“Mülki infrastrukturun hədəfə alınması işğalçı qüvvələrin sadəcə ərazi iddiasında olmadığını göstərir”.
Bu fikirləri Rusiya işğalçı qüvvələrinin Ukraynanın Kramatorsk şəhərindəki dəmiryol vağzalını ballistik raketlərlə vurmasını, nəticədə 30-dan çox mülki şəxsin həlak olmasını şərh edən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiyanın mülki əhalini məqsədli şəkildə bombardman etməsi Kremlin müharibə cinayətlərinin davamıdır:
“Ukraynaya hərbi təcavüzünü davam etdirən və geridə qalan altı həftə ərzində gözləmədiyi uğursuzluqlara düçar olan Rusiya hərbi dairələri məğlubiyyətinin qısasını mülki əhalidən almaqda davam edir.
Hər kəs görür ki, Rusiya təcavüzə başladığı ilk dəqiqələrdən etibarən Ukraynanın böyük şəhərlərini bombalamaq taktikasından əl çəkmir. Kremldəkilər hər nə qədər inkar etsələr də, Rusiya yaşayış məntəqələrini bombalamaqla Ukrayna xalqına nifrətini və içindəki qisas instinktinin dərinliyini göstərir. Ümumiyyətlə, Ukraynanın mülki infrastrukturunun hədəfə alınması işğalçı qüvvələrin sadəcə ərazi iddiasında olmadığını bir daha təsdiqləyir.
Kramatorsk vağzalının raketlə vurulması, onlarla dinc insanın həlak olması Rusiyanın müharibə cinayətlərinin davamıdır. Həm də nəzərə almaq lazımdır ki, vağzal evakuasiya üçün oraya çox sayda insanın toplaşdığı vaxtda vurulub. Burada təsadüf amili tamamilə istisnadır.
Digər tərəfdən, şəhərlərin bombardman edilməsi bizə 44 günlük Vətən müharibəsini xatırladır. O zaman da məğlubiyyətlərinin qaçılmazlığını başa düşən ermənilər Gəncə, Tərtər, Bərdə və başqa şəhərlərimizi raket atəşinə tutur, dinc əhalini hədəfə alırdılar. Əminliklə deyirəm ki, 44 günlük müharibədə bizim, indi isə Ukraynanın şəhərləri eyni mərkəzdən verilən əmrlə vurulur. Amma ermənilər zəfərlə susdurulduğu kimi, Rusiya da Ukraynada alacağı ağır məğlubiyyətlə susdurulacaq”.
A.Zeynalov
www.yenicag.az