Xəbər verdiyimiz kimi, bu gün Mudafiə Nazirliyinin yaydığı məlumatda Türkiyəli general-polkovnik Bəxtiyar Ərsay Azərbaycan müdafiə nazirinin müşaviri kimi təqdim olunub.
Bəs həm Türkiyədə, həm də Azərbaycanda xüsusi şan qazanmış Bəxtiyar Paşa, əslində, kimdir?
Yenicag.az xəbər verir ki, Bəxtiyar Ərsay 1969-cu ildə anadan olub.
1991-ci ildə hərbi məktəbdən məzun olub. Haqqında yazılmış yazılarda, iradəli, sərt, dediyindən dönməyən “gözüqara” şəxs kimi tərif edilir.
Bu günə qədər həm Türkiyədə, həm də sərhəddən kənarda bir çox uğurlu əməliyyata imza atan Bəxtiyar Ərsaya tarixə “Balyoz davası” deyə keçən, Fətullahçı terror təşkilatı (FETÖ) tərəfindən hazırlanan məhkəmə prosesində saxta ittihamlarla 16 il həbs cəzası verilib. Təxminən 3 il (2011-2014) həbsdə qaldıqdan sonra isə bəraət alıb və aktiv vəzifəsinə geri dönüb.
“Aydınlık” qəzetinin yazdığına görə, Ersoy atasının onun həbsə düşdüyünü görmədən öldüyünə görə hər zaman şükür etdiyini deyib.
Daha sonra sərhəd məntəqəsinə göndərilən Bəxtiyar Paşa PKK terror təşkilatına vurduğu zərbələrlə də tanınıb.
2016-cı ildə İraqla sərhəddə terrorçuların hücumu nəticəsində 11 nəfərin şəhid olmasından sonra ərazidə əməliyyat təşkil edərək 207 terrorçunu zərərsizləşdirib, strateji Qaratəpə yüksəkliyini ələ keçirərək Türkiyə bayrağını ora sancıb. Proses isə sadəcə 45 dəqiqə çəkib.
Bu ilin 19 avqustunda isə Bəxtiyar Ərsoy korpus komandiri olaraq təyinat alıb.
Bəxtiyar Paşa, həmçinin öz zəngin təcrübəsiylə 44 günlük Vətən müharibəsində erməni və onların havadarlarının da qorxulu röyasında çevrilməyi bacarıb.
www.yenicag.az