı bombalanıb
Yəməndə vəziyyət gərgin olaraq qalır.
Qiyamçıların tərəfinə keçən Yəmən ordu hissələri beynəlxalq aeroportu və Ədənin dəniz limanının ələ keçirib. Husi üsyançıları və ordu hissələri “Əl-Maaşik” prezident sarayını da tutublar.
Sana şəhərinə endirilən hava zərbələri nəticəsində 25 mülki şəxsin öldüyü, 40-dan çox adamın yaralandığı bildirlir.
Məlumata görə, Səudiyyə Ərəbistanının rəhbərliyi ilə koalisiyanın başladığı hərbi əməliyyatlar zamanı şəhərin şimal hissəsinə aviazərbələr endirilib. Hədəf kimi bir sıra hökumət binaları və Sana aeroportu seçilib. Bəzi mənbələr hədəfin hərbi hava qüvvələrinin “Əl-Dilmi” bazası olduğunu bildirir.
Beynəlxalq hərbi əməliyyatlar Yəmən prezidenti Əbd Rabbu Mənsur Hadinin ölkədə qanuni hakimiyyəti müdafiə etmək çağırışından sonra başlayıb. Əməliyyata Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Ərəb Əmirlikləri və Qətər qoşulub. ABŞ da bu əməliyyata dəstək verib.
İran isə beynəlxal güclərin Yəmənə hava hücumunu pisləyib.
Qeyd edək ki, ordu üsyançıların tərəfinə keçəndən sonra prezident Əbd Rabbu Mənsur Hadi paytaxtdan qaçıb.