Yeni Roma Papası KİM OLACAQ? – “Müxtəlif güc mərkəzləri öz namizədlərini irəli çəkməyə çalışacaqlar”
“Roma Papası, təəssüf ki, Azərbaycana qarşı qərəzli və birtərəfli mövqe sərgiləyirdi”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Politoloq bu gün Romada keçiriləcək olan yeni Roma Papasının seçimlərini şərh edib:
“Ağır xəstə olan Roma Papası Fransiskin vəfatından sonra yeni Roma Papasının seçimləri müzakirə olunur. Onun yerinə müxtəlif şəxslərin adı çəkilir və ehtimal olunan namizəd də var. Roma Papasının xüsusi səlahiyyətləri, mövqeyi və dünyada sülh, təhlükəsizlik, bərabərlik, həmrəylik baxımından çağırışları önəmli olduğu üçün müxtəlif güc mərkəzləri öz mövqelərini gücləndirməkdə maraqlıdırlar. Son dövrlərdə ABŞ və Avropa İttifaqı arasında olan ixtilaflar və ziddiyyətlər onu deməyə əsas verir ki, bu mühüm taleyüklü seçimlərdə də, ola bilsin ki, müxtəlif güc mərkəzləri öz namizədlərini irəli çəkməyə çalışacaqlar və bu, istisna olunmur”.
Analitik yeni seçiləcək olan Roma Papasının Cənubi Qafqaz və Azərbaycan haqqında şəffaf və qərəzsiz mövqe sərgiləyəcəyinə ümid etdiyini bildirib:
“Əsas məsələ bundan ibarətdir ki, Cənubi Qafqaza, Azərbaycan və Ermənistan arasındakı münasibətlərə də yeni Roma Papası bitərəf mövqedən, yəni ədalət və şəffaflıq mövqeyindən yanaşsın. Əvvəlki dövrlərdə təəssüflər olsun ki, qərəzli və birtərəfli yanaşmalar müşahidə olunurdu. Ümid edirik ki, yeni Roma Papası seçiləndən sonra kifayət qədər ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun davranacaq və buna uyğun açıqlamaları biz eşidəcəyik”.
Yenicag.az