Zəvvarlar ebola təhlükəsini Azərbaycana daşıyacaq? – Açıqlamalar – Özəl
Rəhimə Dadaşova: “Bu, QMİ-nin səlahiyyətində deyil”
Səfayət Əhmədova: “Hələlik, ölkəmizdə ebola virusu təhlükəsi yoxdur”
Ebola virusu can almaqda davam edir. Artıq bu xəstəlik Avropaya da ayaq açıb. İspaniyadan olan tibb bacısında da həmin virus tapılıb.
Qeyd edək ki, ebola virusu özünü Afrikanın qərbində daha kəskin şəkildə göstərir. Hazırda bildiyiniz kimi, dünya müsəlmanları Səudiyyə Ərəbistanında Həcc ziyarətindədirlər. Onlar arasında Azərbaycandan, habelə, ebola virusunun çoxsaylı insanın canını aldığı Nigeriyadan da gələnlər var. Bu isə oradakı soydaşlarımızın virusa tutulma risqini istər-istəməz artırır. Görəsən, soydaşlarımız ziyarətdən qayıtdıqdan sonra, onların nəzarətdən keçməsi üçün ölkənin müvafiq qurumları hansı addımları atmaq niyyətindədir?
Yenicag.az saytına açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidməti rəhbəri Rəhimə Dadaşova bildirdi ki, həmin məsələ onların səlahiyyətlərinə daxil deyil: “Məsələ ondadır ki, dediyiniz bu məsələ ilə bağlı hər halda sağlamlıqla məşğul olan müvafiq qurumlar maraqlanmalıdır. Həkim briqadamız isə ziyarətə gedən zəvvarları müşayiət edir. Qayıdandan sonra isə məsələ ilə hər bir zəvvarın yaşayış yerinə görə, təhkim olunduğu ərazinin tibb müəssisələri maraqlanmalıdır. Bu, QMİ-nin səlahiyyətində olan məsələ deyil. Sadəcə olaraq, onların ziyarətə gedərkən sağlamlıq kağızı alınmasını təşkil etmişik. Həmçinin, səfər müddətində QMİ-nin təyin etdiyi həkim briqadası da onları orada müşayiət edir. Hələlik, bu istiqamətdə hər hansı bir problem yoxdur. Problem olsaydı, məsələni lazımi qurumlar qarşısında qaldırardıq. Ümumilikdə, profilaktik baxımdan, zəvvarlar qayıtdıqdan sonra ərazi üzrə təhkim olunduğu poliklinikalarda müşahidədən keçsələr yaxşı olar. Hər halda bu ana qədər problem olmadığından, belə bir məsələni qaldırmamışıq”.
Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Səfayət Əhmədova isə saytımıza açıqlamasında prosesin ciddi nəzarət aldında olduğunu dedi: “Ümumiyyətlə, bütün xarici ölkələrə gedən və gələnlər sərhəd keçid məntəqələrində yoxlanılır. Xüsusən də, xəstəliklərin, əsasən də ebola ilə bağlı olaraq, artdığı bir zamanda Səhiyyə Nazirliyi bir neçə məntəqə və quruma sərhəddə yoxlamaların daha da gücləndirilməsi barədə tapşırıqlar verib. Hələlik, ölkəmizdə ebola virusu təhlükəsi yoxdur. Sanitar nəzarət sistemi də güclüdür. Bu istiqamətdə bizə hər hansı müraciətlər də olunmayıb”.
Rüfət/Yenicag.az