“200 manatlıq əsginazların dövriyyəyə buraxılması məsələsini gündəmdə gətirərək diqqət mərkəzində saxlamaq hesab edirəm ki, Azərbaycan iqtisadiyyatı üçün zərərli tendensiyadır”
Bu sözləri Yenicag.az-a açıqlamasında yaxın dönəmdə Azərbaycanda 200 manatlıq əsginazların buraxılacağı ilə bağlı ortaya gətirilən fikirlərə münasibət bildirərkən iqtisadçı alim Nazim Bəydəmirli deyib:
“200 manatlıq əsginazların dövriyyəyə buraxılması məsələsi bir neçə il bundan qabaq gündəmə gəlmişdi. Bu səbəbdən bir daha təkrar edirəm ki, Mərkəzi Bank, fiskal və monitar siyasətlə məşğul olan orqanlar daha çox ölkədə prezidentin nağdsız hesablaşmaları stimullaşdırmaq barədə verdiyi sərəncamların icrası barədə düşünməlidir. Bilirsiniz ki, Azərbaycanda minimum əmək haqqı 130 manat, orta aylıq əmək haqqı da 550 manatdır. Ona görə yaşayış minimumu aşağı olan bizim kimi ölkədə böyük əsginazlara ehtiyac yoxdur. Əslində, böyük əskinaslar inflyasiyanı stimullaşdırır”.
Həmsöhbətimiz onu da vurğuladı ki, nağdsız ödənişi stimullaşdırmaq lazımdır:
“Daha çox nağdsız hesablaşmaları stimullaşdırmaq barədə düşünməliyik. ABŞ kimi ölkənin ən böyük əskinazı 100 dollardır. Düzdür, deyilə bilər ki, 500 avro da var. Çalışmaq lazımdır ki, insanlar nəğdsiz ödənişdən istifadə etməyə daha çox önəm versin. Bu zaman həm də vergidən yayınma halları azalar, kölgə iqtisadiyyatı daralar, iqtisadiyyatımıza müsbət təsir edər”.
Qeyd edək ki, “Azerbaijan Collectors” qrupunun iddiasına görə Mərkəzi Bank yaxın günlərdə 200 manatlıq əsginazları dövriyyəyə buraxacaq.
ELÇİN
www.yenicag.az