100 yaşın açarı tapıldı! Qan analizləri uzun ömrün sirrini ortaya çıxardı
İsveçdə aparılan genişmiqyaslı araşdırma bəzi qan göstəricilərinin uzunömürlülüklə əlaqəli ola biləcəyini üzə çıxarıb.
Yenicag.az xəbər verir ki, GeroScience jurnalında dərc olunan araşdırmada 64-99 yaş aralığında sağlamlıq müayinəsindən keçmiş 44 min İsveç vətəndaşının məlumatları təhlil edilib. Onlar 35 il ərzində izlənilib və bu müddət ərzində 1 224 nəfərin (2,7 faiz) 100 yaşa çatdığı müəyyənləşib. Uzunömürlülərin 85 faizini qadınlar təşkil edib.
Tədqiqatçılar yaşlanma və ölüm riskləri ilə əlaqəli 12 fərqli qan göstəricisini araşdırıblar. Bunlara iltihablanma, metabolizma, qaraciyər və böyrək funksiyaları, həmçinin qidalanma və qanazlığı göstəriciləri daxildir.
Mütəxəssislərin sözlərinə görə, 100 yaşına çatan şəxslərdə 60 yaşdan etibarən daha aşağı qlükoza (qan şəkəri), kreatinin (böyrək funksiyası) və sidik turşusu səviyyəsi müşahidə olunub.
Araşdırma zamanı aşağıdakı məqamlar üzə çıxıb. Həddindən artıq yüksək və ya çox aşağı dəyərlər nadir hallarda müşahidə olunub. Klinik “normal” hesab edilən göstəricilərdən kənar nəticələr də qeydə alınıb ki, bu da həmin dəyərlərin daha çox gənc və sağlam şəxslərə görə müəyyənləşdirildiyini göstərir. Ümumi xolesterin və dəmir səviyyəsi ən aşağı olanların 100 yaşa çatma ehtimalı daha az olub. Yüksək qlükoza, kreatinin, sidik turşusu və bəzi qaraciyər fermentləri uzunömürlülük şansını azaldıb. Sidik turşusu səviyyəsi ən aşağı olan şəxslərin 4 faizi, ən yüksək olanların isə yalnız 1,5 faizi 100 yaşa çata bilib.
Alimlər bildiriblər ki, fərqlər kiçik olsa da, statistik baxımdan əhəmiyyətlidir. Bu isə metabolik sağlamlıq, düzgün qidalanma və uzunömürlülük arasında birbaşa əlaqə olduğunu sübut edir.
Mütəxəssislər əlavə ediblər ki, genetik faktorlar və şans amili də nəzərə alınsa belə, uzunömürlülük illər öncədən başlayan bioloji göstəricilərlə formalaşır.
Yenicag.az