Yollar yağışa HAZIRDIR? – “Əgər normadan artıq yağarsa...” – AAYDA rəsmisi
“İntensiv və normadan artıq yağışlar yağdıqda, sistem eyni anda həmin suyun hamısını qəbul edə bilmir”.
Bunu Yenicag.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.
O, nəqliyyat yolları infrastrukturunun yağışlı havalar üçün hazır vəziyyətə gətirilməsi istiqamətdə görülən işlər barədə məlumat verib.
AAYDA rəsmisi bildirib ki, qurumun balansında olan körpülərdə və tunellərdə indiyədək ciddi hadisələr baş verməyib:
“Hər il, payız-qış mövsümünə hazırlıq çərçivəsində yağış kanalı, qrunt və səth sularının axıdılması üçün sistemlərdə, həmçinin nasosxanalarda bütün təchizat yoxlanılır və hazır vəziyyətə gətirilir. Söhbət yalnız balansımızda olan körpülərdən gedir”.
“Amma bu, o demək deyil ki, problem 100% olmayacaq. Təbii prosesdir, intensiv və normadan artıq yağışlar yağdıqda, sistem eyni anda həmin suyun hamısını qəbul edə bilmir. Nəticədə müəyyən müddət ərzində su yığılıb qala bilər. Ancaq maksimum səviyyədə çalışılır ki, belə problemlər özünü qabarıq şəkildə göstərməsin”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Nəsimi Ələsgərli