“Bu, bir daha göstərdi ki, Azərbaycanın siyasi elitası ümummilli məsələrdə həmrəylik nümayiş etdirməyə qadirdir”.
Yenicag.az xəbər verir ki, bu fikirləri ölkədə fəaliyyət göstərən 43 siyasi partiya sədrinin prezident İlham Əliyevə və Azərbaycan Silahlı Qüvvələrinə dəstək bəyanatı imzalamasını şərh edən AĞ Partiyanın sədri Tural Abbaslı deyib.
Tural Abbaslının sözlərinə görə, mili dövlət maraqlarının önə çıxdığı şəraitdə siyasi-partiya mənafeləri ikinci plana keçirilməlidir:
“Bizə bir bəyanat layihəsi daxil oldu və bildirildi ki, bu, mövcud hərbi gərginlik fonunda siyasi partiyaların həmrəyliyini nümayiş etdirən bir sənəddir. Biz də AĞ Partiya olaraq hər zaman elan etmişik ki, milli dövlət maraqlarının olduğu yerdə bizim siyasi ambisiyalarımız arxa plana keçir.
Normal şəraitdə o bəyanatın mətninin qismən dəyişdirilməsini tələb edərdik. Ancaq nəzərə aldıq ki, sərhəddimizdə ağır döyüşlər getdiyi və sıravi əsgərlərimizdən tutmuş, generala kimi bu Vətən uğrunda can verdiyi halda, biz həmrəylik göstərə bilmiriksə, “söz oyunu” oynayırıqsa, bu, bizə yaraşmaz.
Partiya rəhbərliyi ilə operativ məsləhətləşərək, bəyanata imza atmaq qərarına gəldik. Düşünürəm ki, bu, vaxtında atılmış addım idi. Bu qərar bir daha göstərdi ki, Azərbaycanın siyasi elitası ümummilli məsələrdə həmrəylik nümayiş etdirməyə qadirdir”.
Partiya sədri gecə saatlarında keçirilən orduya dəstək mitinqi zamanı bir qrup şəxsin Milli Məclisin binasına zorla daxil olmasına da münasibət bildirib:
“Dünən keçirilən həmin mitinqin insanların öz təşəbbüsü ilə təşkil olunmuş aksiya olduğunu düşünmürəm. Hər halda, iyirmi illik siyasi təcrübəmiz var və o müddətin böyük hissəsi kütləvi aksiyaların təşkilinə həsr olunub. Bu məsələlərdə nəyin təsadüfi, nəyin spontan, nəyin planlaşdırılmış şəkildə olduğunu hesablaya bilirik.
Şəhid cənazəsi gələndə, insanlar ora yığışır, şəhidini alqışlayır, ailəyə dəstək olur. Dünən şəhərin müxtəlif yerlərində eyni anda günün sonunda, hətta gecə saatlarında insanların sanki əlaqəli formada kütləvi şəkildə toplanmaları və sosial şəbəkələrdə müəyyən çağırışların edilməsini şəxsən təsadüfi saynmıram.
Orada Qarabağ və şəhidlərimizə ehtiram üçün meydana çıxan insanların səmimi, saf hisslərindən sui-istifadə etmək cəhdini görürəm. Mənə elə gəlir ki, bu hadisə xüsusi araşdırılmalıdır. Dövlət Təhlükəsizliyi Xidməti bu məsələnin üzərinə qətiyyətlə getməlidir. Bundan əvvəl də insanlar “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı ilə küçələrə çıxmışdılar. Onlar nə polis maşını aşırırdılar, nə mağaza vitrinlərini sındırırdılar, nə də qapısını qıraraq, Milli Məclisin binasına soxulurdular. Özünüz baxın, müdafiə nazirinin müavini gəlib aksiyada çıxış edir, amma onu fitə basırlar. Bütün bu olayların təxribat olduğunu söyləmək üçşün yetərincə əsas var.
Azərbaycan ilk növbədə o təxribatı hazırlayan qrupu ifşa etməli, tam zərərsizləşdirməlidir. Bundan sonra torpaqlarımızın işğaldan qurtarılması uğrunda mübarizəni daha qətiyyətlə davam etdirməliyik. Mən bir partiya sədri olaraq, bu məsələnin ciddi surətdə araşdırılmasını tələb edirəm”.
Səxavət Məmməd
www.yenicag.az