Zelenskinin İrana qarşı Yaxın Şərq KARTI: "Rusiya bu addımı “cəbhənin genişlənməsi” kimi qiymətləndirə bilər"
“Bu təşəbbüsün reallaşması çətin olsa da, diplomatik dəyəri yüksəkdir”.
Bunu Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Sena Parlar deyib.
O, Ukrayna Prezidenti Vladimir Zelenskinin Yaxın Şərq liderləri Putini atəşkəsə razı salacağı təqdirdə, İran dronlarını vurmaq üçün ən yaxşı dron mütəxəssislərini bölgəyə göndərməyə hazır olduğuna dair bəyanatını şərh edib.
Siyasi şərhçi bildirib ki, Zelenskinin açıqlaması texniki hərbi təklifdən daha çox, strateji diplomatik gediş xarakteri daşıyır:
“Ukrayna İran istehsalı olan “Shahed” dronları ilə ən intensiv şəkildə qarşılaşan ölkə olduğu üçün bu sahədə ciddi əməliyyat təcrübəsi qazanıb. Bu təcrübəni “ixrac etməyə hazırıq” deməsi Kiyevin artıq təkcə yardım alan deyil, eyni zamanda, təhlükəsizlik təmin edən aktor kimi mövqe tutmaq istədiyini göstərir. Lakin əsas sual budur: Zelenskinin Yaxın Şərq liderlərinin Putini atəşkəsə razı salması şərti nə dərəcədə realdır və region ölkələrinin Moskva üzərində təsiri, doğrudanmı, bu qədər həlledicidir?
Bu təklif praktik addımdan çox siyasi mesaj xarakteri daşıyır. Rusiyanı qısa müddətdə xarici təzyiq vasitəsilə atəşkəsə məcbur etmək çətin görünür. Moskva müharibədə təşəbbüsü itirmədiyi müddətdə strategiyasını dəyişməyə meyilli deyil. Digər tərəfdən, Ukraynanın hərbi mütəxəssislər göndərməsi texniki baxımdan mümkün olsa da, siyasi baxımdan mürəkkəbdir. Belə addım Rusiya tərəfindən “cəbhənin genişlənməsi” kimi qiymətləndirilə və gərginliyi artıra bilər.
Bu açıqlamanın əsas ünvanı Qərb də ola bilər. “Biz yalnız yardım istəmirik, təhlükəsizlik də istehsal edə bilirik” mesajı Ukraynanın NATO və Avropa təhlükəsizlik arxitekturasında mövqeyini gücləndirməyə yönəlmiş strateji yanaşmanın tərkib hissəsi kimi görünür. Qısacası, bu təşəbbüsün reallaşması çətin olsa da, diplomatik dəyəri yüksəkdir. Ukraynanın beynəlxalq mövqeyini möhkəmləndirməyə hesablanmış siyasi çıxış kimi qiymətləndirilə bilər”.
Nəsimi Ələsgərli













