“Ukrayna prezident Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampla mübahisəli görüşündən sonra verdiyi son bəyanatlar Ukrayna ilə ABŞ arasındakı gərgin münasibətləri bərpa etmək üçün strateji addım kimi qiymətləndirilə bilər. Ötən cümə günü Ağ Evdə baş tutan görüş gözlənilmədən başa çatıb və tərəflər arasında mühüm minerallar sazişi imzalanmayıb. Bunun nəticəsi olaraq, ABŞ Ukraynaya hərbi yardımını dayandırıb”.
Bunu Yenicag.az-a açıqlamasında amerikalı politoloq İrina Tsukerman deyib.
Analitik Ukrayna lideri Volodimir Zelenskinin keçən həftə Ağ Evin Oval ofisində amerikalı həmkarı Donald Trampla yaranan mübahisəsindən sonra onun Vaşinqtonla münasibətləri bərpa etməyə hazır olması barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.
İ. Tsukermana görə, buna cavab olaraq, prezident Zelenski görüşün nəticəsindən təəssüf hissi keçirdiyini bildirib və Trampın rəhbərliyi altında uzunmüddətli sülhə nail olmaq üçün əməkdaşlığa hazır olduğunu vurğulayıb:
“O, həmçinin ABŞ-yə Ukraynanın strateji mineral ehtiyatlarına çıxış imkanı verəcək sazişin imzalanmasına açıq olduğunu bəyan edib. Bu mövqeyin dəyişməsi Zelenskinin ABŞ-nin maraqlarına daha çox uyğunlaşmaq cəhdi kimi görünür, bu da dayandırılmış hərbi yardımın bərpasına və Rusiyanın aqressiyasına qarşı dəstəyin davam etdirilməsinə yönəlib. Bəziləri bunu geri addım kimi qiymətləndirsə də, bu, Ukraynanın ABŞ ilə strateji tərəfdaşlığını qorumaq üçün praqmatik yanaşma kimi də dəyərləndirilə bilər”.
Siyasi şərhçi hesab edir ki, bu hadisə beynəlxalq diplomatiyanın mürəkkəb dinamikasını bir daha nümayiş etdirir:
“Çünki liderlər milli maraqları qlobal siyasi reallıqlarla uzlaşdırmaq məcburiyyətində qalırlar. Bu addım, eyni zamanda, Böyük Britaniyanın Ukraynaya uzunmüddətli sülhməramlı qüvvə göndərə bilməyəcəyinin aydın olmasından sonra Baş nazir Kir Starmerin Zelenskini Tramp ilə barışığa çağırması və İtaliyanın Baş naziri Corciya Meloninin bu məsələni tamamilə rədd etməsi fonunda atılıb”.
“Əhəmiyyətli məqam ondan ibarətdir ki, Tramp hərbi yardımın dayandırılmasına görə məsuliyyəti Zelenskinin üzərinə qoymağa çalışıb və ona qarşı təzyiq göstərmək məqsədilə kəskin tədbirlər tətbiq edib. Eyni zamanda, Zelenskinin mövqeyinin üzrxahlıq deyil, praqmatik yanaşma olduğu görünür. Belə ki, həftəsonu Tramp Zelenskini yenidən Vaşinqtona dəvət edərək, ictimai üzr istəməsini tələb edib, ona görə ki, vitse-prezident Vens və digər rəsmilər isə onun vəzifəsindən istefa verməsi üçün təzyiqlərini artırıblar. Hazırkı mərhələdə Zelenski üzr istəməyib və əgər mineral sazişi imzalanacaqsa, bu, Vaşinqtonda deyil, daha aşağı səviyyəli rəsmilər arasında reallaşa bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az