"Televiziyalar bərbad gündədir, aparıcılar dilimizi zəhərləyir" - Sayalı Sadıqova

media-hightechnic-468x90

“Bilirsiniz, ilk növbədə, dil insanları, əhalini birləşdirir. Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir təbii ki, bayraq, gerb və himnlə birlikdə. Xalqımızın taleyini hamımız yaxşı bilirik, ağır taledir. Əsrlər boyu müstəqillik eşqi ilə yaşamış, əsrlər boyu müstəmləkəçilik şəraitində qalmış xalqıq”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son çıxışında bu fikirləri açıq və aydın şəkildə xalqa çatdırıb.

Bəs hazırda dilimizlə bağlı narahatlıq nədən qaynaqlanır? Efirlərdə və cəmiyyət arasındakı ünsiyyətdə Azərbaycan dilinin normalarına riayət olunurmu?

Bu sualların cavabını dilçi alim Sayalı Sadıqova Yenicag.az-a geniş şəkildə izah edib:

“Dil xalqın genetik qan yaddaşıdır. Xalqın milli varlığıdır, onu yaşadan əsas amildir. Ona görə də Azərbaycanda Azərbaycan dili dövlətçiliyin əsas atributlarından biridir. Cənab Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində dillə bağlı narahatlığını geniş şəkildə ifadə etdi. Eləcə də dünənki müsahibəsində dilin mühüm varlıq olması, dövlətçiliyin əsas atributları ilə yanaşı durması bir daha əsaslandırıldı. Bu baxımdan dilin qorunması məsələsi müasir dövrdə ön plana çəkildi. Bu narahatlıqların aradan qaldırılması üçün xüsusilə dilimizə daxil olan yad kəlmələrdən uzaqlaşmaq və dilin daha çox əzəli sözlərindən istifadə etmək bir vəzifə kimi qarşıya qoyuldu. Əlbəttə, Azərbaycan dili zəngin dildir, çox qədim tarixi vardır. Dilimizin zəngin lüğət tərkibi var və hər bir kəs öz çıxışında bu zənginlikdən, bu mənəviyyatdan geniş şəkildə bəhrələnməlidir”.

S. Sadıqova qeyd edib ki, Azərbaycan dilinin normalarının pozulması halları ən çox televiziya aparıcıları və onların qonaqlarının nitqində müşahidə edilir:

“Təəssüflə qeyd etmək istəyirik ki, hazırda bir çox yerlərdə, xüsusilə də televiziyada və gündəlik məişət danışığında dilin bu zənginliklərindən istifadə olunmur, daha çox alınma və dilimizə yad olan kəlmələrə yer verilir. Azərbaycan dilində bu alınmaların hər birinin qarşılığı mövcuddur. Çox təəssüf ki, bunlar nəzərə alınmır; müxtəlif şəxslər, xüsusilə də televiziyada iştirak edən qonaqlar, eləcə də aparıcılar alınma sözlərə, yad kəlmələrə daha çox üstünlük verirlər. Əlbəttə, bunlar narahatlıq doğuran səbəblərdir və aradan qaldırılmalıdır. Dilin zənginlikləri öyrənilməli, hər kəs öz nitqində Azərbaycan dilinin geniş imkanlarından istifadə edərək dilin saflığını qorumalıdır. Şifahi danışıqda daha çox yer tapan lüzumsuz alınma kəlmələr nitqdən təmizlənməlidir”.

Alim bildirib ki, Azərbaycan dilinin normaları həm cəmiyyət daxilində, həm də sosial şəbəkələrdə pozulur və bunun qarşısı mütləq alınmalıdır:

“Hazırda Azərbaycan dilinin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq büruzə verir. İnformasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsal kommunikasiya mühitinin genişlənməsi, xüsusilə internet və sosial şəbəkələr insanların gündəlik ünsiyyətini köklü şəkildə dəyişmiş, yazı və nitq formalarına yeni meyllər gətirmişdir. Sosial şəbəkələrdə hazırda daha çox ingilis dilindən gələn təsirlər və hibrid yazı modelləri meydana çıxır. Sosial şəbəkə dilinin ən səciyyəvi xüsusiyyətlərindən biri olan ixtisarlar, hədsiz sadələşmə və səs qənaəti kimi proseslər ədəbi dilin normalarına mənfi təsir edir. Ədəbi dilin qorunması və normalarına riayət edilməsi müasir dövrümüzdə hər kəsin qarşısında duran əsas vəzifələrdən biridir. Ədəbi dil sosial dilin formalarını süzgəcdən keçirərək normalara uyğun şəkildə qəbul etməli və inkişafda özünəməxsus yerini tutmalıdır. Ona görə də bütün sosial şəbəkələrdə, mətbuatda ədəbi dil normaları gözlənilməli, dilin saflığı təmin edilməlidir”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa