Zəngəzur dəhlizi üzərindən yeni İran-Rusiya OYUNU – Tehran NƏ PLANLAŞDIRIR?
“İran Rusiyanı öz tərəfinə çəkmək istəyir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.
O, Zəngəzur dəhlizinə region ölkələrinin münasibətini və İranın ali rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətinin bəyanatını şərh edib.
Politoloq bildirib ki, belə bir bəyanatla Vilayəti Zəngəzur dəhlizinin Qərb hərbi birliyi NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiyada əhatə dairəsini genişləndirməsinə imkan verəcəyini, beləcə İran və Rusiyanın cənub bölgəsində maneələr yaradacağını irəli sürür:
“Həmin bəyanatda Zəngəzur dəhlizi geosiyasi rəqabət amili kimi göstərilir. Bununla yanaşı, Rusiyaya qarşı təhlükə yaratması ilə bağlı fikirlərlə Moskvanın dəstəyi alınmağa çalışılır. Yəni NATO-nun və Rusiyaya qarşı təhlükənin vurğulanması məhz buna hesablanıb. Nəzərə almaq lazımdır ki, həmin proseslərdən qıraq qalan Tehran İrəvan üçün əlavə yol idi. İran zaman-zaman Zəngəzur dəhlizi məsələsini gündəmə gətirərək Rusiyanın yanaşmasına təsir etməyə çalışırdı. İndi isə yeni reallıqlar formalaşıb. Rusiyanın aktiv rolu zəifləyib. Son zamanlar İrandan Zəngəzur dəhlizi məsələsində ard-arda bəyanatların səsləndirilməsində də məqsəd budur. Qısacası, İran, Rusiyanı öz tərəfinə çəkmək istəyir”.
Nəsimi Ələsgərli