“Bütün hallarda münasibətlərdəki bu soyuqluq Zalujnının vəzifədən azad olunması ilə nəticələndi”.
Bu sözləri Ukrayna prezidenti Volodimir Zelenskinin ordunun baş komandanı vəzifəsində Valeri Zalujnını Aleksandr Sırski ilə əvəzləməsini şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Rövşən Məhərrəmov bildirib ki, Zalujnı müharibədə dönüş yaradılması üçün irəli sürdüyü tələblərdə haqlı idi:
“Aleksandr Sırskinin də orduda müəyyən nüfuzu var, ancaq Zalujnı qədər populyar deyil. Bu müharibədə əsas çətinlik məhz Zalujnının üzərində idi. Aleksandr Sırski isə Kiyevin müdafiəsini təşkil etmişdi və orada uğurlu fəaliyyəti ilə seçilmişdi.
Ancaq onun Baxmutdakı fəaliyyətini uğurlu adlandırmaq olmaz. Tabeliyindəki qüvvələri vaxtında geri çəkməməsi və ciddi itkilər verməsi ordu daxilində onu sevilməyən fiqurlardan birinə çevirmişdi.
Zalujnı müharibədə dönüş yaradılması üçün irəli sürdüyü tələblərdə haqlı olsa da, onun tələbləri yerinə yetirilmirdi. Buna görə də Zelenski ilə onun arasında soyuqluq yarandı. Zalujnı ilə Zelenski arasındakı soyuqluq orduya da təsir edə bilərdi. Bütün hallarda münasibətlərdəki bu soyuqluq Zalujnının vəzifədən azad olunması ilə nəticələndi.
Aleksandr Sırski yeni təyin edilsə də, ordunu tanıyır və döyüş bölgələrinə yaxşı bələddir. Ancaq ona vaxt lazımdır ki, ordunun Ali Baş Komandanı kimi hansısa işlər görə bilsin”.
Səxavət Məmməd
www.yenicag.az