Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Gizli kardinalın PKK ilə şok anlaşması –  “Taurus” otelində nə baş verdi?

ocalangulen_ic_0Xəbər verdiyimiz kimi, araşdırmaçı yazar Aqil Ələsgərin “Terrorun GÜLƏN üzü” kitabından bəzi hissələri təqdim etməyə davam edirik. Bu dəfə isə sizə Camaat-PKK ittifaqının tarixçəsi barədə bölümü təqdim edirik:

 

Sürətlə dəyişən dünyamızda bir çox şey yenilənir.  Eləcə də imperyalizmin müstəmləkə siyasəti və metodologiyası da dəyişib. Ancaq formaca dəyişsə də, məzmunca dəyişməyən bir şey vardır: Xəyanət.

Osmanlı imperatorluğunu, qurdun ağacı içəridən yediyi kimi yeyən təriqətçi-təkkəçi zehniyyətin, şərqin bu son əzəmətli dövlətini tarixin arxivinə göndərilməsində müstəsna rolu olub. Lakin keçən əsrin 20-ci illərində türk milləti öz istiqlaliyyətini qanı bahasına qazana bildi. Təriqətçi-təkkəçi zehniyyət qərbdəki havadarlarının təşviqi ilə son bir cəhd də etdi. Məqsəd heç də əsrlərlə türklərlə qardaş kimi yaşamış və başda ermənilər olmaqla düşmənə qarşı çiyin-çiyinə vuruşmuş kürdlər üçün Kürd dövləti qurmaq deyildi. Məqsəd qardaşı qardaşa qırdırmaq, Türkiyəni zəif duruma salmaq idi. Türk ordusu böyük itkilər bahasına bu qiyamı yatırdı. Minlərlə şəhidlə birlikdə Türkiyə Mosul və Kərkükü də itirdi bu qiyam nəticəsində. Qiyamçılar da məğlub olsalar da, ingilis dəstəyi ilə yaşadılar və illərlə böyük güc toplamaq üçün hazırlaşdılar. Və «dövr təriqət çağı deyil» deyib, yeni üsullara əl atdılar.

Nə yazıq ki, Atatürkdən sonra hakimiyyətə gələnlərin hamısı onlar üçün “yaşıl işıq” yandırdı. Həqiqi millətçilər və dindarlar zülmə məruz qalarkən, öz ölkəsinin mənfəətlərini xarici dövlətlərə satanlar, Maroviçlərin əllərindən öpənlər qorundu.

terrorungulenyuzuİllərlə dindar qruplar arasında separatçı təbliğat aparanlar daha güclü və hiyləgər lider axtarırdılar. Fətullah Gülən də gənclik illərindən həmin qüvvələrin diqqətini cəlb etmişdi. Fətullah Gülənin rəsmi bioqrafiyasında onun 1938-ci ildə Ərzurumun Pasinlər vilayətinin Korucuk kəndində dünyaya gəldiyi yazılır. Lakin ona yaxın mənbələr əslində 1941-ci ildə anadan olduğunu, Atatürkə nifrəti səbəbindən doğum tarixini dəyişdiyini yazırlar. Atatürkə “Dəccal” adını verən Gülən bununla da özünün “Mehdi” olması rəyini yaratmaq istəyir. Bu onun gənclik dostu Nurəddin Verenin müsahibələrində tez-tez vurğulanan fikirlərdir.

Öz müridləri üçün «övliyaullah», «əsrin mücəddidi», hətta «Mehdi Sahib-əz-Zaman» olan Fətullah Gülənin Türkiyədə tamamını ələ keçirə bilmədiyi bəlkə də yeganə dövlət qurumu Türk ordusudur. 1999-cu ildə baş verən kaset qalmaqalından sonra F. Gülən müalicə almaq bəhanəsi ilə ABŞ-a qaç(ırıl)mışdı. Bu gün o, Pensilvanyia ştatında Filadelfiya civarında özəl bir villada yaşayır. Villa FTB (FBI / FBR) tərəfindən qorunur. Bu villa 1991-ci ildə «Altın Nesil Vakfı»nın adı altnda FTB tərəfindən fətullahçı tələbələr üçün hazırlanmışdı.

  1. Gülən burada jurnalistlərə verdiyi müsahibələrin birində dünyanın müxtəlif yerlərində qurulmuş bu təhsil müəssisələrini ABŞ-ın rəsmi dəstəyi ilə açdıqlarını etiraf etmişdi.

Jurnalist Nəvval Sevindi ilə söhbətində F. Gülən demişdir: “Amerika istəməsə, heç kim dünyanın müxtəlif yerlərində istədiyi işi görə bilməz. İndi bəzi könüllü qurumlar dünyaya inteqrasiya naminə dünyanın müxtəlif yerlərində məktəblər açırlar. ABŞ-la aranızda bir ziddiyət varsa, bunu gerçəkləşdirməniz mümkün deyil. ABŞ, hal hazırkı mövqeyi və gücü ilə bütün dünyaya hökm edir. Bütün dünyadakı mühüm işlər buradan idarə edilir. Amerika dünya gəmisinin kapitanıdır və sükanda o oturub. Hələ uzun müddət dünyanın taleyini ABŞ həll edəcəkdir. Bu bir reallıqdır və hamı bunu qəbul etməlidir. Amerikanı nəzərə almadan dünyanın hansısa yerində hər hansı bir işi görməniz qeyri-mümkündür.”. (Bax: Nəvval Sevindi, Fətullah Gülən ilə Nyu York Söhbətləri, səh. 39, Sabah Nəşriyyatı, İstanbul 1997).

  1. Gülənin ABŞ-ın rəsmi dairələri ilə əlaqəsi, Türkiyənin prezidentinin himayəsini təmin edə biləcək qədər güclü idi. 25 dekabr 1997-ci ildə Fətullah Gülənin başçılıq etdiyi Jurnalistlər və Yazarlar Vəqfi tərəfindən tərtib edilən “Milli bütövləşmə, tolerans və dialoq” adlı konfransda prezident S. Dəmirəl “şükran plaketi” ilə təltif edilmişdi. Halbuki həmin tarixlərdə artıq F. Gülənə və qurumlarına qarşı istintaq başladılmışdı.

ABŞ rəsmi dairələri ilə fətullahçı təşkilatlanmanın sıx işbirliyi içində olduğunu göstərən digər bir fakt da fətullahçıların xarici ölkələrdə, xüsusən də Türkdilli respublikalardakı məktəblərində “ingilis dili müəllimi” adı ilə CIA əməkdaşlarının fəaliyyət göstərməsidir. Bu işbirliyi bir rəsmi iclasda fətullahçı məktəblərin idarəçiləri tərəfindən ifadə edilmişdir. 3 mart 1997-ci ildə Ankaradakı Başkənd Müəllimlər Evində təşkil olunan iclasda başda o vaxtkı təhsil naziri Mehmed Sağlam olmaqla, nazirliyin yüksək çinli məmurları, bundan başqa Nazirlər kabinetinin, Milli İstixbarat Təşkilatının (xüsusi xidmət orqanı), Xarici İşlər Nazirliyinin təmsilçiləri iştirak edirdilər. İclasın əsas mövzusu xaricdəki türk məktəblərinin problemləri idi. İclasda həm də xaricdə məktəb açmış vəqf və şirkətlərin idarəçiləri də iştirak edirdilər. Çıxış üçün söz Özbəkistanda 18 məktəbin sahibi olan fətullahçı Slim AŞ-nin təmsilçisi Mehmed Məsud Ataya verilmişdi. M. Məsud Ata öz çıxışında ABŞ-ın “Dostluq Körpüsü” proqramı çərçivəsində Özbəkistana göndərdiyi 70 ingilis dili müəlliminin onların təhsil müəssisəsində işlədiyini, bu müəllimlərin hamısının diplomatik statusa malik olduqlarını bildirərək, Türkiyə hökumətinin də belə bir addım ataraq türk müəllimlərə diplomatik status verməsini xahiş etmişdi. Həmin “ingilis dili müəllimlərinin” hamısı diplomatik, orjinal adı ilə desək “offiCIAl passport”-a malikdir.

Lakin 16 fevral 1999-cu ildə Özbəkistan prezidenti İslam Kərimova qarşı tərtib edilmiş uğursuz sui-qəsd cəhdi fətullahçıların Özbəkistandakı fəaliyyətinə son qoyulmasına səbəb oldu. İ. Kərimovun maşınının keçəcəyi yola bomba qoyulmuşdu, bomba partlamışdı, amma İ. Kərimov sui-qəsddən sağ qurtulmuşdu. İstintaq tezliklə sui-qəsdçiləri müəyyən etdi. Eyni zamanda istintaq onu da müəyyən etdi ki, sui-qəsd fətullahçılara məxsus “Uluqbəy İnternational School”-da planlaşdırılmış və buradan idarə olunmuşdu. Bu hadisə ilə əlaqədar üç fətullahçı həbs olunmuş, ikisi, yəni Rustam Mamatkulov və Zaynuddin Askarov isə qaçıb İstanbulda gizlənmişdilər. Lakin Özbəkistan hökumətinin tələbi ilə bu iki şəxs təhvil verilmişdi. Bu hadisədən sonra fətullahçıların Özbəkistandakı 18 məktəbi və yüngül yeyinti sənayesi sahəsində fəaliyyət göstərən “Üfüq” adlı şirkətləri bağlanmışdı. Bundan başqa, Özbəkistan Türkiyədə təhsil alan bütün özbək tələbələri geri çağırmışdı.

Hal-hazırda, İraqın Ərbil şəhərində fətullahçı “Fəzalar Təhsil-Tədris” Ticarət Ltd Şirkətinin açdığı üç məktəb fəaliyyət göstərir. Bu məktəblər CIA-nın sifarişi ilə açılmışdır. Belə ki, bütün xərclər CIA-nın nəzarətində fəaliyyət göstərən National Endowment for Democracy (NED-Milli Demokratiya Cəmiyyəti) tərəfindən ödənilmişdir. İraqda ilk fətullahçı məktəb 1994-cü ildə açılmışdır. Burada fəaliyyət göstərən 40 müəllimdən 25-i ABŞ pasportuna malikdir. Məsələ burasındadır ki, bunlar da normal deyil, orjinal adı ilə desək “offiCIAl passport”-ludurlar. İraqda ilk məktəb açılarkən Ərbil şəhəri Tələbaninin lideri olduğu Kürdistan Vətənpərvərlər İttifaqının nəzarətində idi. Lakin bu dövrdə PKK da İraqın şimalında xeyli fəal idi. Fətullahçılar məktəbin sərbəst fəaliyyət göstərə bilməsi və heç bir maneə ilə qarşılaşmamaq üçün PKK ilə razılaşmağa çalışmışdılar. Ərbildəki İşıq Kollecini təmsil edən şəxslərlə PKK-nın təmsilçisi Ərbildəki “Taurus” otelində görüşərək şifahi şəkildə razılaşmışdılar. Fətullahçılar heç bir şəkildə Türkiyə xüsusi xidmət orqanları əməkdaşlarının məktəbdə fəaliyyət göstərməsinə yol verməyəcəklərinə, PKK da öz növbəsində onların fəaliyyətinə maneçilik törətməyəcəyinə söz vermişdi. Bu razılaşmanın mükafatı olaraq fətullahçılar PKK təmsilçisinə 150 min ABŞ dolları ödəmişdilər. Həmin 150 min dollar neçə-neçə türk məhmətciyinin şəhid olmasına səbəb oldu… (May, 2007)

 

 

 

www.yenicag.az

457