Bu gün İstanbulda “3+3” platformasına üzv olan ölkələrin xarici işlər nazirlərinin mühüm görüşü keçirilib.
Qeyd edək ki, bu platforma Cənubi Qafqazda sabitliyi və əməkdaşlığı təşviq etmək məqsədilə qurulub. Görüşdə Azərbaycan və Ermənistanla yanaşı, regionun əsas oyunçuları olan Türkiyə, Rusiya və İranın xarici işlər nazirləri iştirak edib. Toplantının əsas məqsədi regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və diplomatik əlaqələrin gücləndirilməsi məsələlərini müzakirəsi olsa da, bu çərçivədə xüsusilə iqtisadi inteqrasiya, sərhəd problemləri və humanitar məsələlər ətrafında da geniş müzakirələr aparıldığı bildirilir.
Mövzu ilə bağlı Yenicag.az-ın suallarını cavabandıran politoloq Elxan Şahinoğlu deyib ki, “3+3” platforması bölgə ölkələrin qonşu dövlətlərə əməkdaşlığını nəzərdə tutur və bəzən qonşu dövlətlər də bu prosesin içərisində olmaq istəyir.
Onun sözlərinə görə, əslində, “3+3” platformasını faydalı və regional bir platforma kimi dəyərləndirmək olar, baxmayaraq ki, Gürcüstan buraya qoşulmayıb:
“Bunu da anlamaq olar, çünki Rusiya Gürcüstanın iki ərazisini – Abxaziya və Cənubi Osetiyanı işğal edib. Bəlkə rəsmi Tbilisi gələcəkdə buraya qoşula bilər. Bu platforma çərçivəsində Azərbaycanla Ermənistan arasında danışıqlar məsələsi, Zəngəzur dəhlizinin açılması və regional layihələrin işə düşməsi kimi məsələlər müzakirə ediləcək. Hesab edirəm ki, daimi xarakter daşıdığı halda bu platformadan hər 2 tərəf istifadə edə bilər. Çünki Cənubi Qafqazda sülh olmalıdır ki, sözügedən regional layihələr işləyə bilsin və qonşu dövlətlər arasında normal münasibətlər formalaşsın”.
Rafi Müslümov
www.yenicag.az