Zəngəzur dəhlizindən Strateji Xartiyaya – Vaşinqton görüşünün tarixi nəticələri necə YADDA QALACAQ?

media-hightechnic-468x90

“Vaşinqton görüşündən sonra bölgədə yeni siyasi arxitektura formalaşır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

media-vuqariskenderov1

Millət vəkili bu gecə Vaşinqtonda baş tutan ABŞ, Azərbaycan və Ermənistan liderlərinin görüşünün nəticələrini şərh edib.

V. İsgəndərov sonuncu görüşdən sonra Azərbaycanın bölgədə gücünün artdığını qeyd edib:

“Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsi, eləcə də antiterror əməliyyatlarındakı uğurlu qələbəsi, suverenliyimizi tam bərpa etməyimiz, diplomatik masalardakı uğurlar dünən Vaşinqtonda öz məntiqi nəticəsinə, hədəfinə çatmış oldu. Müharibədə qazanılan uğurlarımız diplomatik masada da onun ardını gətirdi və hədəfə çatmış olduq. Şanlı qələbələrimiz davam edir və cənab Prezidentin ABŞ-yə işgüzar səfəri çərçivəsində Vaşinqtonda keçirilən ikitərəfli görüşlərdə qazandığımız uğurlar hər birimizi azərbaycanlı kimi qürurlandırır. Masada müzakirə olunan məsələlər, verilən bəyanatlar Azərbaycan Prezidentinin gündəmində olan məsələlər idi. Əvvəla Azərbaycan-ABŞ münasibətlərinə baxsaq, yaxın zamanlarda Strateji Tərəfdaşlıq Xartiyasının imzalanacağı gözlənilir. Bunun üçün artıq işçi qrupları yaradılıb. Onlar bu protokolu hazırlayacaqlar və güman ki, yaxın zamanda iki ölkə başçısı onu imzalayacaq. Bu çox vacib məsələdir”.

Eks-Prezident Co Baydenin dövründə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən ABŞ-nin artıq Tramp hakimiyyəti ilə Azərbaycan-ABŞ maraqlarının üst-üstə düşdüyünü qeyd edən V. İsgəndərov yaxın gələcəkdə iki ölkə arasında bir çox sahələrdə əlaqələrin genişləndiriləcəyini də qeyd edib:

“Bayden hakimiyyətinin dönəmində onların yarıtmaz siyasəti nəticəsində korlanmış iki ölkə arasındakı münasibətlər artıq geridə qalır və Azərbaycan-ABŞ arasında yeni hərtərəfli münasibətlər formatı yaradılmış olur. Təbii olaraq, Donald Trampın həm Azərbaycan Prezidenti cənab İlham Əliyevə, həm də Azərbaycan xalqına olan münasibəti aydındır. Onun dediyi kimi, Azərbaycan xalqı möhtəşəm xalqdır. Bu fikirdə elə bütün məsələlər ifadə olunur. Azərbaycan-ABŞ ilə həm təhlükəsizlik, həm terrorla mübarizədə, həm iqtisadi, humanitar, enerji, İKT və bir çox sahələrdəki əməkdaşlığı bu müqavilə ilə zirvəyə qalxacaq və artıq ikitərəfli münasibətlər bütün sferalarda inkişaf edəcək”.

“Paralel olaraq Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanması ilə bağlı görülən işlər, müqavilənin bəndlərinin paraflanması bu müqavilənin imzalanmasının bir addımlığı deməkdir. Təbii ki, prezident müsahibəsində də bildirdi ki, ev tapşırığı verilib. Ermənistanla sülh müqaviləsi imzalanması üçün konstitusiyasındakı bədnam bəndlər çıxarılmalıdır, ondan sonra müqavilənin imzalanması üçün heç bir maneə qalmır. Paşinyan kifayət qədər məsələlər üçün işlər görüb, bu, danılmaz faktdır. Təbii ki, o bunu da etməlidir. Ermənistan cəmiyyəti də anlamalıdır ki, iki ölkə arasındakı münasibətlərin formalaşması hər iki ölkəyə yalnız fayda gətirəcək”, – deyə o, əlavə edib.

Vaşinqton görüşündə digər həll edilən məsələləri sadalayan deputat Cənubi Qafqazda ən böyük dövlətlərin vətəndaşları olduğumuzu bir daha diqqətə çatdırıb:

“Vaşinqtonda digər həll olunan məsələ isə 907-ci bəndin Tramp tərəfindən ləğv edilməsi idi. Bundan başqa, iki ölkənin qarşılıqlı olaraq ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müraciətləri, Zəngəzur dəhlizinin açılması ilə bağlı olan məsələlər də oldu. Bölgəmizdə yeni siyasi arxitektura formalaşır. Burada əsas oyunçu Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycandır və Azərbaycanın artan gücü bütün dünya ölkələri tərəfindən qəbul edilir. Cənab Prezident ən çox hörmət olunan, ən nüfuzlu qlobal liderlərdən biridir. Bu da azərbaycanlı olaraq hər birimizi qürurlandırır”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa