Yumurtanın bahalaşma səbəbləri - Qiymət yenə artacaq?
Son günlər ölkə üzrə marketlərdə yumurtanın qiymətində artım müşahidə olunur. Xüsusilə broyler toyuqlarının yumurtasının bahalaşması alıcıların diqqətini çəkir.
Yenicag.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, qiymət artımının əsas səbəblərindən biri yumurta ixracının başlamasıdır. Onun sözlərinə görə, Azərbaycan hazırda həm Rusiyaya, həm də ABŞ-yə yumurta ixrac edir ki, bu da daxili bazarda təklifin azalmasına səbəb olur.

“Yumurtanın qiymətinin artması ixracın artması ilə bağlıdır. İxrac genişləndikcə daxili bazarda təbii olaraq qıtlıq yaranır. Çünki mövcud istehsal həcmi həm daxili tələbatı, həm də ixracı eyni anda qarşılamaq gücündə deyil”, – deyə iqtisadçı vurğulayıb.
N.Cəfərli qeyd edib ki, ixrac həcmi artdıqca daxili bazarda məhsulun azalması baş verir və bu zaman iqtisadi qanunlar işə düşür:
“Bazara nə qədər az məhsul çıxarılırsa, qiymət də bir o qədər yüksəlir. Bu, normal olmasa da, təbii iqtisadi prosesdir. İstehsal az, tələb isə çoxdur. Ona görə də qiymətlərin artması qaçılmazdır”.
İqtisadçının fikrincə, bu prosesin dövlət tərəfindən inzibati yollarla tənzimlənməsi nə doğru, nə də mümkündür.
Sona Əliyeva












