Zelenskinin aylıq maaşı açıqlandı
Ukrayna lideri Volodimir Zelenski hazırda ayda 28 min qrivna (təxminən 1 125 AZN ) məvacib alır və əsasən biznes layihələrindən qalan şəxsi yığımlarına güvənir.
Yenicag.az xəbər verir ki, bu barədə məlumat hromadske.ua-nın araşdırmasında qeyd olunur.
Məlumata görə, 2024-cü ildə prezidentin maaşı ölkədəki orta dövlət qulluqçusu əməkhaqqısından iki dəfə az olub. Jurnalistlərin fikrincə, Zelenski rahat yaşayış səviyyəsini qorumaq üçün “Kvartal 95” dövründən qalan yığımlarından istifadə edir.
Ukraynalı iqtisadçı Vladimir Dubrovskinin sözlərinə görə, Zelenski uzun illər biznesdə uğurla çalışdığı üçün kifayət qədər böyük maliyyə ehtiyatına malikdir:
“Zelenskinin yaxşı yığımları var. O, biznesdə uğurlu olub, ona görə də bu vəzifədə könüllü kimi işləyə bilir.”
Bununla yanaşı, Ukrayna Prezident Administrasiyasının açıqladığı deklarasiyaya əsasən, Zelenski və ailə üzvləri ötən il ümumilikdə 15 milyon qrivnadan çox gəlir əldə ediblər. Bu rəqəmə prezidentin maaşı, bank faizləri və daşınmaz əmlakın icarəsindən gələn gəlirlər daxil edilib.












