Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk baş naziri Fətəli xan Xoyskinin qətlindən 98 il ötür.
Yenicag.az xəbər verir ki, 1920-ci il aprelin 27-də Cümhuriyyətin bolşevik Rusiyası tərəfindən işğalından sonra Tiflisə yerləşən Fətəli xan Xoyski həmin il iyunun 19-də erməni terrorçuları Aram Erkanyan və Misak Qriqoryan tərəfindən qətlə yetirilib.
Terrorçuların arxadan açdıqları atəş nəticəsində dünyasını dəyişən xan Xoyski Tiflis Botanika bağı ərazisindəki köhnə müsəlman qəbiristanlığında dəfn olunub. Keçmiş baş nazirin dəfnini Tiflisdəki Qacar konsulluğu təşkil edib.
Xatırladaq ki, xan Xoyski də ermənilərin 1-ci Dünya Müharibəsindən sonra Qərb dövlətlərinin dəstəyi ilə həyata keçirdikləri, Osmanlı İmperiyası və AXC liderlərinə qarşı “Nemezis” “qisas hərəkatı” nəticəsində öldürülüb.
AXC parlamentinin sədr müavini Həsən bəy Ağayev, AXC daxili işlər naziri Behbud xan Cavanşir, o cümlədən Osmanlı İmperiyasının baş nazirləri Tələt Paşa və Səid Hilmi Paşa, həmçinin Camal Paşa, Osmanlı xüsusi xidmətinin rəisi olmuş Bahəddin Şakir də “Nemezis” erməni terrorunun qurbanı olub.
Bu və digər dövlət xadimlərini qətlə yetirən erməni terrorçuları Antanta dövlətlərinin himayəsi sayəsində cəzasız qalıblar.
www.yenicag.az