Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələr 28 May Respublika Günü münasibəti ilə bağlı tədbir təşkil ediblər. Kipr Beynəlxalq Unuversitetində baş tutan bayram tədbirində xarici ölkələrdən Kiprdə təhsil alan çoxsaylı tələbələr, universitetin müəllimləri, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu və AKDC üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kipr Beynəlxalq Universitetinin prorektoru professor, Əhməd Adalıər, iki qardaş ölkə arasındakı mənəvi bağlara diqqət çəkib, eyni zamanda universitetdə azərbaycanlıların onlara doğma olduğunu bildirib. Kipr Beynləxalq Universitetinin akademik mühitində uğurlu və vətənpərvər tələbələr kimi tanınan azərbaycanlıların Cümhuriyytə bayramını ürəkdən təbrik etdiklərini bildirib. Hər zaman Azərbaycanı doğma və qardaş ölkə kimi qəbul etdiklərini dilə gətirən Adalıər gələcəkdə KBU ilə Azərbaycan universitetləri arasında əməkdaşlığa da xüsusi maraqla yanaşdıqlarını bildirib.
Daha sonra çıxış edən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu tədbir iştirakçılarını salamlayıb, tədbirin təşkilinə şərait yaradan universitet rəhbərliyinə minnətdarlığını bildirib.
Natiq çıxışında son illərdə Azərbaycanın beynəlxalq aləmdə mühüm uğurlar əldə etdiyini, ölkəmizin başçısı İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hər gün bir az daha tanındığını bildirib. O diaspora sahəsində görülən ciddi çalışmaların artıq bəhrə verdiyini, Azərbaycanın beynəlxalq həcmli layihələrə ev sahibliyi etdiyini deyib. Kipr-Azərbaycan arasında diplomatik münasibətlərin olmamasının Dağlıq Qarabağ problemi ilə birbaşa əlaqəsi olduğunu bildirən diaspora sədri, buna baxmayaraq Kiprdə təhsil alan azərbaycanlılara daima Azərbaycanın Ankara səfirliyi Təhsil Müşavirliyinin qayğı gösdərdiyini və onlarla maraqlandığını bildirib. Azərbaycanlı tələbələrin burada Azərbaycanı təmsil etdiyini və bu baxımdan istər təhsildə, istərsə də məişətdə davranışlarına da xüsusi diqqət göstərməyin vacibliyini vurğulayıb. Orxan Həsənoğlu tələbələrə valideynlərinin və ölkələrinin onları uğurlu nəticələrlə məzun olduqlarını gözlədiklərini çatdırıb. Daha sonra tədbir bu təhsil ocağında təhsil alan tələbələrimizin müxtəlif musiqi nömrələri ilə yadda qalıb. Milli mahnılarımız və müxtəlif milli rəqslər edən tələbələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıblar.
Tədbirin yekununda Kipr Beynəlxalq Universiteti tərəfindən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinə əməkdaşlıq sertifikatı təqdim olunub.
www.yenicag.az