Zamanın sınağından keçən konsepsiya: Bəkir Çobanzadənin elmi portretinə yeni baxış

media-hightechnic-468x90

Görkəmli türkoloq Bəkir Çobanzadənin elmi yaradıcılığında türk xalqlarının dil və ədəbiyyat məsələləri mühüm yer tutur. Alimin dəyərli elmi fikirləri türk dünyasında milli dil problemlərinin araşdırılması üçün bu gün də öz aktuallığını qoruyub saxlayır. O öz elmi yaradıcılığında Azərbaycan dili ilə bağlı tədqiqatlara xüsusi yer ayırmışdır. Qeyd etmək lazımdır ki, görkəmli alimin elmi yaradıcılığında özünəməxsus yer tutan Azərbaycan dili məsələlərindən indiyə qədər bir sistem kimi söhbət açılmamışdır.

media-banner_tkm

Pərvin Eyvaz oğlu Eyvazovun “Bəkir Çobanzadə: dil tarixi konsepsiyası” adlı monoqrafiyası görkəmli dilçi Bəkir Çobanzadənin həm elmi irsinin araşdırılmasına həsr olunmuş aktual elmi əsər kimi, həm də həmin mövzunun Azərbaycan dilçiliyində ilk dəfə tədqiqi ilə diqqəti cəlb edir. Araşdırmanın aktuallığı bir də onda özünü göstərir ki, B.Çobanzadənin dilimizin fonetika, leksika və qrammatikası ilə bağlı əsərlərinin tədqiqi dilçilikdə həllini tapmamış bir çox məsələlərə də aydınlıq gətirə bilər.

Monoqrafiyada B. Çobanzadənin Azərbaycan dilinin tarixi ilə bağlı baxışları sistemli şəkildə təhlil edilmiş, alimin tarixi fonetika, leksika, morfologiya və ədəbi dilin inkişafı ilə bağlı elmi mülahizələri, bu sahələri əhatə edən tədqiqatları kompleks şəkildə araşdırılmışdır. Pərvin Eyvazov B.Çobanzadənin dilçilik görüşlərini təqdim etməklə kifayətlənmir, onları müasir dilçilik baxımından elmi-nəzəri kontekstdə şərh edir. Xüsusilə danışıq səslərinin psixoloji aspektdən şərhi, terminoloji paralellərin analizi, arxaik morfoloji əlamətlərin izahı əsərin diqqət çəkən məqamlarındandır.

Yuxarıda qeyd etdiyimiz kimi, əsərin aktuallığı bir neçə mühüm elmi amillə şərtlənir: 1) B.Çobanzadə irsinin uzun müddət ideoloji səbəblərlə sistemli şəkildə öyrənilməməsi; 2) alimin dil tarixi ilə bağlı baxışlarının, əsasən, epizodik şəkildə araşdırılması; 3) Azərbaycan dilinin tarixi problemlərinin ümumtürk kontekstində öyrənilməsi zərurəti. Monoqrafiya bu boşluğu doldurmaq baxımından əhəmiyyətli elmi təşəbbüs kimi çıxış edir.

Monoqrafiyanın elmi yeniliyi  bir neçə aspektdən dəyərləndirilə bilər: B.Çobanzadənin Azərbaycan dili tarixinin müxtəlif səviyyələrinə dair baxışları sistemli şəkildə təqdim olunur; alimin tarixi fonetika, leksika və morfologiya sahəsindəki mülahizələri müasir dilçilik nəzəriyyələri ilə müqayisədə şərh edilir; onun ədəbi dilin təşəkkülü və dövrləşdirilməsi ilə bağlı konseptual yanaşması ayrıca araşdırılır; ümumtürk ədəbi dili ideyasına münasibəti elmi-metodoloji aspektdən izah olunur. P.Eyvazov göstərir ki, B.Çobanzadə həm də nəzəri konsepsiya müəllifidir.

Monoqrafiyanın strukturu məntiqi və ardıcıldır: 1. Bəkir Çobanzadənin tədqiqatlarında tarixi fonetika məsələləri; 2. Bəkir Çobanzadənin tədqiqatlarında tarixi leksika məsələləri; 3. Bəkir Çobanzadənin tədqiqatlarında tarixi morfologiya məsələləri; 4. Bəkir Çobanzadənin ədəbi dil konsepsiyası. Bu bölgü alimin dilə baxışlarını sistemli şəkildə təqdim etməyə imkan yaradır. Birinci fəsildə alimin Azərbaycan dilinin fonetik quruluşu ilə bağlı araşdırmalarında toxunduğu məsələlər bir-bir açıqlanır. Dörd yarımfəsildən ibarət bu fəsildə kifayət qədər nümunələr təhlilə cəlb olunmaqla sait və samit səslərin, habelə fonemlərin, fonetik hadisələrin səciyyəvi xüsusiyyətləri tədqiq edilir. Bu tədqiqat göstərir ki, B.Çobanzadə bu sahə ilə bağlı araşdırmalarına görə dilimizin təsviri və tarixi fonetikasının bünövrəsini qoyan bir alimdir. P.Eyvazovun gəldiyi qənaət belədir ki, B.Çobanzadənin həmin sahə ilə bağlı irəli sürdüyü fikirlər müasir dilçilik baxımından hələ də öz əhəmiyyətini itirməmişdir.

İkinci fəsildə bir çox terminlərə, leksik vahidlərə, bu vahidlərin quruluşu ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir.  Kifayət qədər faktik material əsasında tarixi leksika məsələləri, semasioloji hadisələr şərh edilir. Fəsli oxuduqca B.Çobanzadənin lüğətçiliklə bağlı tədqiqatlarının, bir sıra qədim lüğətlər haqqında ilk söz söyləyən, araşdırma aparan bir mütəxəssis olduğunun şahidinə çevrilirik.

Azərbaycan dilinin tarixi qrammatika məsələləri “Bəkir Çobanzadənin tədqiqatlarında tarixi morfologiya məsələləri” adlanan üçüncü fəsildə aydınlaşdırılır. Bu fəsildə alimin dilimizin morfoloji quruluşu, morfemlər, nitq hissələri, qrammatik şəkilçilər və kateqoriyalar haqqındakı fikirlərinin şərhinə geniş yer verilmişdir.

Bəkir Çobanzadənin elmi yaradıcılığında ədəbi dil məsələlərinin təhlili dördüncü fəslin əsasını təşkil edir. Bu fəslin ayrı-ayrı yarımfəsillərində alimin ədəbi dil məsələlərinə münasibəti öz əksini tapmışdır. P.Eyvazov bu fəsildə dilimizin mənşəyi, ortaq türk dili, I Türkoloji qurultayda dil məsələrinin işıqlandırılmasına mühüm yer vermişdir. B.Çobanzadənin ədəbi dilin dövrləşdirilməsi ilə bağlı mülahizələri də diqqəti cəlb edir.

Monoqrafiyanın strukturu müəllifin qarşıya qoyduğu məqsəd və vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinə xidmət edir. Doğrudur, bu monoqrafiya konkret olaraq bir alimin elmi yaradıcılığını əhatə edir. Ancaq onun dilçiliyin ayrı-ayrı sahələri ilə bağlı müxtəlif əsərlərini nəzərdən keçirmək, oradakı hər bir fikri incəliyinədək təhlil etmək, onlara obyektiv münasibət bildirmək və başqa tədqiqatçıların mülahizələri ilə müqayisə etmək, şübhəsiz ki, böyük cəsarət, dərin bilik və məsuliyyət tələb edən ağır bir işdir.

Əminliklə demək olar ki, gənc və istedadlı tədqiqatçı Pərvin Eyvazov bu çətin, həm də şərəfli işin öhdəsindən böyük professionallıqla və bacarıqla gəlmişdir. Müəllif təkcə B.Çobanzadənin dilçilik görüşlərini sistemləşdirməklə kifayətlənməmiş, həm də Azərbaycan dilçilik elmindəki böyük bir boşluğu dolduraraq unudulmaqda olan bir çox nəzəri mülahizələri yenidən dövriyyəyə daxil etmişdir. P.Eyvazovun zərgər dəqiqliyi ilə apardığı bu tədqiqat onun həm də ciddi bir mənbəşünas və dilçi-tarixçi kimi yetişdiyini növbəti dəfə sübut edir. Onun özünün də qeyd etdiyi kimi, “çətin işi çətinliklə asan etmişdir”.

Nəticə olaraq qeyd etmək yerinə düşər ki, Pərvin Eyvazovun “Bəkir Çobanzadə: dil tarixi konsepsiyası” adlı monoqrafiyası həm nəzəri, həm də praktik baxımdan dilçiliyimiz üçün əvəzsiz bir töhfədir. Əsər Azərbaycan dil tarixi üzrə elmi bilikləri zənginləşdirməklə yanaşı, ali təhsil müəssisələrində tədris prosesi və gələcək araşdırmalar üçün fundamental bir qaynaq rolunu oynayacaqdır. İnanırıq ki, mətbuat vasitəsilə geniş oxucu kütləsinə və elmi ictimaiyyətə təqdim olunan bu sanballı monoqrafiya nəinki dilçilərin, ümumiyyətlə, türkologiya tarixi ilə maraqlanan hər kəsin masaüstü kitabına çevriləcək və müəllifinə yeni-yeni elmi uğurlar qazandıracaqdır.

Reyhan Həbibli

BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru,

filologiya elmləri doktoru

 

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05