1991-ci il sərhədləri GÜNDƏMDƏ – Zalujnı Zelenskiyə nəyi DİKTƏ EDİR?
“Ümumiyyətlə, Ukrayna-Rusiya müharibəsinin nəticələri barədə proqnoz vermək çox çətindir. İndidən müharibənin necə yekunlaşacağına dair konkret fikir söyləmək çətindir. Əsas sual budur ki, bu müharibə Ukraynanın ərazi bütövlüyü ilə nəticələnə bilərmi? Mövcud qlobal geosiyasi reallıqlara baxanda, 1991-ci ilin sərhədlərinə tam geri qayıdış inandırıcı görünmür, ona görə ki bu, praktiki olaraq mümkün deyil”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.
Siyasi təhlilçi Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnının ölkəsinin 1991-ci il sərhədlərinə geri qayıtmasının mümkünsüzlüyü ilə bağlı səsləndirdiyi fikirlərə, habelə müharibənin arealının genişlənməsi məsələsinə toxunub.
Analitik xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Nyu-Yorkda səsləndirdiyi fikrə görə, müharibə uzun sürəcək və Qərbin Ukraynaya dəstəyi məhduddur:
“Burada bir neçə əsas məqamı qeyd etmək lazımdır. Birincisi, Ukrayna və Rusiyanın həm hərbi, həm iqtisadi resurslarını düzgün qiymətləndirmək vacibdir: Ukraynanın hərbi və iqtisadi gücü ilə Rusiyanın gücünü eyniləşdirmək mümkün deyil. Rusiyanın hərbi və iqtisadi potensialı Ukraynanınkından xeyli üstündür və bu ciddi problem yaradır. İkincisi, Qərbin yardımı vacib olsa da, indiki halda yetərli deyil. Ukraynanın hava hücumlarına qarşı müdafiəyə, kadr və sursat dəstəyinə ciddi ehtiyacı var və Qərb bu tələbləri lazımi səviyyədə təmin edə bilmir. Belə şərtlər altında Ukraynanın müqavimət göstərməsi böyük qəhrəmanlıqdır və rəşadətli hesab olunmalıdır, çünki bu, nəzarətə alınası uğurdur. Lakin bu, müharibənin nəhayətində ərazi bütövlüyünə zəmanət demək deyil”.
“Üçüncüsü, hər iki tərəfi hərbi və iqtisadi baxımdan bərabərləşdirmək mümkün deyil. Rusiyanın ordusu, hərbi texnikası və resursları daha çoxdur; cəbhə xətti genişdir və relyefin özünəməxsus çətinlikləri var. Dördüncü məqam: Qərbin Ukraynanı qələbəyə daşımaq üçün daha sıx, əlaqəli və qətiyyətli dəstək göstərməsi lazımdır və bunun üçün həm hərbi yardım, həm diplomatik təzyiqlər, həm də iqtisadi sanksiyalar daha da sərtləşdirilməlidir. Lakin bugünkü reallıqda Rusiyanı yalnız sanksiyalarla “çökdürmək” real deyil; sanksiyalar Rusiyanın iqtisadiyyatına ciddi zərbə vursa da, öldürücü deyil. Rus xalqının xarakteri və mentaliteti də nəzərə alınmalıdır”, – deyə o, əlavə edib.
Müsahibimiz yekunda söyləyib ki, Rusiyanı çökdürmək və ya qısa müddətdə Ukraynanın 1991-ci il sərhədlərinə tam qayıtmasını təmin etmək üçün Qərbin vahid və qətiyyətli mövqeyi olmalıdır:
“Təəssüf ki, hələ vahid mövqe görünmür. Əgər Qərbin vahid və aydın strategiyası formalaşarsa, Ukrayna məsələsi ilə bağlı daha real proqnozlar vermək olar. Hazırkı reallıqda Ukraynanın müharibəni qələbə ilə, tam ərazi bütövlüyü ilə bitirməsi yaxın perspektiv üçün qeyri-real görünür. Ən real ssenari atəşkəsin əldə olunması, Ukraynanın iqtisadi və hərbi bərpası və beynəlxalq dəstəyin davamı vasitəsilə mərhələli irəliləyişdir”.
Rafi Müslümov