“Zəngilan qələbəsindən sonra düşmən mühasirəyə alınaraq...” – ZƏFƏR TARİXİ
“Azərbaycan Silahlı Qüvvələri düşmən tapdağı altında olan ərazilərimizin hər qarışı uğrunda qəhrəmanlıq göstərərək, öz qanı və canı bahasına torpaqlarımızı işğaldan azad etdi”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Zəngilan şəhər günü ilə bağlı danışarkən deyib.
O bildirib ki, şəhərin azad edilməsi asan başa gəlməyib:
“Ordumuz Zəngilandan əvvəl Cəbrayıl və digər yaşayış məntəqələrini işğaldan azad edərək düşməni ağır məğlubiyyətə məruz qoymuşdu. Bundan başqa, Ermənistan tərəfində xeyli sayda fərari var idi. Düşmən çox sayda silah-sursatını, döyüş texnikasını ataraq geri çəkilməyə məcbur olmuşdu. Digər rayonların və yaşayış məntəqələrinin ordumuzun nəzarətinə keçməsi Zəngilanın da azad olunması, həmçinin qoşunlarımızın kifayət qədər yüksək templə hücumu davam etdirməsinə münbit şərait yaratmışdı”.
Ə.Verdiyev əlavə edib ki, Zəngilan zəfərimiz Qubadlının da azad olunmasına şərait yaratdı:
“20 oktyabr qələbəsindən sonra Qubadlı da qısa müddət ərzində mühasirəyə alınaraq işğaldan azad olundu. Şəhərin azad olunmasına görə 7000-ə yaxın hərbi qulluqçu medalla təltif olunub. Bu şəxslər əməliyyatlarda birbaşa iştirak edən hərbçilərdir”.
Məlik Məlikov