Yeni işçi qruplarının FƏALİYYƏTİ: Sülhə necə TƏSİR EDƏCƏK?
“Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib ki, Ermənistan, ABŞ və Azərbaycan arasında imzalanmış sənədlərin icrası üçün yaxın vaxtlarda iş proseslərinə start veriləcək və müvafiq işçi qruplar yaradılacaq. Nazir əlavə edib ki, hökumət bu işçi qrupların strukturu ilə bağlı əlavə təfərrüatlar təqdim etməyə hazırdır və onların formalaşdırılmasının çox vaxt aparmayacağını vurğulayıb”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.
Siyasi təhlilçi Azərbaycan, ABŞ və Ermənistan arasında yaradılan işçi qrupunun görəcəyi işlər və Vaşinqton platformasından baş verən dəyişiklikləri şərh edib.
Onun sözlərinə görə, Vaşinqton anlaşmasına uyğun olaraq, bölgədə yekun sülhün, sabitliyin və əməkdaşlıq münasibətlərinin formalaşdırılması üçün belə işçi qrupların yaradılması zəruridir və yaradılacaq:
“Bildiyiniz kimi, bir neçə gün öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub və həmin söhbətdə növbəti addımların atılması məsələsi müzakirə olunub. Yaxın günlərdə Ermənistanla Azərbaycan arasında yekun sülhə nail olmaq üçün ən müxtəlif sahələri əhatə edən işçi qruplar yaradılacaq. Bu qruplar sərhədlərin delimitasiyası və demarkasiyası, birgə əməkdaşlıq formatlarının müəyyən edilməsi, kommunikasiya xətlərinin açılması (xüsusilə Zəngəzur dəhlizi layihəsinin reallaşması), İrəvan-Ankara arasında əlaqələrin qurulması və sərhədlərin açılması, eləcə də digər sahələri əhatə edəcək”.
M. Bünyadlı əmindir ki, əgər Ermənistan mövcud vəziyyətdən çıxmaq istəyirsə, yekun sülh prosesi istiqamətində işləri sürətləndirməli və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir:
“Əks halda, regionda sülh istəməyən və öz təsir dairələrini qorumağa çalışan qüvvələr prosesin uzanmasından öz məqsədləri üçün faydalana bilərlər. Doğrudur, bu qüvvələr yekun nəticənin qarşısını ala bilməsələr də, müəyyən gərginliklər yarada bilərlər. Ermənistan üçün artıq fürsət qapıları açılıb. Bu fürsətdən nə qədər tez yararlanarsa, bir o qədər çox fayda əldə edə bilər və prosesdən uduşlu çıxar. Çünki yekun sülh ilk növbədə Ermənistana fayda verəcək, bölgənin sürətli inkişafına təkan olacaq. Nəticədə Ermənistan, Azərbaycan üzərindən Avrasiya məkanında istənilən istiqamətə rahat çıxış əldə edəcək”.
Rafi Müslümov