Avropa Liqasında mövsümün ilk çempionu KİM OLACAQ? – “Hər iki klubun gözoxşayan futbol sərgilədiyini demək çətindir”
Bu gün Avropanın ən böyük futbol turnirlərindən biri olan UEFA Avropa Liqasının final mərhələsi baş tutacaq. İngiltərənin iki böyük klubu “Tottenham” və “Manchester United” İspaniyanın Bilbao şəhərində yerləşən “San Mames” stadionunda keçiriləcək oyunda üz-üzə gələcək.
Maraqlıdır, Avropanın səviyyəcə ikinci böyük turnirində gülən tərəf kim olacaq?
Yenicag.az-la fikirlərini bölüşən tanınmış idman jurnalisti Kənan Məstəliyev diqqətə çatdırıb ki, hər iki klubun Premyer Liqada qeyri-stabil, daha dəqiq desək, bərbad performansına şahid olduq:
“Geniş tarixə, yüksək büdcəyə malik olan bu iki klubun elitadan düşmə zonasına yaxın pillələrdə qərarlaşması onların imicinə yaraşdırılmayacaq vəziyyətdir. Komandanın yenidən qurulması üçün təxminən 400 milyon funt sterlinq xərcləyən Mançester təmsilçisi nə Ten Haqın, nə də indiki mövsümdə Ruben Amorimin məşqçiliyi altında lazımı performansı verə bilmir. Zədələr də bu məsələdə ciddi rol oynayır və əsasən də “Tottenham”da bu vəziyyət daha mürəkkəb idi. Deyan Klusevski, Ceyms Maddison və Timo Verner kimi əsas oyunçulardan yararlana bilməməsi Anqe Postekoqluya lazımi gedişlərə imkan vermədi. Bununla belə, zədə amili bir bəhanə kimi qəbul edilə bilməz, çünki digər komandalar da bənzər problemlərlə üzləşirlər”.
K. Məstəliyev xatırladıb ki, Avropa Liqasında daha stabil performans göstərərək hər iki klub adını finala yazdıra bildi:
“Bu uğurun əsas səbəblərindən biridə Avropa Liqasında fiziki, atletik cəhətdən komandaların olmaması, Premyer Liqadakı intensivliyin görünməməsidir. Oyun baxımından “Tottenham”ın daha sabit çıxış etdiyini vurğulamaq lazımdır. “Manchester United” isə daha çox əzmkarlıq və formasının gətirdiyi məsuliyyət sayəsində finala vəsiqə qazandı. Bu baxımdan “Olimpique Lyonnais”la cavab oyunu bariz nümunədir”.
O, əlavə edib ki, məşqçilərə gəldikdə isə dəqiq və obyektiv fikir bildirmək çətindir:
“Çünki hər iki klub zədələr səbəbi ilə tam heyətlə mübarizə aparmaq imkanına sahib deyillər. Müxtəlif taktiki düzülüşlərdən istifadə etsələr də, fikrimcə, hər iki klubun gözoxşayan futbol sərgilədiyini demək çətindir. Məsələn, London təmsilçisinin Avropa Liqasının ilk turunda “Qarabağ”la oyununu nümunə göstərə bilərik. “Köhlən atlar” bir neçə qol imkanı yaratsalar da, sırf fiziki və atletik gücün hesabına Londonlulara məğlub oldular”.
Qeyd edək ki oyun Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
Göycə Göycəyev