“Bu gün valideynlər öz övladları üçün kirayə mənzil axtararkən daha çox proseslərin rəsmi şəkildə aparılmasına, internet üzərindən deyil, real danışıqlar şəklində təşkil edilməsinə diqqət yetirməlidirlər”.
Bu sözləri yeni tədris ilinin açılmasyla Bakıda kirayə mənzil bazarında baş verən dəyişikliklərə münasibət bildirən əmlak üzrə ekspert Vüqar Oruc Yenicag.az-a açıqlmasında qeyd edib.
O bildirib ki, bu kimi halların qarşısını almaq üçün dövlət tərəfindən tələbə şəhərciklərinin salınması da vacibdir:
“Öncəliklə, bu istiqamətdə hansısa xoşagəlməz hadisənin qarşısının alınması üçün ayrı-ayrı subyektlərin üzərinə düşən müəyyən vəzifələri qeyd etmək lazımdır. Yəni burada vətəndaş və dövlətin üzərinə müəyyən öhdəliklər düşür.
Bəs belə hal yaşandıqda nə edilməlidir?
Şəxsən mən problemin kökdə həll edilməsinin tərəfdarıyam. İlk olaraq tələbə adını qazanmış abitruyentlər üçün yataqxana tipli yaşayış yerlərinin təhvil verilməsi işi sürətləndirilməlidir. Onlara təhsillərini davam etdirmək üçün daha ucuz və əlverişli şərait yaradılmalıdır. Nəzərə almalıyıq ki, ölkədə valideynlərin mütləq əksəriyyətinin iqtisadi durumu bunun üçün əlçatan deyil. Onlar bir tələbənin rayondan Bakıya gəlməsi və özünə yer tapması baxımından çox böyük çətinliklərlə üzləşirlər.
Bu tipli halların yaşanmaması üçün dövlət öz himayədarlıq funksiyasını yerinə yetirməlidir. Buna görə də ölkəmizdə təhsil müəssisələrinin şəhərdən nisbətən kənar ərazilərə köçürülməsi və bir şəhərcik səviyyəsinə keçirilməsi müsbət addım hesab olunar.
Nümunə olaraq Türkiyədə bunun örnəyini görə bilərik. Belə ki, adı çəkilən ölkədə çox ucuz və əlçatan qiymətlərə tələbələr üçün “yurt” deyilən şəhərciklər istifadəyə verilib ki, bu da dövlətin onlara verdiyi bir dəstəkdir. Bu ölkədə özəl təşkilatlar da bu istiqamətdə işlər görür, tələbə evləri təqdim edirlər. Düzdür, onların təklif etdiyi bu yataqxanalar dövlət yataqxanalarından baha olsa da, kirayə qiymətləriylə müqayisədə ciddi şəkildə fərqlənir.
Digər yandan qeyd etmək lazımdır ki, hər il avqust-sentyabr aylarında Bakıya olan tələbə axını daşınmaz əmlak bazarında da qiymətlərə ciddi təsir göstərir. Tələb artdığından təkliflər həmin təklifi ödəmir və bu da kirayə mənzillərin sayında azalmaya səbəb olur. Məhz belə bir hal yaşanmasın deyə, ilk növbədə tələbə yataqxanalarının inşasını təklif edərdim. Bu kimi yollardan istifadə edərək bəzi işbazların tələsindən yayınmaq mümkündür. Bununla da fırıldaqçılıqla məşğul olan maklerlər üçün də meydan bağlı qala bilir.
Bu gün valideynlərimiz öz övladları üçün kirayə mənzil axtararkən daha çox proseslərin rəsmi şəkildə aparılmasına, internet üzərindən deyil, real danışıqlar şəklində təşkil edilməsinə diqqət yetirməlidirlər. Kirayə axtarılan zaman mənzil sahibləriylə əlaqə saxlanmalıdır. Əmlak kirayə verilən zaman ev sahibi bundan xəbərdar olmalıdır.
Ortada şirkət varsa, həmin şirkətlə rəsmi müqavilə imzalanmalı, hüquqi əsaslar üzrə işlər aparılmalıdır. Şirkətin rəsmi olub-olmaması, həmin qurumun ofisi, lazımi sənədlər və s. yoxlanılması tövsiyə ediləndir. Bu da qarşıda yaşana biləcək arzuolunmaz hallar zamanı hüquq-mühafizə orqanlarına müraciət etməyi asanlaşdırır. Həm də hər şeyin qanuni, sənədli şəkildə həll edilməsini təmin edir. Bütün bu kimi narahatedici hadisələrlə qarşılaşmamaq üçün sadalanan bütün məqamlara əməl etmək məqsəduyğundur.
Yusif Səmədzadə
www.yenicag.az