28 ildən sonrakı sevinc və şərhçini Allaha yalvardan zəfər – VİDEO

Futbol üzrə Misir millisinin Konqonu 2:1 hesabı ilə məğlub edərək, Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanması ölkədə böyük coşqu ilə qarşılanıb.

Yenicag.az xəbər verir ki, 28 ildən sonra qazanılan zəfər 90+5-ci dəqiqədə Məhəmməd Salahın penaltidən vurduğu qolla gəlib.

Bu zaman oyunun şərhçisi də həyəcanını gizlədə bilməyib və penaltinin qola çevirilməsi üçün Allaha dua edib. Qoldan sonra isə tribunalarda böyük sevinc yaşanıb.

Millinin uğuruna ölkə prezidenti Əbdülfəttah əs-Sisi də biganə qalmayıb. O, mükafat olaraq hər futbolçuya 1,5 milyon cüneyh verib. Bu isə təxminən 84 min dollar deməkdir.

Amma bizdə… Tsiklə “Niyə də yox?!” şüarı başlayan millimiz, qrupu 5-ci pillədə başa vuraraq yenidən dünya çempionatı ilə bağlı xəyallarımızı ertələməyə səbəb oldu. Amma nə olsun? Hər uğurun pul hesabına qazanılmasına öyrəşən AFFA rəhbərliyi, Bakının Əhmədli qəsəbəsi boyda olan San-Marinonun yığması üzərində qazanılan qələbəyə görə, millimizin futbolçularının hər birinə 50 min dollar mükafat verdi.

İndi isə Məhəmməd Salahın vurduğu qolun yaşatdığı sevincdolu anların videosunu təqdim edirik. Bəlkə bu videoya baxdıqdan sonra Azərbaycan futbolunda daşı daş üstünə qoymayan AFFA rəhbərliyinin də vicdanı sızlaya…

COP29