!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəlzələdən xəbər tutmaq üçün daha necə silkələnməliyik? - Aqil Bəkir yazır

!Reklam – Yazi

Noyabrın 20-də Şamaxı rayonu ərazisində 5,1 bal gücündə zəlzələ baş verdi. Rəsmi açıqlamaya görə, zəlzələ yerli vaxtla saat 16:46-da qeydə alınıb. Zəlzələ Şamaxı ilə yanaşı, ətraf rayonlarda da 4-3 bala qədər hiss olunub.

Zəlzələ baş verdiyi andan etibarən sosial şəbəkələrdə Şamaxıda güclü titrəyişin olduğu barədə məlumatlar yayıldı. Yayılan məlumatlar da yeni sosial reallığa uyğun olaraq əhali arasında təşvişin yaranmasına səbəb oldu. Hətta mediada xəbər oxuculara çatdırılarkən “sosial şəbəkələrdə yayılan məlumata görə” cümləsindən istifadə edildi. Səbəb nə idi?

Səbəb o idi ki, saat 16:46-da qeydə alınan zəlzələ barəsində rəsmi açıqlama 17:40-da, yəni zəlzələnin baş verdiyi andan 54 dəqiqə sonra verilmişdi. Bu 54 dəqiqə boyunca cəmiyyətə heç bir məlumat verilməməsi, bilgisiz buraxılması Azərbaycan reallığı nəzərindən təəccüblü olmasa da, hər halda “tənqidəlayiq”dir. Rəsmi qurumların mətbuatla işləyə bilməməsi, baş verən hadisə ilə bağlı sosial şəbəkələrdə min cür versiyanın və həqiqətə yaxın belə düşməyən təxminlərin yazılması gerçəklikdən uzaq məlumatların ildırım sürəti ilə hər kəsə çatmasına səbəb olur. Bu barədə dəfələrlə yazılsa da, görünən odur ki, hələ bir nəticə hasil olmayıb.

Başqa bir ölkədə 5,1 bal gücündə zəlzələ baş verdiyi zaman bütün rəsmi qurumlar dərhal açıqlama verir, yerli idarəetmə orqanları əhalini məlumatlandırır, narahatlıq yaradacaq bir durumun olmadığı bildirilir, ikinci iş olaraq isə dağıntı və dəymiş zərər barədə ilkin məlumatları paylaşır, operativlik nümayiş etdirirlər. Bununla da insanlar arasında yaranan qorxu aradan qaldırılmış olur. Daha sonra isə zəlzələ barəsində daha geniş məlumatlar ictimaiyyətə çatdırılır.

Bəs bizdə? Dediyim kimi, bizdə jurnalistlər sosial şəbəkəyə istinad etməli olur, qurumlara zəng edib açıqlama alır – elə bil fövqəladə bir şey olmayıb – və daha nələr.

Məsələn, Fövqəladə Hallar Nazirliyi zəlzələ ilə bağlı məlumatı 19:15-də, Daxili İşlər Nazirliyi isə 20:23-də yayıb. İndi gəl inan ki, media zəlzələ ilə bağlı yazmamışdan qabaq bu nazirliklərin belə bir təbiət hadisəsi baş verdiyindən xəbəri olub. Sizi bilmirəm, ancaq mən inanmıram!

*

İkinci Qarbağ müharibəsindən sonra Müdafiə Nazirliyi vətəndaşlara sosial şəbəkələrdə yayılan məlumatlara etimad etməmələri barədə çağırış səsləndirdi. Lakin sərhəddə son baş verən hadisələr də göstərdi ki, nazirliyin bu müraciəti yersizdir. Ona görə yersizdir ki, informasiya ictimaiyyətə vaxtında açıqlanmır. Əgər MN anında insanları informasiya ilə təmin etsə, o zaman heç bir “yalan” və “qeyri-rəsmi” məlumatlar bu qədər geniş yayılmaz.

Dediyim odur ki, öz gözünüzdə tiri görməyib, başqasının gözündə çöp axtarmayın, ey qurumlar!

İnformasiya azlığı cəmiyyətdə belə bir aclıq yaradır. Bu aclıq da ajiotaja səbəb olur. Ən son Xəzər dənizində palçıq vulkanı püskürdüyü zaman da eyni şeyləri yaşamışdıq. Heç nə dəyişməyib, köhnə hamam, köhnə tas!

Zəlzələdən olmasa da, vəlvələdən nə desən, olar. Bəs onda qurumların fəaliyyətsizliyindən və zəlzələnin vəlvələsindən kimə sığınmalıyıq?

www.yenicag.az

793
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv