Azərbaycan COP29 Sədrliyindən sonra da beynəlxalq iqlim diplomatiyasında fəal rolunu davam etdirir

media-hightechnic-468x90

Bir çox ölkələr COP-a ev sahibliyi və sədrlik etdikdən sonra öz missiyasını başa çatmış hesab edib prosesdən uzaqlaşsa da, Azərbaycanın COP29 sədrliyi hələ də qlobal iqlim fəaliyyətində aktiv qalmağa davam edir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Bakı iqlim maliyyəsi hədəfi, Paris Sazişinin karbon bazarlarını tənzimləyən 6-cı maddəsi üzrə qərarın qəbul edilməsi, İtki və Zərər Fondunun işə salınması kimi vacib qərarlarla yanaşı, COP29 həm də iqlim diplomatiyası üçün innovativ həll formatları yaratmaqla yadda qaldı. Bunlardan biri sözsüz ki COP prosesində iştirak edən danışıqlar qrupları və aparıcı ölkələrin iqlim danışıqçılarını bir araya gətirən qeyri-rəsmi Şamaxı Toplantısı formatıdır. İlk dəfə 2024-cü ilin iyulunda COP29-a hazırlıq çərçivəsində baş tutan Şamaxı tədbiri, artıq bir ənənəyə çevrilərək COP-a sədrlik edən dövlətlərin istəyi ilə hər il təşkil olunur.

Bu il iyulun 22–23-də keçirilən üçüncü Şamaxı Toplantısı COP31-in Türkiyə və Avstraliya Sədrliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Tədbirdə 34 ölkədən və UNFCCC Katibliyindən 70-dən çox nümayəndə iştirak edib.

Toplantıda iqlim maliyyəsi, ədalətli keçid, iqlim dəyişmələrinə uyğunlaşma və istixana qazı emissiyalarının azaldılması, həmçinin COP31 Sədrliyinin prioritetləri müzakirə olunub. Eyni zamanda, iyun ayında Bonnda keçirilən UNFCCC Yardımçı Orqanlarının 64-cü sessiyasının nəticələri və müzakirə olunan məsələlərin COP31 çərçivəsində inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə COP29, COP30 və COP31 sədrliklərinin həyata keçirdiyi “Belem 1.5 Missiyası” Troika mandatının icrası ilə bağlı məsələlər də müzakirə olunub.

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliya bu mandat çərçivəsində əməkdaşlığı davam etdirir. Şamaxı Toplantısında bu çərçivədə görülən işlər barədə məlumat verilib, iştirakçıların rəy və təklifləri dinlənilib, həmçinin qarşıdakı hesabatın hazırlanması prosesi müzakirə olunub.

İştirakçılar Şamaxı Toplantısının dayanıqlı beynəlxalq platformaya çevrilməsini yüksək qiymətləndiriblər. 2027-ci ildə COP32-yə ev sahibliyi edəcək Efiopiya nümayəndə heyəti 2027-ci ilin iyulunda Azərbaycanın birgə təşkilatçılığı ilə dördüncü Şamaxı Toplantısının keçirilməsinə hazır olduğunu bildirib.

İştirakçılar Şamaxı Toplantılarını unikal format hesab edir. Onların fikrincə, rəsmi modallıqlardan kənar dizayn olunmuş bu format həm iştirakçılara rəsmi bəyanatları təkrar səsləndirməyə yox, sərbəst fikir mübadiləsi aparmağa vadar edir. Həm də təbiətin qoynunda, vahid məkan daxilində keçirilən bu tədbir gün ərzində danışıqçıları yemək və çay/qəhvə masaları ətrafında və digər sosial tədbirlər vasitəsilə intensiv ünsiyyətə və beləliklə də həlli mümkün olmayan məsələləri daha konstruktiv mühitdə həll etməyə sövq edir.

Məlumat üçün qeyd edək ki, ənənəvi olaraq illik iqlim diplomatiyası təqvimi Tokioda baş iqlim danışıqçılarının iştirakı ilə keçirilən “Yaponiya-Braziliya Dialoqu” ilə başlayır. Ardınca aprel-may aylarında nazirlər səviyyəsində təşkil olunan “Petersberq İqlim Dialoqu” (Berlin) və “Kopenhagen Nazirlər Görüşü” keçirilir. İyun ayında isə Bonnda UNFCCC-nin Yardımçı Orqanlarının yay sessiyaları baş tutur. Bonn Konfransından dərhal sonra isə adətən Avropa İttifaqı, Çin və Kanadanın birgə təşkil etdiyi “İqlim Fəaliyyəti üzrə Nazirlər Toplantısı” (MOCA) baş tutur.

Bu kontekstdə artıq üçüncü ildir keçirilən Şamaxı Toplantısı Bonn sessiyası ilə Pre-COP arasındakı dövrdə iqlim danışıqları təqvimində yaranan boşluğu dolduran mühüm platforma kimi formalaşmışdır və Şamaxı artıq hər ilin COP prosesi təqvimində öz yerini almışdır.

Azərbaycanın iqlim diplomatiyasındakı aktivliyi yalnız Şamaxı Toplantısı ilə məhdudlaşmır. Hər ilin COP sədrliklərinin ölkəmizə həvalə etdikləri xüsusi missiyalarla yanaşı, Azərbaycan bu ilin 7–11 sentyabr tarixlərində UNFCCC-nin ikinci “İqlim Həftəsi”nə də ev sahibliyi edəcək. Tədbir çərçivəsində UNFCCC Katibliyi, Türkiyə, Avstraliya, Braziliya və Azərbaycan tərəfindən 40-dan çox tədbirin keçirilməsi planlaşdırılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05