“Yüzminlərlə pul olub, hesabatlarda 5-6 manat pul yazmısınız” – Talassemiyalı uşaqların pulunu mənimsəyənlərin MƏHKƏMƏSİ

Talassemiyalı uşaqların müalicəsi üçün yığılmış pulları ələ keçirməkdə ittiham olunan şirkət rəhbəri Nuridə Seyidova və onun işçiləri Aynur Bayramova ilə Aysel Məmmədovanın məhkəməsi davam edir.

Yenicag.az-ın “Qafqazinfoya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda əvvəlcə Dövlət Vergi Xidməti və Əmək Müfəttişliyindən göndərilmiş sənədlər elan edilib.

Əmək Müfəttişliydən daxil olmuş məktubda göstərilib ki, təqsirləndirilən Nuridə Seyidova ilə bağlı sistemdə əmək müqaviləsi və digər məlumatlar yoxdur. Seyidova isə özü haqqında sistemdə məlumat olmamasını xarici ölkənin vətəndaşı olması ilə əlaqələndirib.

Bundan başqa, Aysel Məmmədova və Aynur Bayramovanın əmək müqavilələri haqqında məhkəməyə məlumat verilib.

Dövlət Vergi Xidmətinin cavab məktubunda isə yazılıb ki, “My Doc Tour” və “Urmedhelp” MMC-lərdə faktiki kassa aparatları quraşdırılmayıb.

“Dövlət Vergi Xidməti məhkəməyə 72 vərəq hesabat göndərib. Yalandan vətəndaşları aldadıb, onlara qəbzlər vermisiniz. Sizin rəhbərlik etdiyiniz MMC-lərin heç kassa aparatı olmayıb. Hesabatlarda 5-6 manat pul yazmısınız, amma yüzminlərlə vəsait olub”, – sədrlik edən hakim Azad Məcidov xanım müttəhimlərə deyib.

Zərərçəkmiş Aysel Abdullayeva hesab edir k, bu iş yaxşı araşdırılmayıb. O, işin dərindən araşdırılmasını, təqsiri olan başqa şəxslərin də dairəsinin müəyyənləşdirilməsini istəyib: “Təqsirləndirilən şəxslərə qanunsuz olaraq, Talassemiya Mərkəzinə giriş və oradan məlumatlar, sənədlər əldə etmək imkanı yaradılıb. Talassemiya Mərkəzi qapalı müəssisədir. Aynur Bayramova oradan xəstələrin qan nümunələrini, onların sənədlərini necə götürüb? Bunlar araşdırılmayıb. Bu adamların havadarları var. Onları tapıb cəzalandırmaq lazımdır”.

Daha sonra Nuridə Seyidova prokurorun, vəkillərin suallarını cavablandırıb.

Deyib ki, toplanan vəsaitlər hesabına beş talassemiyalı uşağın tam müalicəsi həyata keçirilib. O, bir neçə ad sadalasa da, hakim ondan bunu təsdiqləyən sübutlar, ətraflı məlumatlar istəyib.

Nuridə Seyidova zərərçəkmişlərdən alınmış vəsaitlər və pulların kimlər arasında bölünməsi barədə danışarkən zalda əyləşən zərərçəkmiş Natiq Qubadov əsəbiləşib: “Mənim xəstə balamın pulunu yemisən. Sən yaşamalı deyilsən…”

N. Seyidova vəkillərin suallarına cavab olaraq bildirib ki, xəstələrin yaxınlarından alınmış vəsaitlər 4 nəfər arasında bölünüb. Bunların da üçü hazırda məhkəmə qarşısında dayanan şəxslərdir: “Mən, Aynur Bayramova, Aysel Məmmədova və Turan xanım…”

Adıçəkilən Turan xanımın hansı vəzifəni tutduğu bilinmir.

Aysel Məmmədova isə xəstə yaxınlarının aldadılıb, onların pullarının ələ keçirilməsi ilə bağlı ünvanına səslənən ittihamı qəbul etmir. Deyir ki, şəxsən onun xəstə yaxınlarından aldığı vəsaitlər depozitə qoyulub, əməliyyat baş tutandan sonra ona çatan hissəni götürüb: “Nuridə yalan danışır. Mən biləndə ki, bu, xəstələri aldadıb, özüm vatsap qrupunda zərərçəkmişlərə dedim ki, gedib şikayət eləsinlər”.

Proses sentyabrın 11-i davam edəcək.

İttihama görə, “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi N. Seyidova A. Bayramova və A. Məmmədova ilə cinayətkar əlaqəyə girib. Onlar 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın pullarını ələ keçiriblər.

Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Hər üç xanım müttəhim həbsdədir.