Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

2007-ci ildən bu günə qədər ali məktəblərə qəbul üzrə edilən DƏYİŞİKLİKLƏR - SİYAHI

2007-ci ildən bu günə qədər ali təhsil müəssisələrinə qəbulla bağlı bir sıra dəyişikliklər edilib.

Bu barədə Yenicag.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Sözügedən dəyişiklikləri xronoloji ardıcıllıqla təqdim edirik.

2007-ci ildə:

– Qəbul aparılacaq ixtisasların qruplar üzrə bölgüsü 5-dən 4-ə endirilmişdir;

– Ləğv olunmuş V qrupa aid olan pedaqogika və psixologiya sahəsi üzrə ixtisaslar III qrupa, “Sosiologiya” ixtisası isə II qrupa daxil edilmişdir;

– 2008-ci ildə “Psixologiya” ixtisasının IV qrupa keçirilməsi nəzərdə tutulmuşdur;

– I qrupa daxil olan “Bədii layihələndirmə” ixtisası qabiliyyət imtahanı tələb edən ixtisaslar siyahısından çıxarılmışdır;

– Ümumiləşmiş fənn bloku ləğv olunmuş və imtahan fənləri sırasına yeni – 5-ci fənn daxil edilmişdir;

– Test suallarının sayı 120 olaraq saxlanılmış, 4 əsas fənn 25 sualdan, əlavə olunmuş 5-ci fənn isə 20 sualdan ibarət müəyyənləşdirilmişdir;

– I ixtisas qrupuna xarici dil (ingilis, alman, fransız və rus dili) fənni əlavə olunmuşdur. Xarici dil fənni kimi rus dilindən yalnız Azərbaycan bölməsinin abituriyentləri imtahan verə bilərlər. Əvvəlki illərdən fərqli olaraq bu qrupun abituriyentləri “Ana dili və ədəbiyyat” fənni əvəzinə, “Ana dili” fənnindən imtahan verirlər.

– II ixtisas qrupuna “Azərbaycan tarixi” fənni əlavə olunmuşdur. Bu qrupda da abituriyentlər “Ana dili və ədəbiyyat” fənni əvəzinə, “Ana dili”ndən imtahan verirlər.

– III ixtisas qrupunda “Coğrafiya” fənni çıxarılmış, “Riyaziyyat” fənni daxil edilmişdir. Bu qrupun abituriyentləri “Ana dili və ədəbiyyat” fənni əvəzinə, ayrıca “Ana dili” və “Ədəbiyyat” fənlərindən imtahan verirlər.

– IV ixtisas qrupuna “Riyaziyyat” fənni əlavə olunmuşdur. Bu qrupun abituriyentləri də “Ana dili və ədəbiyyat” fənni əvəzinə, “Ana dili”ndən imtahan verirlər.

– «Azərbaycan Respublikasında Dövlət dili haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən rus bölməsinin abituriyentləri əsas imtahanlardan əvvəl “Azərbaycan dili” fənni üzrə əlavə imtahan verirlər. İmtahanlar TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. İmtahanda abituriyentlərə 20 test tapşırığı təqdim olunur. İmtahanlar “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. İmtahandan “qeyri-məqbul” alan abituriyentlər qəbul imtahanlarına buraxılmır.

2008-ci ildə:

– 2007-ci il qəbul imtahanlarında hər bir ixtisas qrupuna yeni daxil edilmiş fənlər üzrə test tapşırıqlarının sayı 20-dən 25-ə qaldırılıb. Bu zaman I ixtisas qrupu istisna olmaqla qalan bütün qruplarda həmin fənlərə də nisbi bal məhdudiyyəti qoyulub. Ümumilikdə hər bir ixtisas qrupu üzrə test tapşırıqlarının ümumi sayı 120-dən 125-ə qaldırılıb.

– I ixtisas qrupunda fizika və riyaziyyat fənlərinin hər biri üzrə çəki əmsalı 2 təyin olunub (xatırladaq ki, əvvəlki illərdə riyaziyyat fənni üzrə çəki əmsalı 2.5, fizika fənni üzrə isə 1.5 idi).

– Rus bölməsində Azərbaycan dili fənnindən imtahan suallarının sayı 20-dən 30-a qaldırılıb.

– “Psixologiya” ixtisası III ixtisas qrupundan IV ixtisas qrupuna keçirilib.

– 2008-ci ildən başlayaraq ərizə qəbulu iki mərhələdə, internet vasitəsilə aparılıb. Birinci mərhələdə bütün abituriyentlərdən imtahanda iştirak etmək üçün, ikinci mərhələdə isə TQDK tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərini ödəmiş abituriyentlərdən ixtisas seçimi üçün ərizə qəbul olunub. Beləliklə, ötən illərdən fərqli olaraq abituriyentlər ixtisas seçimini qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparıblar.

– Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə (pedaqoji profilli və dizayn (texnoloji) ixtisasları istisna olmaqla) müsabiqə abituriyentlərin qabiliyyət imtahanlarında topladıqları orta bal əsasında aparılıb;

– Qəbul imtahanlarına buraxılış vərəqələrinin paylanması, imtahan nəticələrinin elan edilməsi, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı və qabiliyyət imtahanlarının nəticələrinin daxil edilməsi internet vasitəsilə aparılıb.

2010-cu ildə:

– “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən sonra builki qəbul yeni qaydalarla həyata keçirilən ilk qəbul kampaniyası olduğundan bu il ilk dəfə olaraq, yüksək səviyyəli beynəlxalq yarış və müsabiqələrin qalibləri müsabiqədənkənar müvafiq ixtisaslara qəbul edilmiş və ali və orta ixtisas təhsili müəssisələrinə aparılan müsabiqə zamanı abituriyentlərin ümumi imtahan balları eyni olduğu halda onların orta attestat qiymətləri ikinci əsas göstərici kimi nəzərə alınmışdır;

– Azərbaycan Respublikası Prezidentinin “Ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə təhsili dövlət sifarişi və ödənişli əsaslarla olan yerlərə yeni yerləşdirmə alqoritminin tətbiqi əsasında tələbə qəbulu aparılmışdır;

– İlk dəfə olaraq I ixtisas qrupu üzrə qəbul imtahanı Bakı, Sumqayıt və Naxçıvandan başqa Gəncə şəhərində də keçirilmişdir;

– Ali təhsil müəssisələrinə qəbul aparılan II və III ixtisas qruplarında xarici dil fənləri siyahısına rus dili fənni daxil edilmişdir;

– Qəbul imtahanlarına hazırlaşan abituriyentlərə kömək məqsədilə komissiyanın internet saytında video çıxışlar yerləşdirilmişdir. Burada TQDK sədri Məleykə Abbaszadənin çıxışları, abituriyentlərə müraciətləri, TQDK-nın ekspertlərinin məsləhətləri öz əksini tapmışdır;

– Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılmışdır.

2011-ci ildə:

– Bu il riyaziyyat fənni üzrə test blokunda açıq test tapşırıqlarından istifadə olunmuşdur;

– İlk dəfə olaraq qəbul imtahanı Şəki və Lənkəran şəhərlərində də keçirilmişdir.

– Bir sıra ali məktəblərin III qrupda imtahan fənləri arasında coğrafiyanın olmamasını və riyaziyyat fənni üzrə tapşırıqların II qrupa nisbətən asan olmasını əsas gətirərək təkidi nəticəsində Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisasları III qrupdan II qrupa keçirilib.

2012-ci ildə:

– “Təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respbulikası Prezidentinin 8 may 2012-ci il tarixli 2218 nömrəli Sərəncamının 1-ci bəndini təmin etmək üçün Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 10 may 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları” əsasında ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) məqsədilə mərkəzləşdirilmiş şəkildə test üsulu ilə buraxılış imtahanları keçirilmişdir.

– Bu il ilk dəfə olaraq ali təhsil müəssisələrinə qəbul imtahanlarında hər bir ixtisas qrupunda riyaziyyat fənni ilə yanaşı I ixtisas qrupunda fizika, II ixtisas qrupunda coğrafiya, III ixtisas qrupunda tarix, IV ixtisas qrupunda kimya fənləri üzrə test bloklarında açıq tipli test tapşırıqlarından da istifadə edilmişdir;

– Bu il III ixtisas qrupuna daxil olan ixtisasların DT və XH altqruplarına bölgüsü ləğv edilmiş və imtahan balları vahid qaydada hesablanmışdır;

– İlk dəfə olaraq abituriyentlərə qəbul olduqları ali təhsil müəssisələrindən qeydiyyatdan keçərkən təhsilalma formasını (əyani və yaxud qiyabi) seçmək imkanı yaradılmışdır. 2014-cü ildən etibarən bu seçim imkanı aradan qaldırılmışdır.

2013-cü ildə:

– İlk dəfə olaraq abituriyentlərə və bakalavrlara qəbul imtahanında iştirak etmək üçün ərizələrini internet vasitəsilə təsdiq etmək imkanı yaradılıb.

– İlk dəfə olaraq qəbul imtahanı Mingəçevir, Şirvan, Quba, Ağcabədi və Göyçay şəhərlərində də keçirilmişdir.

2014-cü ildə:

Jurnalistika ixtisasında təhsil almaq istəyənlər üçün qabiliyyət imtahanı keçirilmişdir. Abituriyentlərin və valideynlərin rahatlığını təmin etmək məqsədilə qəbul imtahanları Bakı və Sumqayıtdan başqa, TQDK-nın bölgə mərkəzləri yerləşən rayon mərkəzlərində də (ümumilikdə 11 bölgədə) keçirilmişdir.

2015-ci ildə:

V qrup yaradılmış və xüsusi qabiliyyət tələb edən ixtisaslar bu qrupa daxil edilmişdir. Bundan başqa, bu il ilk dəfə olaraq sual kitabçaları hər bir abituriyent üçün xüsusi avtomatlaşdırılmış xətt vasitəsi ilə (bu xətt xüsusi olaraq TQDK-nın keçirdiyi imtahanlar üçün sual kitabçalarının çapı və komplektasiyasını həyata keçirir) fərdi qaydada çap olunub və imtahan zalları üzrə komplektləşdirilib.

2017-ci ildə

Abituriyentlərə ilk dəfə olaraq I-IV ixtisas qrupları üzrə iki dəfə imtahan vermək imkanı yaradılmışdır.

2018-ci ildə:

İlk dəfə olaraq I-IV ixtisas qruplarının hər iki imtahanında iştirak edən abituriyentlərə ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə vermək imkanı yaradılmışdır.

2019-cu ildə:

– Cari ildə ilk dəfə olaraq ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçirilmişdir. Abituriyentlər qəbul imtahanının birinci (maksimal toplanıla bilən bal – 300) və ikinci (maksimal toplanıla bilən bal – 400) mərhələlərindən topladıqları ümumi balların cəminə (maksimal toplanıla bilən bal – 700) əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmişlər. Cari ilin məzunları üçün qəbul imtahanının birinci mərhələsinin nəticəsi kimi onların buraxılış imtahanında əldə etdikləri nəticələr götürülmüşdür. İmtahanın ikinci mərhələsi iki dəfə (yaz və yay sessiyaları) keçirilmiş və hər iki sessiyada iştirak edən abituriyentlərə yay sessiyasında imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə vermək imkanı yaradılmışdır. V ixtisas qrupu üzrə abituriyentlər qəbul imtahanının birinci mərhələsinin (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın) nəticələrinə əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmişlər.

– Cari ildə ilk dəfə olaraq imtahanda bacarıq və vərdişlərin qiymətləndirilməsi üçün abituriyentlərə yazılı şəkildə cavablandırılması tələb olunan test tapşırıqları təqdim olunmuşdur. Yeni imtahan modelinə uyğun keçirilən qəbul imta­han­ında şagirdlərə hər fənn üzrə 30 tapşırıq təqdim olunmuşdur. Tapşırıqların 22-si qapalı (çox­seçimli), 8-i isə açıq formalıdır. Açıq for­ma­lı tap­şırıq­lardan 3-ü yazılı şəkildə cavablan­dırıl­ması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazır­lanan tapşırıq­lar olmüşdur.

– Cari ildə ilk dəfə olaraq imtahanda abituriyentlərin xarici dillər üzrə qrammatika, oxu və söz ehtiyatı ilə bağlı bilik və bacarıqlarla yanaşı, onların dinləyib-anlama bacarıq və vərdişləri də qiymətlən­dirilmişdir.

– Cari ildə ilk dəfə olaraq, orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər (subbakalavrlar) qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq hüququna malik olmuşlar.

– Cari ildə ilk dəfə olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan “Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme)”, “Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education)” və “Yüksək yerləşdirmə (Advanced Placement)” təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq imkanına malik olmuşlar.

2020-ci ildə:

– Azərbaycanda koronavirus pandemiyasının təsirlərini nəzərə alaraq 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul prosesinində bir sıra dəyişikliklər tətbiq edilmişdir:

– İmtahan verənlərin rahatlığını təmin etmək və virusa yoluxma təhlükəsini azaltmaq üçün imtahanlar yalnız rayon mərkəzlərində deyil, ucqar kənd məktəblərində də keçirilmişdir;

– İmtahan mərkəzlərinin sayı iki dəfədən çox artırılmışdır;

– İmtahan mərkəzləri iki gün əvvəldən dezinfeksiya olunmuş, möhürlənərək mühafizə olunması üçün DİN-in rayon (şəhər) şöbələrinin (idarələrinin) əməkdaşlarına təhvil verilmişdir;

– İmtahan verənlər binalara ayrı-ayrı saat intervallarında dəvət edilmişdir;

– Binalara buraxılışı təmin edən şəxslər xüsusi geyim forması, maska, sipər və əlcəklə, bütün imtahan iştirakçıları isə tibbi maska ilə təmin olunmuşdur;

– Girişdə imtahan iştirakçılarının hərarəti ölçülmüşdür;

– Şagirdlərin hər partada bir nəfər olmaqla, 2 metr məsafə gözlənilməklə əyləşdirilməsi təmin edilmişdir.

– Sərt karantin rejimi müddətində hər imtahanqabağı imtahan verən və idarəetmə heyətinin üzvü kimi iştirak edəcək şəxslər haqqında məlumat müvafiq icazə sisteminə daxil edilmək üçün Daxili İşlər Nazirliyinə təqdim edilirdi.

– Hər bir imtahan iştirakçısının imtahana gələrkən təqdim etməsi tələb olunan sənədlərinin siyahısına sağlamlıq haqqında bəyannamə də əlavə olunmuşdur.

– Bəzi mövzular üzrə test tapşırıqlarından qəbul imtahanlarında istifadə edilməmişdi. Bu mövzular buraxılış siniflərində mart ayından sonra tədris olunan mövzular idi;

– İmtahanda bacarıq və vərdişlərin qiymətləndirilməsi üçün abituriyentlərə yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqların sayı azaldılmışdı;

– Yazı işlərini qiymətləndirən markerlərin işi onlayn rejimdə təşkil olunmuşdu;

– 2019-cu ildə qəbul imtahanının I mərhələsində iştirak etmiş abituriyentlərə 2020-ci ildə qəbul imtahanının I mərhələsində iştirak etmədən, əvvəlki il əldə etdikləri nəticə ilə müsabiqəyə qatılmaq imkanı verilmişdir;

– Buraxılış imtahanlarının keçirilmə tarixləri iştirakçıların sayını məhdudlaşdırmaq məqsədilə artırılmışdı;

– Qəbul imtahanının II mərhələsi yalnız bir sessiyadan ibarət olmuşdu, yəni abituriyentlər qəbul imtahanının II mərhələsində yalnız bir dəfə iştirak edə bilərdilər;

– V ixtisas qrupunda bəzi qabiliyyət imtahanı tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları keçirilməmiş, abituriyentlər qəbul imtahanının birinci mərhələsinin (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın) nəticələrinə əsasən müsabiqədə iştirak etmişlər;

– “İmtahanın nəticəsi ilə bağlı elektron apelyasiya” sistemi və “Onlayn növbə” sistemi qısa müddət ərzində tərtib edilərək istifadəyə verilmişdir.

www.yenicag.az

191
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100