Reklam

Reklam

Uşaq vaxtı arxadan gəlib, dost-tanışının gözünü pambıq kimi yumşaq əlləri ilə yumub, “silim, yoxsa süpürüm” deyən qız böyüdü. Ərə gedib, bir evin “süpürgəsi” oldu. Zamanla yaşlandı – üzü qırışdı, saçları ağardı, beli büküldü, pambıq kimi əlləri codlaşdı… Ya baxımsız qaldı, ya da kimsəsiz…

Başladı bir tikə çörək axtarışına… Yalnız bu günü düşünüb, sabaha ümidi olmayan qadın əlinə süpürgə, üzərinə də “çi” şəkilçisini götürüb, süpürgəçi oldu… Mənim maşından atdığım su butulkası, sənin yerə tulladığın siqaret kötüyü, ağacın budağından saralıb qopan yarpaqlar, küləyin gətirdiyi sellofanlar ona çörəkpulu oldu.

Gecəyə qədər zibillənən şəhər küçələrini süpürüb, ürəyi kimi təmiz etdi həyatı zibillərlə dolu qadın…

Nə bayramı var, nə də seyranı. “8 Mart”da belə, yeganə işləyən qadın odur. Başqaları bəzənib-düzənib, ətirlənib, saçını darayıb, sevənindən hədiyyə gözlədiyi günü o, süpürgə ilə keçirir. Bəzəyi üzünə tutduğu şalıdır, ətri yandırdığı zibilin üstünə hopan tüstüsü…

Azərbaycanda ən təhlükəli işlərdən birini gördüyü halda, aldığı maaş ya 150 manatdır, ya da ondan bir qədər yuxarı. Bir dəfə də olsun maaş artımı ilə bağlı xəbərə sevinməz. Çünki bu ölkədə maaşı artmayan yeganə şəxs odur…

Və bir gün də süpürgə yetim qalar… Bir sürücünün diqqətsizliyi və ya özbaşınalığı süpürgəçinin ölümü ilə nəticələnər. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyevə zəng edib, hadisəyə münasibət bildirməsi xahiş olunar. O isə açıqlamasında “Onu məcburi işlədirlər?” deyər…

Ta adam bilmir ki, onu deputat etməyə məcbur edən kim və nədirsə, qadını da süpürgəçi olmağa vadar edən odur…

Emin Səfərov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1752
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."