“Dünyada hər əsrdə bir dəfə böyük bir sistem dəyişikliyi baş verir. Xüsusilə İkinci Dünya müharibəsindən sonra ikiqütblü Soyuq müharibə dövründə ən çox zərər görən ölkə Türkiyə olduğuna görə, yeni dövrdəki strateji dəyişikliklərdə Ankara passiv deyil, aktiv rol almaq niyyətindədir”.
Bunu Yenicag.az-la söhbətində Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.
Analitik Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın yeni dünya nizamı ilə bağlı səsləndirdiyi fikirlərə, eləcə də Ankaranın sözügedən siyasətlə əlaqədar perspektivdə yürüdəcəyi siyasətə münasibət bildirib.
H. Oktay diqqətə çatdırıb ki, Soyuq müharibə dövründən 1991-ci ildə Sovet İttifaqının süqutuna qədər və ondan sonrakı dövrdə Türkiyə balanslı xarici siyasət yürüdərək həm Qərbə, həm də Rusiyaya soyuq müharibə dönəmindəki Türkiyə imicindən imtina edilməsi lazım olduğunu açıq şəkildə bildirdi:
“Türkiyə NATO ölkəsi kimi lazım gəldikdə NATO-ya “yox” deyə bildi. Keçmişdə Rusiya ilə məsafəli münasibətləri olsa da, son 20 ildə Rusiya ilə kifayət qədər yaxşı əlaqələr qurdu, eyni zamanda Moskvanın bir çox məsələlərdə təkliflərinə də “yox” dedi”.
“İkinci Sovet süqutu” adlandırılan 8 dekabr 2024-cü ildə BƏƏS rejiminin nümayəndəsi Bəşər Əsədin Suriyadan qaçması ilə yeni bir dövr başladı. Birinci Dünya müharibəsindən sonra formalaşan və Türkiyənin cənubunda yerləşən İran, İraq, Suriya, Livan, İsrail və İordaniya kimi ölkələr Əsəd rejiminin süqutundan sonra yenidən sistem dəyişikliyi ilə üzləşəcək. Artıq Qərb güclərinin bu ölkələrdə etnik, məzhəb və dini inanc qruplarına əsasən, qurduğu sistemlərin işləmədiyi hamı tərəfindən başa düşülüb”, – deyə o, əlavə edib.
KAFKASSAM sədrinin fikrincə, Türkiyə bu sistem dəyişikliyini yaxından izləyir və qarşısında iki seçim dayanır:
“Ya bu ölkələrdəki sistem Türkiyəyə təsir edəcək və onun sistemini dəyişdirməyə çalışacaq, – hansı ki, bu, qətiyyən qəbul edilə bilməz – ya da Türkiyə 150 illik demokratiya təcrübəsini və 1923-cü ildən bəri mövcud olan Cümhuriyyət modelini cənub qonşularına qəbul etdirəcək. Hazırda bu prosesin mübarizəsi və rəqabəti davam edir”.
Müsahibimiz xatırladıb ki, PKK terror təşkilatı 1970-ci illərdə marksist ideologiya əsasında qurulmuş bir təşkilatdır:
“Əsasən, Suriya mərkəzli olub və uzun müddət idarə edilib. Əvvəlcə Sovetlərin, sonra isə fərqli bölgələrdə maraqları olan ölkələrin nəzarəti altında fəaliyyət göstərib. Türkiyə terrora qarşı apardığı mübarizənin uğurunu özünə qarşı təzyiq göstərən dövlətlərə və onların Yaxın Şərqdə nəzarət etdiyi rejimləri dəyişdirməklə cavab verməyə hazırlaşır. Hazırda Suriyadakı əsas mübarizə budur: Türkiyənin modeli orada tətbiq olunmalıdır, yoxsa Suriyada yaradılacaq model vasitəsilə Türkiyənin qarşısı alınmalıdır? Bu qarşıdurma bir müddət daha davam edəcək. Türkiyə PKK-nın silahı yerə qoyduğunu göstərərək, Suriyada tətbiq olunmaq istənən modeli ləğv edib”.
Rafi Müslümov
www.yenicag.az