Zəngəzurda “Tramp izi”: ABŞ-nin dəhlizə nəzarət istəyi bölgəni ALOVLANDIRDI
“Dəhlizin ABŞ-yə verilməsi Rusiya və İran tərəfində qıcıq əmələ gətirəcək”.
Bu fikri Zəngəzur dəhlizi ətrafında baş verən proseslər, “Tramp körpüsü” iddiasının ortaya atılmasını Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
Onun sözlərinə görə, “Tramp körpüsü” baş tutacaq:
“Dəhliz Cənubi Qafqaz üçün çox əhəmiyyətlidir. Ermənistanın zəifliyindən istifadə edib bu dəhlizi başqa məcralara çəkmək istəyirlər. Nəzərə almaq lazımdır ki, dəhliz Ermənistanın bir hissəsidir. Bununla əlaqədar Ermənistanın da mövqeyi var. Ermənistan dəhlizin kimə verilməsi və statusunu müəyyənləşdirmək istəyir. Bunlar Ermənistanla razılaşdırılmalıdır”.
Müsahibimiz diqqətə çatdırıb ki, 2026-cı ildə Ermənistanda seçkilər nəzərdə tutulub:
“Bu seçkilərə müdaxilə etmək istəyən Rusiya var. Bundan əlavə, diaspora təşkilatları da Paşinyana təzyiq edir. Ermənistan dəhlizin açılmasını, böyük ehtimalla, uzadacaq. Dəhlizin ABŞ-yə verilməsi Rusiya və İran tərəfində qıcıq əmələ gətirəcək. Dəhliz, demək olar ki, həllini tapıb və bu Trampın adı ilə bağlıdır. İsrail-HƏMAS, Pakistan-Hindistan toqquşmasından sonra bu da Trampın böyük nailiyyətlərindən biri kimi təqdim olunacaq. “Tramp körpüsü” olacaq, burada ikinci variant yoxdur. Sadəcə olaraq bu məsələ bir qədər uzana bilər”.
Səxavət Məmməd