!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2023-cü ilin dövlət büdcəsi layihəsi müzakirə edildi

!Reklam – Yazi

Noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib.

Yenicag.az xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclası açaraq gündəlik barədə məlumat verib.

Bildirib ki, gündəliyə bir məsələ – “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi daxil edilib.
Müzakirəyə təqdim olunan büdcə layihəsinin Azərbaycan dövlətinin və iqtisadiyyatının qüdrətinə, aparılan islahatlara əsaslandığını vurğulayan Əli Hüseynli hüquq-mühafizə orqanları və məhkəmə hakimiyyəti üçün ayrılan vəsaitlərin keçən ilə nisbətən artmasını müsbət hal kimi dəyərləndirib. O, bu artımların məhkəmə-hüquq sistemində aparılan islahatlarla paralel həyata keçirilməsinə diqqət çəkib və büdcə layihəsinin müəyyən məsələləri ilə bağlı fikirlərini bildirib.

Sonra maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə ətraflı məlumat verib. O, qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsi, həmçinin büdcə zərfinə daxil olan digər sənədlər qanunvericiliyin tələblərinə müvafiq olaraq Milli Məclisə təqdim olunub.

Maliyyə naziri bildirib ki, 2023-cü ilin büdcə layihəsi ortamüddətli dövrdə makroiqtisadi və fiskal sabitliyin təmin edilməsi, büdcənin neft gəlirlərindən asılılığının mərhələlərlə aradan qaldırılması, borc intizamının təmin olunması kimi qarşıya qoyulan hədəflərə adekvatdır və gələn ilin büdcəsində ölkənin müdafiə qabiliyyətinin artırılması, Qarabağ və Şərqi Zəngəzur rayonlarının bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın gerçəkləşdirilməsi kimi strateji çağırışlar, həmçinin geosiyasi gərginliyin artması, qlobal iqtisadi tənəzzül kimi böhran meyilləri də nəzərə alınıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsini, ordu quruculuğunun daima müasirləşdirilməsini ən ümdə və prioritet vəzifələr sırasına daxil edib. Buna müvafiq olaraq, 33 milyard 300 milyon manat məbləğində nəzərdə tutulan büdcə xərclərinin 24,2 faizi və yaxud 8 milyard 63 milyon manatı müdafiə və hüquq-mühafizə xərclərinə yönəldiləcək ki, bu cari illə müqayisədə 496 milyon manat və yaxud 6,6 faiz çoxdur.

Bildirilib ki, müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2023-cü ilin dövlət büdcəsində 5 milyard 993 milyon vəsait nəzərdə tutulub. Bu da 2020-ci illə müqayisədə 606 milyon manat və yaxud 11,3 faiz çoxdur. Növbəti ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanması xərcləri üçün 2 milyard 743 milyon manat və yaxud 2022-ci ilə nisbətən 261 milyon manat (10,5 faiz) çox vəsaitin ayrılması nəzərdə tutulub.

Qeyd edilib ki, sosialyönümlü xərclərə 2023-cü ildə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Cari illə müqayisədə bu, 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. Əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri isə 4 milyard 416 milyon manat məbləğində proqnozlaşdırılır.

Nazir növbəti ilin dövlət büdcəsində beynəlxalq münasibətlər, beynəlxalq təşkilatlara üzvlük haqqı və digər beynəlxalq tədbirlərin maliyyələşdirilməsi üçün 470 milyon manat vəsaitin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bu da cari illə müqayisədə 87 milyon manat və yaxud 22,8 faiz çoxdur.

Qeyd olunub ki, 2023-cü ildə keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər üçün 207 milyon manat vəsait ayrılıb, eyni zamanda, Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması üçün 130 milyon manat, həmçinin xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin saxlanılması üçün 7 milyon manat, ticarət nümayəndəliklərinin saxlanılması üçün 6 milyon manat, xaricdəki Azərbaycan diasporunun möhkəmləndirilməsi və digər bu qəbildən olan işlər üçün 13 milyon manat vəsait ayrılacaq. Eyni zamanda, məhkəmə qərarlarının icrası və məhkəmə proseslərində aztəminatlı şəxslərə hüquqi yardımın göstərilməsi ilə bağlı xərclər üçün də 13 milyon manat vəsait ayrılıb.
İnsan hüquqları üzrə müvəkkilliyin saxlanması üçün xərclərin cari illə müqayisədə 7,6 faiz artırılaraq 6 milyon manata çatdırıldığını deyən maliyyə naziri çıxışının sonunda gələn ilin büdcəsinin gəlirlərinin formalaşması istiqamətlərinə də nəzər salaraq büdcə kəsirinin maliyyələşməsi mənbələrini diqqətə çatdırıb.

İclasda Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov palatanın 2023-cü ilin dövlət büdcəsinin layihəsinə dair rəyini təqdim edib. Bildirib ki, büdcə zərfində əsas makroiqtisadi göstəricilər üzrə müxtəlif ssenarilər şərh edilib, iqtisadi artımın, əsasən qeyri-neft sektoru hesabına təmin olunacağı proqnozlaşdırılıb. Qeyd edilib ki, büdcə layihəsi ilə birgə hazırlanan və təqdim olunan sənədlər, əks etdirilən əsas göstəricilər qanunvericiliklə müəyyən olunmuş əsas tələblərə uyğundur.
Bildirilib ki, hazırlanan və təqdim edilən sənədlərdə məlumatlılıq əvvəlki illərlə müqayisədə artırılıb, izahatlara daxil edilmiş məlumatların keyfiyyəti və həcmi də yüksəldilib. Hesablama Palatası, bununla yanaşı, bəzi istiqamətlər üzrə təkmilləşmələrin davam etdirilməsinin zəruriliyini də diqqətə çatdırıb.

Sonra parlamentin İntizam komissiyasının sədri Eldar İbrahimov çıxış edib. Eldar İbrahimov 2023-cü ilin dövlət büdcəsinin bir çox xüsusiyyətləri ilə əvvəlki illərdən fərqlənməsinə diqqət çəkib. Bildirib ki, gələn ilin büdcəsinin həm gəlirləri, həm də xərcləri respublikamızın tarixində ilk dəfə olaraq 30 milyard manatı keçib. Komissiya sədri bunu Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasətinin nəticəsi kimi xarakterizə edib.
Bildirilib ki, gələn ilin büdcəsinin digər diqqəti cəlb edən məqamlarından biri də odur kı, dövlət büdcəsində ümumi dövlət xərcləri azaldılır, sosial və iqtisadi sahələrin inkişafına isə əvvəlki ildən xeyli çox vəsait ayrılır. İqtisadi təsnifata aid sahələrə böyük büdcə vəsaitlərinin yönəldilməsini təqdir edən E.İbrahimov kənd təsərrüfatına 1 milyard 202 milyon manat vəsaitin ayrılmasını da məmnunluqla qeyd edib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, dövlət büdcəsi dövlətin əsas maliyyə sənədi olmaqla yanaşı, həm də iqtisadi, hərbi, təhsil, sosial təminat və digər sahələrin idarə olunmasını və inkişafını təmin edən strateji sənəddir.
2023-cü ilin dövlət büdcəsinin də inkişafyönümlü olmasından danışan Z.Əsgərov sənədin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının reinteqrasiyası və həmin ərazilərə Böyük Qayıdışın təmin edilməsi, öz doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın dayanıqlı məskunlaşması üçün ilkin şərtlərin yaradılması vəzifələrinə adekvat cavab verdiyini bildirib. Qeyd edib ki, bu məqsədlər üçün, həmin ərazilərdə infrastrukturun, o cümlədən hərbi infrastrukturların tikintisi, müdafiə və hüquq-mühafizə orqanlarının xidmətlərinin təşkili məqsədilə ayrılan vəsaitlərin artırılması təqdirəlayiqdir. Komitə sədri vurğulayıb ki, müdafiə və təhlükəsizliyə ayrılan xərclər 5,3 milyard manat olmaqla dövlət büdcəsi xərclərinin 16,3 faizini təşkil edir ki, bu da ölkəmizin hərbi və müdafiə qabiliyyətinin gücləndirilməsi, milli təhlükəsizliyin təmini ilə bağlı qarşıda duran vəzifələrin tam icrasına imkan verəcək.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov növbəti ilin dövlət büdcəsində beynəlxalq münasibətlər, beynəlxalq təşkilatlara üzvlük haqqı və digər beynəlxalq tədbirlərin maliyyələşdirilməsi üçün cari illə müqayisədə 20 faiz civarında artımla 470 milyon vəsaitin nəzərdə tutulmasını yüksək qiymətləndirib.
Komitə sədri Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının, mədəniyyət mərkəzlərinin, ticarət nümayəndəliklərinin saxlanılması kimi istiqamətlərdə ayrılan xərcləri müsbət dəyərləndirib, ölkəmizin beynəlxalq fəaliyyətinin və Azərbaycan həqiqətlərinin dünyada müdafiəsinin təmini ilə bağlı fikirlərini bölüşüb.

Sonra Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 2023-cü ilin dövlət büdcəsini dünyanın müasir çağırışları, qlobal kataklizmlər və taxıl böhranı kontekstində dəyərləndirərək onun bu çağırışlara adekvat cavab verməsindən danışıb.

Azərbaycan əhalisinin demoqrafik vəziyyətinə nəzər salan komitə sədri ümumi əhali sayında 65 yaşdan yuxarı insanların sayının artmasına diqqət çəkib. O, Bakıda məskunlaşmanın sıxlığını vurğulayaraq, paytaxt əhalisinin ərazinin cəmi 4 faizində təmərküzləşməsinin fəsadlarından danışıb və toxunduğu məsələlərlə bağlı təkliflərini səsləndirib.

Komitələrin birgə iclasında İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva insan hüquqlarının daha səmərəli təmini baxımından həlli zəruri hesab olunan məsələlərdən danışıb. O, respublikamızın bir sıra bölgələrində məktəblərdə qış mövsümünə keçidin havanın temperaturuna uyğun tətbiq edilməsi, özünüməşğulluq proqramının genişləndirilməsi, məktəblərdə psixoloq ştatlarının artırılması, insan sağlamlığının daha etibarlı qorunması, hərbi qulluqçulara (müddətli hərbi qulluqçular istisna olmaqla) ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləğinin artırılması ilə bağlı təkliflərini səsləndirib.
Qanun layihəsinin müzakirələrində Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, İnsan hüquqları komitəsi sədrinin müavini Tahir Kərimli, deputatlardan Fəzail Ağamalı, Asim Mollazadə, Azay Quliyev, Naqif Həmzəyev, Jalə Əhmədova, Elşən Musayev, Vüqar İskəndərov, Elman Nəsirov, Elşad Mirbəşiroğlu, Aydın Mirzəzadə çıxış ediblər. Deputatlar 2023-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı rəy və təkliflərini bildiriblər, suallarını səsləndiriblər.

Sonra maliyyə naziri Samir Şərifov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, sualları cavablandırıb.
Müzakirələrin sonunda deputatlar “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Komitələrin birgə iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, deputatlar Nigar Arpadarai, Sabir Rüstəmxanlı, Arzu Nağıyev, Aqil Abbas, Rasim Musabəyov, Kamal Cəfərov, Kamran Bayramov, Ramil Həsən, Nəsib Məhəməliyev, Azər Kərimli, Bəhruz Məhərrəmov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və digər rəsmi şəxslər iştirak ediblər.

 

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv