Yunanıstan sahil mühafizəsi Egey dənizində Samos adası yaxınlığında baş verən qayığın batması hadisəsindən sonra dörd miqrantın cəsədini aşkar edib.
Yenicag.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Yunanıstanın sahil mühafizə xidməti məlumat yayıb.
Məlumata görə, qayığın qayalara çırpılması nəticəsində iki qadın və iki uşaq həlak olub. Sahil mühafizəsinin verdiyi açıqlamada 16 miqrantın hadisədən sağ qurtulduğu bildirilib.
Qeyd edək ki, Avropa Birliyinin cənub-şərq hissəsində yerləşən Yunanıstan uzun illərdir ki, Yaxın Şərq, Afrika və Asiyadan gələn miqrantlar üçün Avropaya əsas keçid nöqtəsi olub. 2015-ci ildə Yunanıstan adalarına təxminən bir milyon insan ayaq basıb.
Xatırladaq ki, noyabr ayının əvvəlində dörd miqrant da Egey dənizini keçməyə çalışarkən həlak olmuşdu. Onlardan üçü kişi, biri isə qadın idi. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına əsasən, 2024-cü ilin yanvar-oktyabr aylarında Yunanıstana 48 mindən çox miqrant gəlib.
Bu göstərici Cənubi Avropa ölkələri arasında İtaliyadan sonra ikinci ən yüksək rəqəmdir. Bununla əlaqədar olaraq, Yunanıstan qonşu Türkiyədən gələn miqrant axınını idarə etmək üçün Rodos adasında miqrantlar üçün saxlanma mərkəzi qurmağı nəzərdən keçirir.
www.yenicag.az