Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

Yerində sayan Azərbaycan kinosu: “Futbolçuya qoyulan sərmayə rejissora da qoyulmalıdır”

“Kimsə təsadüflər üzərindən hansısa layihələri əldə edir, şəxsi təyinatlar, münasibətlər öndə olur. Rejissor fenomeni hətta unudulub. Futbolçuya qoyulan sərmayə rejissora da qoyulmalıdır”.

Bunu tanınmış rejissor Namiq Ağayev Azərbaycan kinosunun dünya kino bazarına daxil ola bilməməsinin səbəblərindən danışarkən Yenicag.az-a açıqlamasında deyib.

Rejissor kino aləmində sovet dövründən başlayan haqsızlığın bu gün də davam etdiyini bildirib:

“Elə dünya filmləri var ki, baxanda sarsıntı keçirirəm, həmin filmlər həyatımda böyük rol oynayır. Bir film insan həyatını dəyişdirəcək qüdrətə malikdir. Azərbaycanda belə qüdrətə malik filmlərin ərsəyə gəlməsi üçün rejissor problemi var.

Təəssüf ki, sovet vaxtında olan haqqsızlıq bu gün də kino aləmində davam edir. Vaxtilə görkəmli rejissor Həsən Seyidbəylidən “Babək”i aldılar, Lətif Səfərova uzun müddət film verilmədi, Hüseyn Seyidzadə 9 il yaradıcılığına fasilə verdi. Elə Elxan Cəfərovun özünə “Dolu”, “Yarımçıq xatirələr”dən sonra diqqət ayrılmadı. Məhz rejissor faktoru üzərində dayanmaq lazımdır ki, buna da qətiyyən fikir verilmir. Kino cameəsində bir xaos, tanışbazlıq, qohumbazlıq var. Kimsə təsadüflər üzərindən hansısa layihələri əldə edir, şəxsi təyinatlar, münasibətlər öndə olur. Dünya bazarına çıxmamağımızın əsas səbəbləri budur. Rejissor fenomeni hətta unudulub.

“Gəlin film çəkək”, – deyirlər, amma ortaya yarımçıq bir şey çıxır. Heç olmasa, peşəkar rejissora müraciət etsinlər. Elə bil futbolçusuz futbol oynanılır. Bu gün kino xatirinə kino çəkilir. Rejissor kinodakı ideya ilə yanıb-qovrulmur. 2 milyard çıxar ver hansısa rejissora, yenə də təminat vermək olmaz ki, əla film alınacaq. Amma rejissor yetişdirilməlidir. İstedadlı rejissorlar tanıyıram, illərlə gözləyir ki, layihəsi təsdiq olunsun. Bu səbəblər üzündən mən artıq, stimul, ilham pərisi faktorlarından vaz keçmişəm ki, bunlar məni “stop”lamasın. Hər zaman eyni adrenalində, eyni hissdə qalım. Qapılar döyəsən, layihələri təsdiq etdirəsən, bir onda görürsən ki, vaxt da keçib. Bizdə büdcə sistemi də heç qurulmayıb. Rejissora mənəvi, maddi yatırım olmalı, diqqət ayrılmalıdır. Futbolçuya qoyulan sərmayə rejissora da qoyulmalıdır”.

Cəvahir

www.yenicag.az

215
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100