Zəng kimin üçün ÇALIR? – Kreml niyə TRIPP layihəsindən NARAHATDIR?
“Zəngəzur dəhlizi məsələsi ilə bağlı ABŞ-də keçirilən üçtərəfli görüş zamanı müəyyən razılaşmalar və sənədlər imzalandı. Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ABŞ Prezidentinin şahidliyi ilə birgə bəyanata imza atdılar. Təbii ki, bu sənəd ilk növbədə Azərbaycanın təşəbbüskarı olduğu Zəngəzur dəhlizi layihəsinin reallaşmasına təkan verəcək”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.
Siyasi təhlil TRIPP layihəsinin reallaşması fonunda Kremlin əsassız narahatlıqlarının səbəbini izah edib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi yalnız Azərbaycan və Ermənistan üçün deyil, eyni zamanda bölgədə yerləşən digər dövlətlər, eləcə də Uzaq Çindən Avropaya qədər uzanan Orta Dəhliz marşrutu üzərində yerləşən ölkələr üçün böyük strateji və iqtisadi əhəmiyyət daşıyır:
“Ermənistan Baş nazirinin açıqlaması da bu baxımdan reallığı əks etdirir. Azərbaycan tərəfi ilk gündən bəyan edib ki, Zəngəzur dəhlizi qlobal əhəmiyyətli bir layihədir və Cənubi Qafqazda sülhün, təhlükəsizliyin dayanıqlı olmasına xidmət edəcək. Eyni zamanda, həm Rusiya, həm də İran bu dəhlizdən öz iqtisadi dividentlərini əldə edə biləcək. Azərbaycanın yerləşdiyi strateji mövqe sayəsində Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra bölgədə nəqliyyat-kommunikasiya xətlərində böyük şaxələnmə yaranacaq. Bu, həm Rusiya, həm də İran üçün iqtisadi fəallığın artması, enerji və digər məhsulların daşınması baxımından mühüm üstünlüklər yaradacaq”.
“Bununla belə, siyasi baxımdan Rusiya və ya İran layihənin həyata keçirilməsi ilə bağlı müəyyən fikir ayrılıqları irəli sürə bilər. Çünki Rusiya Cənubi Qafqazda təsir imkanlarını qorumaq və siyasi dividentlər əldə etmək üçün ciddi səylər göstərir. Lakin əsas diqqət layihənin iqtisadi aspektinə yönəldildikdə, bütün tərəflər üçün müsbət nəticələr və gəlirlər qaçılmazdır”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov