"Zibil daşınması, lift, mühafizə... " – Komendant pulu ləğv olunsa, binalar necə idarə olunacaq?

media-hightechnic-468x90

“Daha düzgün yanaşma komendant pulunun ləğvindən çox, onun tənzimlənməsi üçün normativ-hüquqi mexanizmin yaradılmasıdır”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, “VECON CONSULTING” şirkətinin direktoru Vüqar Oruc deyib.

media-1649927315_vugaroruc

O, mediada yayılan komendant pulunun ləğvi ilə bağlı xəbərlərə aydınlıq gətirib.

V. Oruc bildirib ki, yayılan məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib:

“Lakin bu xidmətlərin binalarda birbaşa sakinlərin iştirakı ilə təşkil olunması daha məqsədəuyğun görünür. Bunun üçün bina sakinləri arasından cavabdeh şəxsin müəyyən edilməsi, eləcə də həmin binada xidmət göstərmək imkanına malik şəxslərin işə cəlb olunması, onların əməkhaqqı və xidmət xərclərinin şəffaf şəkildə müəyyən edilməsi vacibdir.

Komendant pulunun tam ləğvi iqtisadi baxımdan əsaslandırılmış addım sayılmır. Çünki bu ödənişlər liftlərin istismarı, zibilin daşınması, mühafizə və digər kommunal xidmətlərin həyata keçirilməsi, həmçinin həmin sahədə çalışan işçilərin əməkhaqlarının ödənilməsi üçün nəzərdə tutulur. Bu vəsaitin bütövlükdə mənimsənilməsi fikri doğru deyil. Ləğv baş verdiyi halda isə eyni xərclər ayrı-ayrı ödənişlər şəklində yenidən ortaya çıxacaq. Bu da faktiki olaraq mövcud vəziyyətin dəyişməməsi deməkdir.

Daha düzgün yanaşma komendant pulunun ləğvindən çox, onun tənzimlənməsi üçün normativ-hüquqi mexanizmin yaradılmasıdır. Ərazilər üzrə əmsalların tətbiqi, minimum və maksimum məbləğlərin müəyyən edilməsi, xüsusilə prestijli ərazilərdə əsassız yüksək tariflərin qarşısının alınması vacibdir. Ən optimal variant bina sakinləri tərəfindən idarəedici qurumun yaradılmasıdır. Bu mümkün olmadıqda ixtisaslaşmış şirkətlərlə müqavilə bağlanmalı, son variant kimi isə dövlət tərəfindən ödəniş hədləri müəyyən edilməlidir. Əks halda yüksək ödənişlər və keyfiyyətsiz xidmətlər sakinlər arasında narazılıq yaradır, borcların artmasına və binaların idarə edilməsində ciddi problemlərə səbəb olur”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa