Əməkdar artist, xanəndə Süleyman Abdullayev tələbə yoldaşı dünyaşöhrətli sənətkar, xalq artisti Zeynəb Xanlarova ilə bağlı maraqlı faktlar açıqlayıb.
Yenicag.az-a danışan S.Abdullayev 60 illik sirlərini bölüşüb: “İlk dəfədir ki, bunu sizə danışıram, Zeynəb özü də oxusa kövrələcək. 1960-70-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində Seyid Şuşinskinin sinfində oxuyanda, tələbə qızlarla tanış oldum. Qızların içində ərəb qızına oxşayan, gözəl bir qız vardı. Gözünün gözəlliyi nəyə desən dəyərdi. Məktəbdə bütün oğlanlar onun gözəlliyinə aşiq idi. Bir dəfə dərsdə Zeynəb “Çahargah” muğamını necə oxudusa, Ağa (Seyid Şuşinskini nəzərdə tutur) heyrətini gizlədə bilmədi. Tələbələrin içində onu təriflədi. Hərçənd Ağa çox ağır təbiətli insan idi, hələm-hələm ürək sözlərini deməzdi. Zeynəb çox cəsarətli qız idi, dedi ki: ”Ağa, mən bu muğamı lentə yazdırmaq istəyirəm”. Ağa elə an razılığını verdi, Zeynəb həmin muğamı lentə aldırdı. Qadınlar arasında muğamı ilk dəfə lentə aldıran müğənni Zeynəb xanım olub”.
S.Abdullayev əməkdar artist fəxri adını almasında tələbə yoldaşının dəstəyini qeyd edib: “Zəng edirəm, amma onun qəbuluna düşmək mümkün deyil. Lakin məni unutmayıb. Bir dəfə efirdə dedi ki, Seyidin çox tələbəsi olub, amma onların arasında iki gözəl səsli tələbəsi vardı; birincisi mən idim, ikincisi Süleyman Abdullayev. O sözdən sonra mənə əməkdar artist adını verdilər. Vallah, heç vaxt “filankəs fəxri ad aldı, mən qaldım” düşüncəsi ilə yaşayan adam olmamışam. Seyidin tələbəsi olmağım elə mənim üçün fəxri addır. Ağa özü də 74 yaşında xalq artisti adını alıb”.
Cəvahir Nehru
www.yenicag.az