Sertifikasiya imtahanlarında "səhv sual" iddiaları: Təhsil eksperti testlərin yayımlanmasını təklif edir

media-hightechnic-468x90

Müxtəlif ixtisaslar üzrə bir müddət əvvəl sertifikasiya imtahanı vermiş müəllimlərin bəziləri nəticələrdən narazıdırlar.

media-banner_tuq

Onlar imtahandakı sualların bir qismində, xüsusilə Texnologiya və Biologiya fənləri üzrə uyğunsuzluqlar, vaxt bölgüsü problemi və səhvlər olduğunu iddia edirlər. Müəllimlər 1 bal fərqlə 35 faizlik əməkhaqqı artımından məhrum olduqlarını və məsələnin mütəxəssislər tərəfindən araşdırılmalı olduğunu bildirirlər.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən təhsil eksperti Elmin Nuri də etirazların bəzi hallara görə haqlı olduğunu və rəsmi qurumların bu məsələlərə aydınlıq gətirməli olduğunu bildirib:

media-elmin6-3

“Bu mövzu daha çox müxtəlif predmetlər və fənlərlə bağlı mütəxəssis baxışı tələb edən bir məsələdir. Tutaq ki, sertifikasiyada istifadə olunan biologiya və ya texnologiya fənninə aid sualların necəliyi və onun hansı çatışmazlıqlara malik olduğunu bildirmək üçün məhz bu istiqamətdə mütəxəssis olmaq lazımdır. Amma məsələnin testologiya və təhsilin sosiologiyası istiqaməti baxımından, bəli, bir neçə məqama toxunmaq olar. Birincisi, əgər hər hansı bir sualla və ya suallarla bağlı problemlər bildirilirsə, həmin suallar bir neçə nəfər tərəfindən yox, kütləvi şəkildə problemli kimi qiymətləndirilirsə, bununla bağlı mütəxəssislər tərəfindən rəsmi açıqlama verilməlidir. Biz bunu Dövlət İmtahan Mərkəzinin (DİM) nümunəsində də görmüşük. İmtahandır, imtahanda hər hansı bir sualda yanlışlıq olub, sualın həllində və ya təqdimatında nöqsan aşkarlanıb – bununla bağlı dərhal məlumat verilib. Əgər doğrudan da sual xətalıdırsa, həmin sualın cavabı imtahan iştirakçılarının xeyrinə hesablanıb. Yox, əgər yanlış deyil, doğru sualdırsa, onun doğru variantı, yəni doğruluğunu əks etdirən məqamlar ictimaiyyətə anlaşıqlı dildə təqdim olunub. Yəni bu hal mütləq baş verməlidir.”

Ekspert sualların xarici mənbələrdən yanlış tərcümə edilməsi iddialarına belə cavab verib:

“Tutaq ki, deyilir ki, biologiyadan təqdim olunan suallardan üçü xarici mənbədən yanlış tərcümə edilmiş və çərçivə sənədində olmayan suallardır. İndi biz gözləməliyik və daha doğrusu, arzusundayıq ki, qarşı tərəf bununla bağlı əvvəlcə bir araşdırma aparsın, ondan sonra gəldiyi qənaəti tam şəkildə ictimaiyyətə təqdim etsin. Bu cür nümunələr olmalıdır. Belə nümunələr olmadıqda, həqiqətən də, kütləvi narazılıqlar yaranır və hər zaman da olacaqdır. Biz bunları zaman-zaman MİQ, yəni müəllimlərin işə qəbulu müsabiqəsinin təşkilində də görmüşük. Müxtəlif fənlərlə bağlı sualları problemli hesab edirdilər; bəzi sualların aqibətinin izahı olurdu, bəzilərinin isə yox.

Təkcə bu da deyil. Ümumiyyətlə, sertifikatlaşdırmada istifadə olunan bütün fənlərə aid bütün suallar – fərqi yoxdur xətalı və ya xətasız, yaxşı və ya pis, asan və ya çətin – Təhsil İnstitutunun rəsmi səhifəsində öz əksini tapmalıdır. Həm ictimaiyyət bilməlidir ki, tutaq ki, məktəbdəki biologiya müəllimi hansı suallara cavab verib, hansına verə bilməyib (mən misal olaraq biologiyanı deyirəm), həm də bu, gələn illərdə hazırlaşanlar üçün bir növ əlavə hazırlıq, məşq rolunu oynaya bilər. Bax, bu iki detalı mən xüsusi qeyd etmək istəyirəm.”

Ekspert müəllimlərin 35 faizlik əməkhaqqı artımına düşməməsi üçün sualların bilərəkdən çətin salınması iddialarına da toxunub:

“Məsələnin digər tərəfi – sualların bilərəkdən yanlış və dolaşıq salınması, həmçinin faiz artımına düşməmək üçün atılan addımlar barədə hər hansı bir konspiroloji baxışla dəyərləndirilməsinə gəldikdə isə, bununla bağlı yalnız və yalnız rəsmi fikri gözləmək lazımdır. Şəxsən bu, absurd bir yanaşma kimi qəbul edilə bilər. Mən bunu əsassız bir fakt və motiv kimi qeyd edərdim. Amma indilik, yəni hər şeyin hesablandığı, hər şeyin peşəkar müstəvidə həll olunduğu təqdirdə, durub demək ki, “suallar ona görə yanlışdır ki, biz bu suala cavab verməyək və 10 faizlik yox, 35 faizlik artıma düşək” – əzizim, bu, tam səmimi deyirəm, gülməli bir situasiyadır. Dövlət və dövlətin qurumu əvvəlcədən hesablamaları aparır. Tutaq ki, müsabiqəyə qatılan müəllimlərin sayısı bəllidir, hər bir detal məlumdur (istər biologiya olsun, istər texnologiya, istərsə də riyaziyyat). Buradakı artım göstəriciləri bəllidir. Yəni buna bir konspiroloji don geyindirmək hələ ki əsassızdır.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05