Azərbaycan-Türkiyə Evinin və Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının dəvəti ilə məşhur türk aktyoru Cem Uçan Azərbaycanda qonaqdır.
Qeyd edək ki, 41 yaşlı sənətçi “Acayip Hikayeler”, “Osmanlı Kıyam”, “Kurt Kanunu”, “Küçük Kıyamet”, “Hıyanet Sarmalı”, “Sungurlar”, “Kurtlar Vadisi Pusu”, “Filinta”, “Diriliş Ertuğrul” seriallarında rol alıb.
Aktyorun Yenicag.az-a müsahibəsini təqdim edirik.
– Azərbaycana xoş gəldiniz. Deyəsən, ilk səfərinizdir…
– Xoş gününüz olsun. Azərbaycana gəlmək heç mənə qismət olmamışdı. Bu səfər başımızın tacı, könlümüzün sultanı Tənzilə xanımın sayəsində baş tutdu. O, dəvət etdi, biz də dərhal çıxıb Bakıya gəldik.
– Bakı xəyal etdiyiniz kimidir?
– Bakı inanılmaz dərəcədə gözəl bir şəhərdir. Hətta xəyal etdiyimdən də gözəldir. İşimlə bağlı dəfələrlə xarici ölkələrdə olmuşam. Amma Azərbaycanda özümü xaricdəki kimi hiss etmirəm. Bura mənə çox doğmadır, Azərbaycan Türkiyənin bir parçası kimidir.
– Bir aktyor olaraq, Azərbaycan kinosu və aktyorları barədə məlumatınız vardımı?
– Yaxın dostum Osman Albayraq bir müddət Azərbaycanda yaşadı və filmlər çəkdi. Onun sayəsində Azərbaycan film sektoru ilə tanışlığım oldu. Burda olduğum müddətdə də kino sahəsi ilə maraqlandım.
– Təəssüratınız necədir, Azərbaycan filminin hazırkı durumu sizcə qənaətbəxşdirmi?
– Müəyyən çatışmazlıqlar var. Yəqin ki, film sektorunuz yaxın vaxtlarda inkişaf mərhələsinə qədəm qoyub, Türkiyə və digər xarici ölkələrdəki kimi film bazarına daxil olar.
– Çatışmazlıq deyərkən, nəyi nəzərdə tutursunuz?
– Maliyyə və rejissor işi ilə bağlı problemlər var. Yaxşı aktyorlarınız çoxdur.
– Bəlkə adlarını çəkəsiniz?
– Mən aktyor Qurban İsmayılovun çəkildiyi filmləri izləmişəm, həqiqətən də mükəmməl aktyordur. Qurban İsmayıl dünya səviyyəsinə çıxarılası bir aktyordur.
– Türkiyə və Azərbaycanda çox sevilən bir oyunçusunuz. Sevə-sevə izlədiyim “Diriliş Ertuğrul” filmindən erkən ayrıldınız… Aliyar bəy olaraq, ölümünüzü nəzərdə tuturam. Buna təəssüfləndinizmi?
– Aliyar birmövsümlük rol idi. Oynanıldı və bitdi.
– Son 6 ildə ardıcıl olaraq, tarixi filmlərə çəkilirsiniz. Bu öz seçiminizdir, yoxsa rejissorun?
– Son vaxtlar Türkiyədə daha çox tarixi filmlər çəkilir. Eyni zamanda da özümü tərz olaraq bu filmlər üçün daha uyğun bilirəm. Hər il mövsüm bitəndə çoxlu sayda serial üçün ssenarilər oxuyuram. Onların içərisində tarixi rolları özümə daha uyğun və yaxın bilirəm.
– Özünüzü kaprizli aktyor sayırsınızmı? Məsələn, xoşunuza gəlmədiyi halda, hansısa rejissorun təklifindən imtina edirsiz?
– “Tanınmış aktyoram və məndən yoxdur”, deyə başım şöhrətdən heç gicəllənmədi. Mənim üçün yüksək elit təbəqədən olan adamla, küçədə kartof satanın heç bir fərqi yoxdur. Mən yaradılanı Yaradan üçün sevdim.
– Çox xarizmatiksiniz. Xarici görünüş bir aktyor üçün nə qədər vacibdir?
– Çox təşəkkür edirəm. Dünyaca məşhur bir çox aktyorlar o qədər də yaraşıqlı deyil. Məsələn: Al Paçino. Onu sevməyən yoxdur. Demək, nəticə etibarı ilə xarici görünüş rol oynamır. Əsas mükəmməl oyunçu olmaqdır. Əgər oyunçu görünüş baxımından da yaraşıqlıdırsa, daha yaxşı.
– İzləyici sizi nəyə görə sevir?
– Torpağımı, vətənimi sevirəm. Çox dürüst insanam. Yəqin buna görə rəğbətləri var.
– Türkiyədə aktyorlar yüksək qonorar alır. Ümumiyyətlə, pul çoxmu önəmlidir?
– Bilirsizmi hər yeni mövsüm başlayanda mən nə qədər ssenari oxuyuram? Təqdim edilən o ssenarilərdə baş rol üçün təkliflər alıram. Qazandığım pullardan daha artıq məbləğ təklif olunur. Amma hər şey pula ölçülmür.
– Məsələn, hansı rollardan imtina edirsiniz?
– Məsələn, mənə hər həftə 5 milyon dollar verib, bir uşaq qatilini, ailəsini təhqir edən adamı, terroristi, vətənini-millətini satan bir xaini oynada bilməzlər. Mənim həyatımda bunların pulla heç bir əlaqəsi yoxdur.
– Yəni qabaqcadan şərtləriniz olur…
– Bəli. Məsələn, pulla məni heç bir qadınla öpüşdürə bilməzlər. Bunu nəinki Türkiyədə, heç dünyada bunu bacarmazlar.
– Amma deyirlər, peşəkar aktyor hər bir xarakteri canlandırmalıdır…
– Mən o qədər oyunçu ola bilmədim. Bir çox aktyorlar var, qoy onlar oynasın.
– Belə çıxır ki, sizin üçün obrazın mənfi və müsbət olmasının fərqi var?
– Əlbəttə var.
– Özəl həyatınızı gizlin saxlamağı xoşlayırsınız?
– Yox. Nişanlımı, dostlarımı hamı tanıyır. Qaçan-köçən, gizlin həyatım yoxdur.
– Sevgi mesajları da alırsınız yəqin. Sizi oyunçu olaraq sevən pərəstişkarlarınıza münasibətiniz necə olur?
– İnsanlar məni sevə bilərlər. Əxlaq çərçivəsində onlara veriləcək cavablarımız da var, içiləcək qəhvələrimiz də. Amma hər şey əxlaq çərçivəsində… Əxlaq çərçivəsindən kənarda heç kimin bizim yanımızda olmaq şansı yoxdur.
– Hobbinizi də bilmək maraqlı olardı…
– Çoxdur. Məsələn, mən döyüş səhnələrində özüm oynayıram. At çapıram, qolf, tennis oynayıram, ox atmağı bacarıram.
– Azərbaycanda filmə çəkilərsinizmi?
– Bura mənim vətənim kimidir. Tənzilə xanım da mənim ikinci anamdır. O, dəvət etsə, çəkilərəm.
– Fərqli tərziniz var. Maraqlıdır, geyimlərinizdə kiminləsə hesablaşırsınız?
– Yalnız öz zövqümlə geyinirəm.
– Lüks həyat tərzi yaşayırsızmı?
– Öz tərzim var. Gündəlik həyatım o qədər də rəngarəng deyil. Lüks həyatı sevirəm, amma israfçı deyiləm. Həmişə dua edirəm: Allahım, bizə çox ruzi yetir, amma paylaşa bilməyəcəyim pulu vermə. Əgər o pulu əlimizdə sıxıb saxlayacağıqsa, Allah bizə bir lirə də olsun nəsib etməsin.
Cəvahir
Foto: Emin
www.yenicag.az